Məhkəmə qərarları › İş №2(103)-1672/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1672/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1672/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)- 3802/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə ******* rubl və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul məbləğinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin həcmini azaldaraq, məhkəmə baxışı gedən dövrdə cavabdeh tərəfindən ona 300000 rubl məbləğində pul ödənildiyini bildirərək cavabdehdən ******* rubl və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayında Cavabdeh ondan 12236440 rubl dəyərində müxtəlif adda mallar (paltar, ayaqqabı və.s) götürmüş və vəd etmişdir ki, həmin malların pulunu 5 ay ərzində hissə-hissə ödəyəcəkdir. Cavabdeh borcunun bir qismini hissə-hissə ödəmiş, qalan borcu ödəməkdən yayınmışdır. Sonuncu dəfə 2020-ci ilin fevral ayında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra Cavabdeh borcundan 50000 manat ödəmiş, bundan sonra cavabdehin ******* rubl borcu qalmış, daha sonra məhkəmə baxışı gedən dövrdə 300000 rubl ödəmişdir. Hal-hazırda cavabdehin iddiaçıya ******* Rusiya rublu məbləğində borcu qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)- 3802/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən ******* rubl məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla manatla tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında Rusiya Federasiyasında kommersiya münasibətləri olmuş, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif adda ayaqqabı və geyim malları almış, malların bir hissəsi qüsurlu olduğuna görə onları qaytarmaq istəyəndə iddiaçı malları qəbul etməmişdir. Malların qüsurlu olması səbəbindən cavabdeh onların pulunu ödəməmişdir. Tərəflərin arasında alqı-satqı müqaviləsinin olması, həmin müqavilənin dəyərinin 200000 dollar olması, müqavilənin 2017-ci ildə bağlanması ilə bağlı mülki işin materiallarında heç bir sübut olmamış, məhkəmə yalnız iddiaçının sözlərinə istinad etmişdir. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində heç bir araşdırma aparılmamış, Cavabdeh orada qanunsuz saxlanılmaqla həmin izahat ona məcburi şəkildə yazdırılmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh sonuncu dəfə 16 iyun 2021-ci ildə 150000 rubl, 22 iyun 2021-ci il tarixdə 65000 rubl, 24 iyun 2021-ci il tarixdə 45000 rubl, 28 iyun 2021-ci il tarixdə 40000 rubl olmaqla, ümumilikdə 300000 rubl ödəniş etmişdir. Ödənişlərin mövcudluğu iş materiallarına maddi sübut kimi əlavə edilən yaddaş kartında olan qəbzlərlə təsdiq olunur. Bununla bağlı bildirmək istəyir ki, məhkəmə prosesi zamanı hər hansı bir yaddaş kartı tədqiq olunmamış, qəbzlərin olmasından onların xəbəri olmamış, ümumiyyətlə həmin qəbzlərin kim tərəfindən tərtib edilməsi, ödənişlərin kim tərəfindən edilməsi araşdırılmamış, məhkəmə isə bütün bunların heç birini nəzərə almamışdır. Ümumiyyətlə səs yazısı ilə bağlı məsələlər araşdırılmamış, səslərin kimə məxsus olması isə müəyyən edilməmişdir. Kommersiya mübahisəsi Rusiya Federasiyasının ərazisində baş verdiyi halda, məhkəmə mübahisəyə Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyini tətbiq etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə məhkəmə iclasında tədqiq olunmamış yaddaş kartına istinad etmişdir. Məhkəmə sonuncu iclasda cavabdeh tərəfin iştirakını təmin etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qətnamədə tərəflər arasında alqı-satqı müqaviləsinin baş verməsi, müqavilənin dəyəri, bağlandığı müddət və yaranmış borcun məbləği ilə bağlı yanlış qənaətə gəlmiş, heç bir mötəbər sübutlara əsaslanmamış, kim tərəfindən göndərilməsi məlum olmayan qəbzlərə istinad etmiş, məhkəmə prosesində tədqiq olunmayan yaddaş kartına istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında malların nisyə alqı-satqısına dair şifahi razılaşma olmuş, cavabdeh iddiaçıdan müxtəlif adda ayaqqabı və geyim əşyaları almışdır. İddiaçı iddia ərizəsində 2016-cı ilin oktyabr ayında cavabdehin ondan 12236440 rubl dəyərində mal götürdüyünü, malların bir hissəsinin pulunu ödəsə də, qalan pulu ödəməkdən yayınmasını, 2020-ci ilin fevral ayında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra 50000 manat ödədiyini, ******* rubl məbləğində borclu qaldığını, məhkəmə baxışı gedən dövrdə 300000 rubl da ödədiyini və hal-hazırda cavabdehin ona ******* rubl məbləğində borcunun qaldığını göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən 31 avqust 2021-ci il tarixli məhkəmə iclasında isə İddiaçı cavabdehin ondan 2016-cı ilin noyabr ayında şifahi razılaşma əsasında 12300000 rubl dəyərində mal (paltar, ayaqqabı və s.) götürdüyünü, aralarında olan şifahi razılaşmaya əsasən malların dəyərinin 5 ay ərzində ödənilməli olduğunu, cavabdehin ******* rubl dəyərində malı geri qaytardığını, 2018-ci ildə ******* rubl məbləğində, bundan sonra ayrı-ayrı vaxtlarda 210000 rubl, 50000 rubl, 500000 rubl, 500000 rubl, 500000 rubl, 230000 rubl, ******* rubl və sonuncu dəfə 300000 rubl məbləğində ödəniş etdiyini, qalan borcunu ödəməkdən yayındığını göstərmişdir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut kimi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində aparılmış araşdırma zamanı alınmış tərəflərin izahatlarının surətini, whatsapp mesenceri vasitəsilə aparılmış yazışmaların surətini, üzərində müxtəlif malların adı və rəqəmlər yazılmış kağızları və 1 ədəd yaddaş kartını məhkəməyə təqdim etmişdir. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində aparılmış araşdırma zamanı alınmış tərəflərin izahatlarından görünür ki, İddiaçı Cavabdeh ona aralarında yaranmış kommersiya münasibətləri nəticəsində 76000 ABŞ dolları məbləğində borclu olmasını göstərmiş, Cavabdeh isə izahatında İddiaçı 70000 ABŞ dolları məbləğində borclu qalmasını bildirmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətindən görünür ki, cavabdeh Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanılmaqla həmin izahatı yazmağa məcbur edilmişdir. İş materiallarından da görünür ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin belə məzmunlu şikayət üzrə araşdırma aparmaq səlahiyyəti olmamış, son nəticədə prosessual qərar qəbul olunmayaraq iddiaçıya mübahisənin mülki xarakterli olmaqla məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, alınma tarixi və kim tərəfindən alınması göstərilməyən həmin izahatların hansı tarixdə, kim tərəfindən alınması müəyyən olunmadığından və səlahiyyəti olmayan orqan tərəfindən alınaraq müvafiq prosessual qərar qəbul olunmadığından, həmin izahatlar sübut kimi qəbul oluna bilməz. Whatsapp mesenceri vasitəsilə aparılmış yazışmaların və üzərində müxtəlif malların adı və rəqəmlər yazılmış kağızların kserosurəti ilə bağlı kollegiya qeyd edir ki, bu yazışmalardan və üzərində müxtəlif yazılar olan kağızlardan cavabdehin iddiaçıya konkret nə qədər borclu olması barədə nəticəyə gəlmək mümkün deyildir və həmin yazışmaların mötəbərliyini yoxlamaq mümkün olmamışdır. Çünki Whatsapp mesenceri vasitəsilə aparılmış yazışmalarda “Vüsal” adlı şəxsə müraciət edən şəxsin yazdıqları qeyd olunmuş, həmin yazışmalarda isə qarşı tərəfin mesaj göndərən şəxsdən borcunu qaytarması tələb olunur. İddiaçı tərəfin izahatından da görünür ki, cavabdeh iddiaçıdan malları nisyə götürmüş, borcunun bir qismini hissə-hissə qaytarmışdır. Cavabdeh tərəfindən borcların bir hissəsinin qaytarılmasının cavabdehə göndərilən mesajlardan sonrakı dövrə düşüb-düşməməsi müəyyən olunmur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 ədəd yaddaş kartında olan səs yazıları mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla apellyasiya icraatı zamanı işə baxılarkən tədqiq olunmuşdur. Həmin səs yazılarında bir tərəfin Vüsal adlı digər tərəfdən borcunu istəməsi barədə səsli mesajlar göndərməsi, Vüsal adlı şəxsin isə borcunu qaytarmağa çalışması barədə mesajlar qeyd olunmuşdur. Səsli mesajlarda borcun konkret məbləği göstərilməmişdir. Qeyd olunan səs yazıları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında uzun müddət kommersiya münasibətləri olduğundan və bu dövrdə iddiaçının özünün də etiraf etdiyi kimi, cavabdeh iddiaçıya borcunu hissə-hissə qaytardığından, səsli mesaj göndərildikdən sonra cavabdehin iddiaçıya olan borcunu qaytarıbqaytarmamasını və hal-hazırda borcunun qalmasını müəyyən etmək mümkün olmamışdır. Borcun məbləği barədə də iddiaçı tərəf məhkəməyə ziddiyyətli məlumatlar vermişdir. İddiaçının 31 avqust 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahata əsasən, cavabdehin iddiaçıya hal-hazırda 12300***-*******-2228000-210000-50000- 500000-500000-500000-230***-*******-300000=2862000 rubl məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh ona ******* rubl məbləğində maddi ziyan vurmasını sübut edə bilməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Tərəflər arasında mübahisənin kommersiya xarakterli olması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Rusiya Federasiyasında fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydə alınması barədə iş materiallarında sənəd olsa da, iddiaçı tərəfin fərdi sahibkar statusunu təsdiq edən sənəd olmadığına görə Azərbaycan Respublikasının Ali Məhkəməsi hazırkı iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadla mülki işin ümumi məhkəmədə baxılmalı olması qərarına gəlmişdir. Tərəflər arasında kommersiya münasibətləri Rusiya Federasiyasında yarandığına görə mübahisəyə mülki və mülki prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olmaqla burada onun daimi pasport qeydiyyatı olduğundan, mülki işə düzgün olaraq Azərbaycan Respublikasında baxılmış, MPM-in 3.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin, Mülki Məcəllənin 8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normaları tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)- 3802/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar