Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1674/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması və əlavə xərc) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2821/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan AZ-İİ seriyalı 826100 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Orucova Məryəm Səbuhi qızı xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Orucova Günay Həsən qızıdır.
2. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 5437/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh Orucova Günay Həsən qızının xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, 23 dekabr 2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə Orucova (Həsənova) Günay Həsən qızı arasında 04 mart 2011-ci il tarixdə Sumqayıt nikah evində bağlanmış 111 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 23 dekabr 2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının anası Orucova Günay Həsən qızının himayəsində qalması qət edilmişdir.
3. İş materiallarında olan AZ-İ seriyalı 282903 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və Orucova Günay Həsən qızı ilə olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 aprel 2017- ci il tarixdə 122 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra kişiyə “Orucov”, qadına “Həsənova” soyadı verilmişdir.
4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 52/21 saylı arayışının surətindən görünür ki, Orucova Məryəm Səbuhi qızı xx.xx.2021-xx.xx.2021-ci il tarixinədək "xxxx" Onurğa Tibb mərkəzində Skolioz İİİ dərəcə diaqnozu ilə kompleks müalicə almışdır. İ Kurs müalicə üçün 500 manat, İİ kusrun 6 seansı üçün isə 250 ödəniş etmişdir.
5. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 235/23 saylı arayışının surətindən görünür ki, Orucova Məryəm Səbuhi qızı xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək "xxxx" Onurğa Tibb mərkəzində sağ aşağı ətrafda mülayim coxa valga, Skolioz İV dərəcə diaqnozu ilə kompleks müalicə almışdır. Kurs müalicə üçün ödənilən məbləğ 550 manatdır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tətqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Orucova Məryəm Səbuhi qızına qoyulan diaqnoz: Skalioz İV dərəcə, kürək əzələlərinin atrofiyası, hərəkət funksiyasının pozulması, fəqərələrin inkişafı qüsurludur, spina bifidadır.
7. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı "Azərbaycan Turizm Bürosu" Publik Hüquqi Şəxsində mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2077.02 manat təşkil edir. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 500 manat təşkil edir.
8. AZ-İİ seriyalı 487833 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Rəsulova Məleykə Vadim qızı 12 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 69 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadı verilmişdir.
9. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 424 saylı arayışının surətindən görünür ki, Orucova Məleykə Vadim qızı xx.xx.2023-cü il tarixində "xxxx" MMC klinikasının Qadın Məsləhətxanası şöbəsində qeydiyyat düşmüşdür. Hal-hazırda 33-34 həftəlik hamilədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olub, onunla birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Məryəm adlı qızları vardır. Cavabdehlə aralarında olan nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-5437/2016 saylı qətnaməsilə pozulub və xx.xx.2011-ci il təvəllüdlü qızı Məryəm onun yanında qalıb, onun saxlanılması üçün cavabdehdən uşaq yetkinlik yaşına çatanadək hər ay üçün 130 manat sabit pul məbləğində aliment tutulması qət edilib. Hal-hazıradək həmin məbləğdə aliment cavabdeh tərəfindən ödənilir. Aradan keçən 7 il müddətində bundan başqa Məryəmin maddi tələbatının ödənilməsi üçün cavabdeh əlavə olaraq heç bir maddi yardım göstərməyib. Hazırda Məryəmin həm maddi tələbatını, həm də müalicə və müayinə xərclərini ödəmək onun üçün maddi çətinliklər yaradır. Eləcə də, Məryəmin psixoloji cəhətdən sağlamlığını qorumaq üçün onunla xüsusi məşğul olur, əyləncə mərkəzlərində, səyahətlərdə istirahət etməsini təşkil edir. Ona görə də, belə hesab edir ki, məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılmalı, eyni zamanda da cavabdehdən onun xeyrinə Məryəmin müalicə və müayinə olunması üçün əlavə olaraq pul tutulmalıdır. Belə ki, son 7 il müddətində qiymətlər həm qida məhsullarında, həm geyim əşyalarında, həm də təhsil xərclərində (dərs ləvazimatları, kitab-dəftər, çanta və sair) dəfələrlə artım olub. Eyni zamanda da Məryəmin sağlamlığında (çanaq və onurğa sütununda) uşaqlıqdan ciddi problemlər vardır. Diaqnozu belədir: S şəkilli, 4-cü dərəcəli ağır skolioz, yuxarı hissəsi 67 dərəcə, aşağı hissəsi isə 48 dərəcədir (Travmatologiya İnstitutu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayış əlavə olunur). Ayaq və çanaq hissələrdə fərqlər var, əlavə olaraq ona “Spina bifida”, “Çoxa valqa” diaqnozu da qoyulub. Hər il Məryəm dəfələrlə kompleks müayinələrdən keçir, kompleks-fizioterapevtik müalicə kursu alır. Hər müalicə kursu üçün 1500-2000 manatdan (massaj, maqnit terapiyası, ultrasəs, ampli impuls, traksiya, anamator, müalicəvi idman, dərmanlar, rentgen, nəqliyyat (taksi) xərcləri və s.) artıq pul tələb olunur. Onun müalicə və müayinələrinə hər il təxminən 20-25 min manat miqdarda pul tələb olunur. Hazırda həkim tövsiyyəsinə görə onurğa sütununun müalicəsi üçün “şeno korset” düzəldilməlidir (“Asmed Klinikası”nda), onun da qiyməti təxminən 1500-2000 manatdır. Həkimlərin deməsinə görə Məryəmin normal hərəkət etməsi üçün onurğa sütununda əməliyyat aparılmalıdır. Həmin əməliyyatın qiyməti Azərbaycanda 12- 15 min manat (cərrah Kamil Eyvazov), Türkiyədə isə 30-50 min manat civarındadır. Əməliyyat aparılanadək Məryəm müntəzəm olaraq (hər ay) intensiv müalicə almalıdır. Bu xərclərin bir hissəsini valideyn olaraq cavabdeh qarşılamalıdır. Məryəmin sağlamlığında uşaqlıqdan problemlərin olmasını cavabdeh uşaq anadan olandan bilirdi. Hətta boşandıqları vaxtlarda, habelə bir neçə il bundan əvvəl də cavabdeh bu barədə məlumatlı idi və söz verib ki, müalicə xərclərini qarşılayacaqdır. Lakin bu müddətdə heç bir köməklik etməyib, xərclərini qarşılamayıb. Məhkəmədə iddia qaldırmamışdan əvvəl qanunvericiliyə uyğun olaraq həm alimentin miqdarının artırılması, həm də əlavə xərclərin ödənilməsi ilə əlaqədar cavabdehə göndərdiyi mediasiya təklifinə heç bir cavab verilməyib. Bundan sonra Bakı 11 saylı Mediasiya Təşkilatına mediasiya sessiyası keçirilməsi barədə ərizə ilə müraciət etməyib. Cavabdeh ilkin mediasiya sessiyasına da gəlməyib. Bu barədə Bakı 11 saylı Mediasiya Təşkilatından MŞB/11/2023-01536 saylı, xx.xx.2023-cü il tarixli Arayış verilib. İlkin Mediasiya sessiyası keçirilməsi üçün 11 saylı Mediasiya Təşkilatına 50 manat, hüquqlarının məhkəmədə müdafiəsi üçün isə vəkilə görə 150 manat pul ödəyib. Ona görə də, hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının saxlanılması üçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək artırılmalı və hər ay üçün 550 manat müəyyən edilməlidir. Eyni zamanda da Məryəmin müalicə və müayinə xərclərinə görə də Cavabdeh onun xeyrinə hər ay üçün 550 manat məbləğində pul tutulmalıdır. Əlavə olaraq Bakı 11 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat və vəkil üçün ödədiyi 150 manat da cavabdehdən onun xeyrinə alınmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının saxlanılması üçün məhkəmənin müəyyən etdiyi sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək artırılması və ondan uşaq yetkinlik yaşına çatanadək hər ay üçün 550 (beş yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh onu xeyrinə xx.xx.2011ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının müalicə və müayinə olunması üçün hər ay üçün 550 (beş yüz əlli) manat məbləğində pul tutulması, Cavabdeh onun xeyrinə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumunun və vəkil üçün ödədiyi 150 (yüz əlli) manat, cəmi 200 (iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2821/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə, iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-5437/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh İddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş Orucova Məryəm Səbuhi qızına çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulması, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 150 manat məbləğində pulun əvəzinin Cavabdeh tutulub, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 81.2, 81.3, 112.1-ci maddələrinə, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27.2-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 112.1.3, 115.0.6, 124.1, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
14. Qətnamədən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, müvafiq olaraq iddia tələbinin tam təmin olunması və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə guya cavabdehin aylıq əmək haqqının 500 manat olmasını əsas gətirərək iddia tələbini qismən təmin etmişdir, yəni aliment hissəsində (2023-cü il üçün yaşayış minimumuna uyğun) hər ay 220 manat, əlavə xərclər üçün isə hər ay cəmi 50 manat təmin etmişdir. Məryəmin müalicəsi üçün müəyyən edilən həmin əlavə xərcin 1 illik (600 manat) məbləği, onun 1 aylıq müalicə kursunu qarşılamır. Ona görə də məhkəmənin adı çəkilən qətnaməsi qismən qanunsuz və əsassız, habelə ədalətsizdir. Cavabdehin biznes fəaliyyəti ilə məşğul olması barədə, yəni avtomaşınların alqı-satqısı ilə məşğul olması və kifayət qədər qazancı olması barədə sosial şəbəkələrdə paylaşdığı elanları məhkəməyə təqdim edilsə də, həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə (cavabdehin 500 manat əmək haqqı alması) əgər cavabdehin rəsmi qaydada heç bir yerdə işləməsə idi, onda aliment ödəməkdən azad olmalı idi?! Bundan başqa Məryəmin müalicə və müayinəsi ilə əlaqədar olaraq məhkəməyə təqdim edilən qəbzlərdən (ödəniş qəbzlərinin çox hissəsi əldə edilə bilməyib) də göründüyü kimi, onun müalicə və müayinəsi üçün hər il xeyli məbləğdə pul xərclənir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-2821/2023saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinin qismən (iddia tələbinin təmin edilməməsi hissəsində) ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əmək haqqı 500 manatdır, o, ikinci dəfə ailə həyatı qurub və arvadı hamilədir. Yəni cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı bir dəyişiklik olmayıb, əksinə maddi vəziyyəti daha da ağırlaşıbdır. Belə olan halda alimentin artırılması Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə ziddir. Qanunun tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur. İşdən görünür ki, iddiaçının rəsmi iş yeri var və aylıq əmək haqqı 2077.02 manat təşkil edir. Uşağa qeyd olunan xəstəliklə diaqnoz qoyulması və müxtəlif vaxtlarda ödənişlər ödənilməsi hər ay cavabdehdən sabit pul məbləğində 50 manat pul tutulmasına əsas vermir. Məhkəmə valideynləri faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. İddiaçı gələcəkdə çəkilməsi zəruri olan xərclərlə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Lakin nədənsə məhkəmə cavabdehdən 50 manat məbləğində pul tutmuşdur. Odur ki, həmin hissədə də qətnamə ləğv olunmalı və həmin hissədə də iddia tələbi rədd olunmalıdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
18. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
19. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
20. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
21. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar.
22. 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. 76.2. valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər
24. 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
25. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
26. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
27. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
28. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Konvensiyanın
29. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün.
30. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun
31. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
32. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
33. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
34. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
35. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.
36. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
37. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
38. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
46. Hazırki halda qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2821/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən xx.xx.2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızı doğulmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5437/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh Orucova Günay Həsən qızının xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, 23 dekabr 2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana xx.xx.2011-ci il təvəllüdlü Orucova Məryəm Səbuhi qızının saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş etmişdir.
49. Məhkəmə kollegiyası tutulan alimentin məbləğinə münasibətdə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir.
50. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğu qeyd edilsə də bu təminatın bütünlüklə bir valideyndən alınmalı olması barədə qanunvercilikdə imperativ norma müəyyən edilməmişdir. Qeyd edilən Plenum Qərarında vurğulanmışdır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
51. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2016-cı ildə hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra təxminən 7 il keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2016-cı ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir.
52. Nəzərə alınmalıdır ki, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
53. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
54. Eyni zamanda qeyd edilməlidir ki, uşaqların valideynlərdən birinin himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin maddi imkanın pis olması səbəbi isə onun övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, hər iki valideyn uşaqlarını saxlamağa borcludurlar və cavabdehdən tutulması müəyyən olunan hər ay uşaq üçün 220 manat pul məbləği 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu əhatə etsə də həmin məbləğ heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə kollegiyası, apellyasiya şikayətinin əsasını təşkil edən halları nəzərə alınmaqla cavabdehin öz uşağının tələbatlarının qarşılanmasında iştirak etməsindən azad olunmasını uşağın üstün mənafelərinə uyğun hesab etmir.
55. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş internet saytından alğı-satqıya dair çıxarışlar cavabdehin qazancı (gəliri) barədə müfəssəl fikir yaratmır və iddia tələbində, habelə apellyasiya şikayətində qeyd olunan cavabdehin maddi vəziyyətinə dair hallar hər hansı mötəbər sübutlarla öz təsdiqini tapmır.
56. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması halları alimentin miqdarının azaldılması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşaq qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
58. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2821/2023 nömrəli iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.