Məhkəmə qərarları › İş №2(103)-1678/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1678/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1678/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-1251/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx xxxx 2006-cı il tarixli, MS seriyalı, 000228 saylı və xx xxxx 2006-cı il tarixli, MS seriyalı, 000229 saylı mənzil sertifikatlarında qeyd olunmuş Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllə, 1 nömrəli binanın 94,1 kv.m. sahəli, 2 otaqlı, 11 saylı və 94,1 kv.m. sahəli, 2 otaqlı, 16 saylı mənzillərinin eyni dəyərli, eyni sahəli başqa mənzillərlə əvəz edilərək iddiaçıya verilməsi və ya həmin mənzillərin əvəzinə onların bu günkü bazar qiymətinə uyğun hesablanmış dəyərlərinin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı 2006-cı il tarixdə Cavabdeh MMC (əvvəlki “xxxx” MMC) ilə 2 fərqli alğı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş 1 nömrəli binada 5-ci mərtəbədə yerləşən, sahəsi 94,1 kv.m . olan, 2 otaqlı, 11 saylı və 6-cı mərtəbədə yerləşən, sahəsi 94,1 kv.m. olan, 2 otaqlı, 16 saylı mənzilləri almışdır. Qeyd edilən mənzillərlə bağlı iddiaçıya xx xxxx 2006-cı il tarixli MS seriyalı, 000228 və 000229 saylı mənzil sertifikatları verilmiş və həmin sertifikatlar Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən xx xxxx 2006-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Həmin sertifikatlarda Cavabdeh MMC iddiaçının mənzilləri üzərində mülkiyyət hüququnu xx xxxxxx 2014-cü il tarixinədək rəsmiləşdirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri verdikləri öhdəliyi yerinə yetirməyərək mənzillərə daxil olmağına maneə yaratdığı üçün mənzillərdən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması və mənzillərin açarlarının iddiaçıya təqdim edilməsi ilə əlaqədar iddiaçı Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Hər üç instansiya məhkəməsində iddiaçının iddia tələbi təmin edilmiş və xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qanuni qüvvəsini alaraq icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin icra şöbəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək Yasamal rayon Məhkəməsinə geri qaytarmışdır. İcra məmurunun qərarında səbəb kimi 13 il öncə 2006-cı il tarixdə barəsində müqavilə bağlanmış binanın hələ də mövcud olmadığı və hal-hazırda Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə tikilmiş binanın 1 nömrəli deyil, 2 nömrəli olduğu və yalnız gələcəkdə 1 nömrəli bina tikildikdən sonra qətnamənin icrasının mümkün olacağı göstərilmişdir. Beləliklə iddiaçı müqavilələr üzrə öhdəliyini hələ 2006-cı ildə mənzillərin dəyərini ödəyərək yerinə yetirsə də, cavabdeh xx xxxxxx 2014-cü il tarixinədək mənzilləri iddiaçıya təqdim etməli olduğu halda bu günədək hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək mənzilləri ona təqdim etməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-1251/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 225840 (iki yüz iyirmi beş min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-1251/2020 saylı qətnaməsinin ləğv edilməsini və sözügüdən mənzillərin (Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə inşa ediləcək 1 nömrəli binanın 5-ci mərtəbəsində yerləşən 94.1 kv.m. olan, 2 otaqlı, 11 saylı və 6-cı mərtəbədə yerləşən 94,1 kv.m. sahəli, 2 otaqlı, 16 saylı) eyni dəyərli, eyni sahəli başqa mənzillərlə əvəz edilməsini və ya həmin mənzillərin əvəzinə onların real bazar qiymətini müəyyənləşdirərək əldə edilmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, sözügedən hər iki mənzil yuxarıda qeyd edilmiş mənzil sertifikatlarına əsasən “xxxx” MMC tərəfindən xx xxxxxx 2014-cü il tarixdə iddiaçının mülkiyyətinə verilməsi vəd edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli şəxsləri verilmiş vədə əməl etməyərək, iddiaçının həmin mənzillərə daxil olmasına müxtəlif maneələr yaratmağa başlamışdır. İddiaçı bu maneələrin aradan qaldırılması və mənzillərin açarlarının ona təqdim edilməsi məqsədi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və hər 3 instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi tam təmin edilmişdir. Lakin cavabdehin hiyləgər planları bununla da bitməmiş və məhkəmə qətnaməsi Yasamal rayon İcra və Probasiya şöbəsinə icra edilməsi üçün təqdim edilsə belə, icra məmuru tərəfindən məhkəmənin yekun qərarı icra edilməyərək, Yasamal rayon Məhkəməsinə geri qaytarılmış, cavabdeh isə məhkəmə qətnaməsinin icra edilməməsinə müvəqqəti olaraq nail olmuşdur. Yekun məhkəmə qətnaməsinin icra edilməməsinə səbəb kimi 2006-cı il tarixli alğı-satqı müqavilələrinə əsasən, iddiaçının mülkiyyətinə keçirilməsi nəzərdə tutulmuş mənzillərin yerləşəcəyi 1 nömrəli binanın hələ də inşa edilməməsi olmuşdur. Yalnız 1 nömrəli bina inşa edildikdən sonra qətnamənin icra ediləcəyi qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)4251/2020 saylı qətnaməsində qeyd edilmişdir ki, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən iddiaçının cavabdehə olan öncəki tələbinin mümkünsüzlüyünə səbəb məhz sözügedən mənzillərin yerləşdiyi binanın cavabdeh tərəfindən inşa edilməməsi olmuşdur. Cavabdeh tərəfindən C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllə inşa edilmiş və hazırda istismar üçün tam yararlı hesab edilən yaşayış binası 1 nömrəli deyil, 2 nömrəli bina olduğu, həmçinin həmin yaşayış binasının tərkibində eyni sahəli mənzil olmadığı üçün iddiaçıya məxsus sözügedən mənzillərin eyni sahəli digər mənzillərlə əvəz edilməsi mümkünsüz hesab edilmişdir. Lakin maraqlı nüans budur ki, 1 nömrəli binanın inşası nəzərdə tutulmuş ünvanda nə üçün 1 nömrəli deyil, 2 nömrəli bina inşa edilmişdir? Bu hansı məntiqə uyğundur ki, cavabdeh həmin ünvanda indiyə kimi istər yaşayış, istərsə də qeyri-yaşayış binaları inşa etsə və bu tikililəri səlahiyyətləri daxilində nömrələsə belə, qeyd edilmiş alğı-satqı müqavilələri imzalandığı gündən bu günə 1 saylı bina hələ də ona məlum olmayan səbəblərdən dolayı inşa edilməmişdir? Həmçinin həmin ünvanda nə üçün bina nömrələməsi 1-dən deyil, 2-dən başlamışdır? Normal insan məntiqinə əsasən ilk olaraq 1 nömrəli bina, daha sonra isə 2 nömrəli bina inşa edilmiş olmalı idi. Növbəti məsələ isə Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1251/2020 saylı qətnaməsinə əsasən iddiaçıya məxsus mənzillərin dəyərinin cavabdehdən tutulması məqsədi ilə sözügedən mənzillərin hər kvadrat metrinə 1000-1200 AZN məbləğinin, ümumilikdə isə 225.840 AZN məbləğinin müəyyən edilməsidir. Belə ki, X1 xx.xx.2020-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, C. Cabbarlı və Z. Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş 2 nömrəli binada və həmin ünvanda yerləşən yeni tikilmiş analoji binalarda mənzillərin 1 kvadrat metrinin bazar dəyərinin xx xxxxxxxx 2020-ci il tarixinə 1.000-1.200 manat müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi iddia tələbində sözügedən mənzillərin dəyərini konkret olaraq qeyd etməməsi, iddiaçının cavabdeh tərəfindən pozulmuş hüquqlarının, bir daha məhkəmə tərəfindən pozulmasına haqq verildiyi anlamına gəlinmir. Lakin bu dəyərləndirmə nə reallığı, nə də ədaləti əks etdirmir. X2 Mərkəzi tərəfindən mənzillərin dəyərləndirilməsi həyata keçirilərkən istinad edilmiş internet resurslarına nəzər yetirdikdə nəyinki 94,1 kv.m. olan mənzillərin, həttta ondan daha az sahəli bir mənzilin qiyməti belə sözügedən qurum tərəfindən hər mənzil üçün müəyyən edilmiş ümumi orta qiymətdən də yüksəkdir. Mövcud reallıq daha yüksək olduğu halda nə üçün iddiaçının hüquq və mənafelərinin pozulması ilə nəticələnən dəyərləndirmə mübahisəli qətnamədə öz əksini tapmışdır? Yasamal rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(004)-1251/2020 saylı qətnaməsinə əsasən, iddiaçının iddia tələbinin təmin edilməsinə baxmayaraq, iddia üzrə ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun iddiaçı tərəfinə aid edilməsi qət edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Lakin Yasamal rayon Məhkəməsi tərəfindən sözügedən qətnamə ilə AR MPM-in 119.2-ci maddəsinə tamamilə zidd qərarın qəbul edilməsinin və dövlət rüsumunun iddiaçıya aid edilməsi prosessual hüquq normalarının çox kobudcasına pozulmasının bariz nümunəsidir. Qətnamədən, həmçinin, cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinin təmin edilərək, Yasamal rayon Məhkəməsinin 2(004)-1251/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılır ki, Mülki Məcəllənin daşınmaz əmlak sertifikatı ilə bağlı münasibətləri tənzimləyən müddəalarından da görünür ki, daşınmaz əmlak sertifikatı adlı qiymətli kağız hesab edilir və onun dövlət qeydiyyatına alınması, tədavülü maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Daşınmaz əmlak sertifikatı özlüyündə mülkiyyət hüquqlarını təsbit edən sənəd sayılmır və bu qiymətli kağızın tədavülündə məqsəd də başqadır. Əlavə olaraq bildirir ki, daşınmaz əmlak sertifikatı bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağız növüdür. Yəni bu o anlama gəlir ki, daşınmaz əmlak sertifikatını almış şəxslər yalnız həmin qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına tikilən binalarda mülkiyyət hüquqlarını tələb edə bilərlər. Bundan əlavə olaraq, qeyd olunmalıdır ki, tərəflər arasında mənzilin alğısatqısı barədə müqavilə bağlanmamış, iddiaçı yalnız qiymətli kağızı qanunvericiliyə uyğun olaraq əldə edilmişdir. Buna görə də iddiaçının mövcud olmayan və alğı-satqısı həyata keçirilməmiş gələcəkdə tikiləcək mənzilə dair mülkiyyət hüquqları və buna görə təzminat tələb etməsi reallığı əks etdirmir və mövcud qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh tərəf olaraq qeyd edir ki, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə “xxxx” MMC (“xxxx” MMC) tərəfindən inşa edilmiş 1 nömrəli binada 5-ci mərtəbə ümumi sahəsi 94.1 kv. m., otaqların sayı 2 olan, 11 saylı mənzilin və 6-cı mərtəbə ümumi sahəsi 94.1 kv. m., otaqların sayı 2 olan, 16 saylı mənzilinin iddiaçının mülkiyyətinə keçməsinə etiraz etmirlər, lakin bu mənzillərin əvəzində pul vəsaitinin tələb edilməsi ilə razılaşmırlar. Məhz buna görə də, hesab edirlər ki, Yasamal rayon Məhkəməsi tərəfindən hazırda mövcud olmayan mənzillərin əvəzində “xxxx” MMC-dən 25840 (iki yüz iyirmi beş min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair çıxarılmış qətnaməsi absurddur. Cavabdeh tərəf yalnız o faktı qəbul edir ki, qiymətli kağızın həmin dövr üçün qiymətini iddiaçıya ödəyə bilər və ya inşa ediləcək 1 saylı binada onu daşınmaz əmlak sertifikatında göstərilmiş mənzillərlə təmin edə bilər. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırırıq ki, artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi var və cavabdeh bu məhkəmə aktının icrasından boyun qaçırmır. Qətnamənin icra edilməməsinin səbəbi üzrlüdür. Belə ki, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllə, 1 nömrəli binanın inşa edilməməsi qətnamənin icra edilməməsinin əsas səbəbidir. Bildirirlər ki, 1 saylı bina inşa edildikdən sonra iddiaçıya mənzillər təhvil veriləcəkdir. Eləcə də, məhkəmə tərəfindən 2(004)-1251/2020 saylı iş üzrə qətnamə qəbul edilərkən, artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu nəzərə alınmamışdır, belə olan halda, cavabdeh tərəfindən eyni əmlak hal üzrə iki qətnamənin icra etmək öhdəliyi yaranır, bu isə, yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının apellyasiya şikayətini müdafiə etdi, iddiaçının apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-1251/2020 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalı, dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilməlidr. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənəda hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6893/2017 saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə “xxxx” MMC (Cavabdeh MMC) tərəfindən inşa edilmiş 1 nömrəli binada 5-ci mərtəbə ümumi sahəsi 94.1 kv.m, otaqların sayı 2 olan, 11 saylı mənzilin və 6-cı mərtəbə ümumi sahəsi 94.1 kv.m., otaqların sayı 2 olan, 16 saylı mənzilin giriş qapılarının açarları ilkin iddia tələbi üzrə cavabdeh tərəfindən ilkin iddia tələbi üzrə İddiaçı təhvil verilməsi, həmin mənzillərdə təmir işləri aparmağına ilkin iddia tələbi üzrə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və mənzillərdən istifadə hüququna hər hansı digər maneənin törədilməsinin ilkin iddia tələbi üzrə cavabdeh “xxxx” MMC (Cavabdeh MMC)-yə qadağan edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı “xxxx” MMC-nin (Cavabdeh MMC) İddiaçı adına verilmiş MS seriyalı, 000228 nömrəli və MS seriyalı 000229 nömrəli mənzil sertifikatlarının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7594/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 2(004)-6893/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1275/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7594/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, emitent “xxxx” MMC (hal-hazırda Cavabdeh MMC) tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən 610-cu məhəllədə 1 saylı binanın tikintisi üçün buraxdığı mənzil sertifikatları xx xxxx 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, MS seriyalı, 000228 saylı və MS seriyalı, 000229 saylı mənzil sertifikatları İddiaçı tərəfindən əldə olunmuş, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 5-ci mərtəbəsində ümumi sahəsi 94.1 kv.m., yaşayış sahəsi 50 kv.m. olan iki otaqlı 11 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən, 610-cu məhəllədə 1 saylı binanın 6-cı mərtəbəsində ümumi sahəsi 94.1. kv.m, yaşayış sahəsi 50 kv.m. olan iki otaqlı 16 saylı mənzili xx xxxxxx 2014-cü il tarixdən gec olmayaraq mənzil sertifikatlarının sahibi olan İddiaçı adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüş, lakin öhdəliyi icra etməmişdir. Yasamal rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, yuxarıda istinad olunan məhkəmə qərarı Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllə, 1 nömrəli binanın hal-hazıradək inşa edilməməsi səbəbindən icra edilməmişdir. Göründüyü kimi, 2006-cı ildən mənzil sertifikatlarına əsasən mənzillər əldə edilsə də, 2014-cü ildən hal-hazıra kimi mənzillər iddiaçıya təhvil verilməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malikdir. Buna görə də, iddiaçı əsaslı olaraq ona dəymiş zərərlə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin izahatından da müəyyən olunur ki, 2 saylı binada da analoji mənzillər mövcud deyil. Kollegiya hesab edir ki, məhkəmə analoji mənzillər olmadığından, həmin mənzillərin əvəzinə onların bu günkü bazar qiymətinə uyğun hesablanmış dəyərlərini iddiaçıya ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. X1 xx xxxxxxxx 2020-ci il tarixli, ƏEM/S 77-499/20 saylı daşınmaz əmlakın 1 kv.metrinin bazar dəyərinin müəyyən edilməsi barədə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı və Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə Cavabdeh MMC tərəfindən inşa edilmiş 2 nömrəli binada və həmin ünvanda yerləşən yeni tikilmiş analoji binalarda mənzillərin 1 kvadrat metrinin bazar dəyəri xx xxxxxxxx 2020-ci il tarixinə 1000-1200 manat təşkil edir. Məhkəmə X1 arayışını nəzərə alaraq hesab etmişdir ki, həmin mənzillərin əvəzi olaraq 225840 manat (94.1 + 94.1)x1200) məbləği cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Kollegiya mənzillərin əvəzi olaraq 225840 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Kollegiya iddiaçı tərəfin qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı tərəf işdə olan X1 xx xxxxxxxx 2020-ci il tarixli, ƏEM/S 77-499/20 saylı rəyini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfin apellyasiya şikayətinə əlavə etdiyi internet məlumatı başqa ərazidə olan təmirli mənzillərlə bağlı olduğundan, hazırkı iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi ilə bağlı maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya iddiaçının apellyasiya şikayətinin dövlət rüsumu ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki, dövlət rüsumunun tutulması iddiaçı tərəfindən tələb kimi irəli sürülməmişdir. Məhkəmə iddianı təmin etdiyi halda, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya qeyd edir ki, iş üzrə məhkəmə iddia tələbi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün, dövlət rüsumu ilə bağlı məhkəmə tərəfindən prosessual hüquq normasının pozulması, hazırkı qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Buna görə də, qətnamə dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilməli, dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 1251/2020 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissəsində dəyişdirilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar