Məhkəmə qərarları › İş №2(103)-1673/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1673/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1673/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Zəhra və xx.xx.2016-cı il təvəllüdlü Səmra adlı övladları anadan olmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 1045/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 mart 2019-cı il tarixli, 2(007)- 477/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, uşaqların hər ay hər biri üçün 160 (bir yüz altmış) manat olmaqla ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub, X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixindən etibarən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 üçün təyin edilmiş 160 manat aliment miqdarı artırılaraq hər uşağa hər ay 220 manata çatdırılması, uşaqlar yetkinlik yaşına çatana qədər hər uşağa hər ay 220 manat olmaqla, cəmi 440 manat alimentin təyin edilməsi, göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün cəmi 90 (doxsan) manat-10 manat hüquq məsləhət + 20 manat mediasiya təklifinin elektron formada göndərilməsi + vəkil sorğusu üçün 20 manat + 40 manat iddia ərizəsinin tərtibi üçün və 56 manat isə 8 saylı Mediasiya şurasına mediasiya arayışına görə pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2263/23 saylı iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) iddia qismən təmin edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment, mediasiya xərci 56 manat, hüquqi xidmət üçün 90 manat məbləğində pulun tutulub, İddiaçı ödənilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqe, uşaqların mənafeyi, işin faktiki halları nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76.2, 78.1, 112-ci maddələrinə və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

2. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

3. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının işləməsini və stabil gəlirə malik olmasını müəyyən etdiyi halda maddi vəziyyətinin yaxşılaşıb və ya yaxşılaşmamasını araşdırmamışdır. Halbuki maddi vəziyyəti yaxşılaşmamışdır. Məhkəmə iddianı qismən təmin edərək alimentin miqdarının 170 manatdan 200 manata qaldırılması barədə formal nəticəyə gəlsə də işsiz olduğunu və stabil gəlirə malik olmadığını bilə-bilə artımın maddi vəziyyətinə mənfi təsir edəcəyini və iddiaçının da bir valideyn kimi uşağı saxlamaq vəzifəsinin olmasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

6. İddiaçı isə izahatında apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

7. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

8. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

9. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

10. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

11. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

12. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 160 manatdan 220 manata artırmışdır.

17. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar alimentin miqdarının artırılmasını istisna etmir. Çünki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan valideynin maddi vəziyyətinin aşağı olması onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşağın minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşağın saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir.

18. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar