Məhkəmə qərarları › İş №2(103)-1672/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1672/2021

29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1672/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “İddiaçı“ İstehsalat Birliyinin Cavabdeh qarşı “təbii qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzinin ödənilməsi və təbii qazdan istifadəyə görə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı“ İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində iki tələb irəli sürülüb: 1) qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzi kimi 2.772,1 manat ödənilməsi; 2) qazdan istifadəyə görə borc kimi 2.082,68 manat ödənilməsi. İki tələbin cəmi məbləği 4.854,78 manat təşkil edir. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, qazdan sayğacdankənar istifadə ilə bağlı zərərin əvəzi kimi 853,20 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 5,24 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə hesab edir ki, 2-ci tələbə, yəni qazdan istifadəyə görə borcun ödənilməsi barədə tələbə aid hissədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və həmin tələbə aid hissədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsinin məzmununda iddiaçının öz tələbini əsaslandırdığı hallar göstərilməlidir. Hazırkı iddia ərizəsində 2-ci tələb bir cümlə belə təsvir olunub: “... cavabdehin 2020-ci il üçün sayğac üzrə 516 manat, əvvəlki illərdən isə 1.566,68 manat borcu qalmışdır”. Bu məbləğlərin cəmi 2.082,68 manat təşkil edir. İddia ərizəsində bu tələblə bağlı başqa hər hansı məlumat qeyd olunmayıb. Göründüyü kimi, tələbin əsaslandığı hallar iddia ərizəsində göstərilməyib, borcun dəqiq dövrü, onun aylar üzrə məbləği, hər ay üzrə sayağacın göstəriciləri və digər zəruri məlumatla iddia ərizəsində qeyd olunmayıb. Bu isə cavabdehi həmin tələbə dair öz etirazını bildirmək, məhkəməni isə tələbi həll etmək imkanından məhrum edir. Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. 2-ci tələbə münasibətdə iddia ərizəsi 149-cu maddənin tələbinə əməl edilmədən verilib. Həmin nöqsan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər aradan qaldırıla bilərdi, artıq qətnamə qəbul edilib. Hazırkı iş üzrə apelyasiya qaydasında qəbul olunmuş xx.xx.2021-ci il tarixli qətnamə ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi 1-ci tələbə, yəni qazdan sayğacdankənar istifadəyə görə zərərin əvəzinin ödənilməsi barədə tələbə aid hissədə ləğv edilib və həmin tələbin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunub. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 391-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi “sayğac üzrə 2020-ci il üçün 516 manat borcun və əvvəlki illər üzrə 1.566,66 manat borcun ödənilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin tələbə aid hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar