Məhkəmə qərarları › İş №2(103)-1676/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1676/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1676/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-80/20 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Allahverdiyeva (Hacıyeva) Aidə Tofiq qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-80/20) iddia qismən təmin edilərək cavabdehlər Allahverdiyeva (Hacıyeva) Aidə Tofiq qızı, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada 4717,79 (dörd min yeddi yüz on yeddi manat yetmiş doqquz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun 10,91 (on manat doxsan bir qəpik) manat hissəsinin tutularaq iddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Allahverdiyeva (Hacıyeva) Aidə Tofiq qızı arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 5200 manat məbləğində, 36 ay müddətinə illik 29 % şərtilə kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və ləğv prosesində olan İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdehlərdən birgə qaydada 4725,82 manat əsas, 3571,73 mnat faiz, 4054,02 manat dəbbə pulu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 617.10 manat borc, cəmi 12968,67 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti qətnamənin müqavilə müddətinə hesablanmış faiz, müqavilə bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla hesablanan borc və cərimə borcu tələbinin rədd edilməsi hissəsində qanunsuz və əsassız olması ilə əsaslandırılmışdır. Apelyator qeyd etmişdir ki, hazırkı mülki iş üzrə Fərmanın icrası ilə əlaqədar cavabdehə bildiriş göndərilsə də, cavabdeh tərəfindən Banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixədək müraciət etmədiyi üçün məhkəmədə iddia qaldırmışlar. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində iddiaçı qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, borcalan Cavabdeh1 ilə borcverən “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1766/15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 29% ödəmək şərtilə 5200 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 1766/15 saylı zaminlik müqaviləsinə əsasən borcalan ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin və cərimə pulunun ödənilməsi üçün məsuliyyət daşıdıqlarını qəbul etmişlər. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyini əsas gətirərək məhkəmədə cavabdehlərə qarşı hazırkı iş üzrə iddianı qaldırmışdır. Onun tələbi cavabdehlərdən müştərək qaydada 4725,82 manat əsas, 3571,73 mnat faiz, 4054,02 manat dəbbə pulu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 617.10 manat borc, cəmi 12968,67 manat kredit borcunun tutulması barədədir. İddiaçı işə baxan məhkəməyə həmin borc məbləğinə dair maliyyə arayışı təqdim etmişdir. Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və xx xxxxx 2019-cu il tarixli, 29595 nömrəli ekspert rəyinə əsasən müəyyən etmişdir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 4717,79 manat təşkil edir. Ekspert rəyində cavabdehin faiz borcu üzrə 3572,42 manat, cərimə borcu üzrə 118,12 manat borcu olduğu qeyd edilsə də, birinci instansiya məhkəməsi cavabdehlərdən məhkəmə qaydasında əlavə olaraq müqavilə üzrə faiz borcunun, cərimə borcunun və gecikdirilmiş vaxt üçün illik 5% borcun tələb edilməsini Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələbinə və ruhuna zidd saymışdır. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1, 470.1, 472, 739-cu maddələrinə istinad etmiş və məhkəmə baxışının predmeti olan kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünü nəzərə almışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan apelyatorun mövqeyinə görə Fərmanın icrası ilə əlaqədar cavabdehə bildiriş göndərilsə də, o, yeni müqavilə bağlanması üçün Banka müraciət edilməmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixədək müraciət etmədiyi üçün Bank məhkəmədə iddia qaldırmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Öz istinad etdiyi halın sübutu kimi apelyator apelyasiya şikayətinə xx xxxxxxx 2019cu il tarixli bildirişin surətini əlavə etmişdir. Həmin bildiriş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 30B ünvanına göndərilmiş və bildirişdə kredit borcunun xx xxxxxx 2019-cu il tarixli Fərmana əsasən restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan “xxxx” ASC-nin Bakı şəhəri Qarabağ küçəi 31 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşa bilməsi barədə X2 məlumat verilmişdir. Birinci instansiya məhkəməsi həmin bildirişə münasibət bildirərək qeyd etmişdir ki, bildiriş cavabdehin ünvanına deyil, səhvən başqa ünvana - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 30B ünvanına göndərilmişdir. Halbuki, cavabdehlə bağlanmış kredit müqaviləsində onun ünvanı ünvan 3B kimi göstərilmişdir. Digər cavabdehlərə bildirişin göndərilməsinə dair isə ümumiyyətlə iş materiallarında hər hansı sübut mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin kredit borcunun Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşməsi işin mübahisəsiz halıdır. İddiaçı kredit borcunun həmin Fərmana uyğun olaraq restrukturizasiya olunmamasının səbəbini cavabdehin bu məqsədlə şəxsən müraciət etməməsi ilə izah etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi mövqeyinə əlavə olaraq bildirir ki, cavabdeh A.Hacıyevanın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 30B ünvanda yaşaması və ya qeydiyyatda olması barədə işdə heç bir sübut mövcud deyil. İş materiallarında, o cümlədən kredit müqaviləsində və iddia ərizəsində cavabdehin ünvanı kimi ünvan 3B kimi göstərilmişdir. Bundan başqa, kreditor “xxxx” ASC olduğu halda adı çəkilən bildirişdə cavabdehə “xxxx” ASC-yə müraciət etməsi təklif olunmuşdur. Göründüyü kimi, təqdim edilmiş bildirişdə ünvanından başqa, Cavabdeh1 (Hacıyeva) borclu olduğu Bankın adı da səhv yazılmış, hətta, bildirişin məzmununda da kobud səhvə yol verilərək kredit müqaviləsinin tarixi, nömrəsi də göstərilməmiş, borclunun hansı müqavilə üzrə hansı banka yaxınlaşması qeyri-müəyyən qalmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının istinad etdiyi bildirişin sübut kimi qəbul edilməsini və bununla da cavabdehin üzərinə əlavə yük (məsuliyyət) qoyulmasını yolverilməz sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar