Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1678/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1678/2024 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1377/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. QSC «Bank Standart» KB ilə Cavabdeh2 arasında 03 oktyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/82347/14 saylı müqavilə bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2950 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 03 oktyabr 2014-cü il tarixli 1xx/xx/82347/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka 838.57 manat məbləğində əsas borc, 521.16 manat məbləğində faiz borcu, 669.41 manat məbləğində cərimə borcu, 260.04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2289.18 manat məbləğində borcu qalmışdır
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 20 iyun 2014-cü il tarixli 1xx/xx/118147/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 838.57 manat məbləğində əsas borc, 521.16 manat məbləğində faiz borcu, 669.41 manat məbləğində cərimə borcu, 260.04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2289.18 manat məbləğində pulun, 42.90 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh) arasında 03 oktyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/82347/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2950 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra – Zamin) 03 oktyabr 2014-cü il tarixli 1xx/xx/82347/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 838.57 manat məbləğində əsas borc, 521.16 manat məbləğində faiz borcu, 669.41 manat məbləğində cərimə borcu, 260.04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2289.18 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Borcluya və Zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bildirir ki, Cavabdeh2 kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3463/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə, yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır.
4. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, “Bank Standard” Kommersiya Bankının ona qarşı olan pul tələbinə dair iddia tələbini qəbul etmədiyini, qanunla nəzərdə tutulmuş 3 illik müddətin ötürüldüyünü bildirib, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1377/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2, 470.1, 472.1, 472.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bank tərəfindən ilk dəfə xx.xx.2019-cu il tarixində Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-3463/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş Azərbaycan RespublikasıPrezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla baxılmamış saxlanılmışdır. İddiaçı LPO “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı“kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə yenidən xx.xx.2023-cü il tarixində BakıŞəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 380-ci maddəsində qeyd edilir ki, Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Bank tərəfindən xx.xx.2019-cu il tarixində müəyyənləşdirilmiş qaydada BakıŞəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli 2(007)-3463/2019 nömrəli qərardad ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar mülki iş baxılmamış saxlamışdır. AR MPM iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 2(007)-3463/2019 saylı qərardadının baxılmamış saxlanıma səbəbi 13 əsasın heç birinə aid deyil. Yəni Bank tərəfindən qanunvericilikdə müəyyənləşdirilmiş qaydada iddia ərizəsi ilə Məhkəməyə müraciət edilmiş, Məhkəmə tərəfindən iddia ərizəsi icraata qəbul edilmiş lakin Fərmanla əlaqədar baxılmamış saxlamışdır. Belə ki, Mülki Prosessual Məcəlləsində iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli 2(007)-3463/2019 saylı qərardadının baxılmamış saxlanma səbəbi 13 əsasın heç birinə aid deyil. Məhkəmə iddia ərizəsini baxılamamış saxlamamalı, iş üzrə qətnamə çıxarmalı idi. Məlumdur ki, İcra mərhələsində olan işlər də fərmanın təsir dairəsi aid edilirdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmiş, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
13. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
14. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir
15. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
16. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
17. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
18. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
19. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
25. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
27. Maddə 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli 1xx/xx/82347/14 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 2950 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
37. 5 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standart” KB ilə Cavabdeh2 arasında 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 09 sentyabr 2022-ci il tarixə cavabdehin banka 838.57 manat məbləğində əsas borc, 521.16 manat məbləğində faiz borcu, 669.41 manat məbləğində cərimə borcu, 260.04 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2289.18 manat borcu vardır.
38. “QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2014cü il tarixli 1xx/xx/82347/14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli 1xx/xx/82347/14 nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür.
39. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 177.16 manat ödəniş etmişdir.
40. Beləliklə, işin hallarından müəyyən edilir ki, Cavabdeh2 və Cavabdeh1 iddiaçı ilə aralarında bağladıqları müvafiq olaraq kredit müqaviləsi və zaminlik müqavilik müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar.
41. Bununla yanaşı müəyyən edilir ki, Cavabdeh2 ilə QSC «Bank Standart» KB arasında 03 oktyabr 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 03 oktyabr 2014-cü il tarixinədək müəyyənləşdirilmişdir.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
43. Məhkəmə kollegiyası hesab edir ki, 12 sentyabr 2012-ci il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və iddiaçının kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi mövqeyi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, ilkin olaraq təsəvvür yaranır ki, iddianın əsasını həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti müqavilənin son icra tarixində, yəni 03 oktyabr 2016-cı il tarixdə bitmişdir.
44. Lakin bu zaman cavabdehlərin hər hansı biri tərəfindən iddia müddətinin axımı başladıqdan sonra müddəti kəsən hərəkətlərin edilib-edilməməsi aydınlaşdırılmalıdır.
45. Belə ki, iş materiallarındakı hesabdan çıxarışdan göründüyü kimi, Cavabdeh2 sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 177.16 manat ödəniş etmişdir.
46. Mülki Məcəllənin 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
47. Qanunvericiliyin tələblərindən də göründüyü kimi borclunun borcu etiraf etməsini göstərən hərəkətlər, yəni indiki halda borcla bağlı müəyyən məbləğin ödənilməsi iddia müddətinin axımının kəsilməsinə və ödənişdən sonra yeni iddia müddətinin başlanmasına səbəb olur. Hazırki iş üzrə də qeyd edildiyi kimi cavabdeh borclu tərəfindən sonuncu dəfə xx.xx.2016-cı il tarixində mövcud müqavilə üzrə ödəniş edildiyindən və həmin ödəniş müqavilə müddəti bitmədən, yəni ilk dəfə hələ iddia müddəti ötürülmədən edildiyindən yeni müddətin axımı məhz xx.xx.2016-cı il tarixdən başlanmalıdır.
48. Bundan sonra iş materialları ilə müəyyən olunur ki, iddiaçı LPO QSC-nin “Bank Standart” KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2019-cu il tarixində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 11 dekabr 2019-cu il tarixli, e-2(007)-3463/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.
49. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
50. Göründüyü kimi hazırki iş üzrə iddiaçının müddət axımı xx.xx.2016-cı il tarixindən etibarən 3 il olmasına baxmayaraq, hələ ilk dəfə cavabdehlərə qarşı borcun tutulması ilə bağlı iddia tələbi ilə məhz xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və artıq bu zaman iddia müddətini ötürmüşdür.
51. Üstəlik məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddianın baxılmamış saxlanılmasından sonra da qanunvericiliyin tələblərinə görə iddia müddətinin axımının davam etməsinə baxmayaraq iddiaçı həmin tarixdən etibarən də yalnız 3 il 9 ay sonra, yəni 29 mart 2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
52. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin Prezidentin 28 fevral 2019-cü il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə bağlı məsələlərin tənzimlənməsini gözlədikləri üçün iddia verməmələri barədə dəlilləri də əsasızdır. Belə ki, qeyd edilən tətbiqi problemli kreditlərlə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
53. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
54. Beləliklə, işin hallarından da göründüyü kimi iddiaçı həm ilk dəfə, həm də ikinci dəfə cavabdehlərə qarşı borcun tutulması ilə bağlı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür və Cavabdeh2 bununla bağlı ərizəsi olduğundan iddia müddəti tətbiq edilməli və iddia sonuncuya münasibətdə qeyd edilən əsasla təmin edilməməlidir.
54. Məhkəmə kollegiyası iddianın digər cavabdeh, yəni zamin Cavabdeh1 münasibətdə təmin edilməməsi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.
55. Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 QSC “Bank Standard” KB qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
56. Yuxarıda qeyd edilənlərdən də məlum olduğu kimi iddiaçı əsas borcluya münasibətdə iddia müddətini ötürmüşdür və bu səbəbdən zaminlik müqaviləsinə əsasən Cavabdeh1 da münasibətdə iddia müddəti ötürülmüş hesab olunur.
57. Lakin məhkəmə kollegiyası mülki qanunvericiliklə zaminlik institutunun özü ilə bağlı da müəyyən müddətlərinin olmasını təsbit etmişdir.
58. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
59. İş materiallarındakı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, müqavilədə zaminliyin verilmə müddəti, onun təmin etdiyi öhdəliyin icrası vaxtı göstərilməmiş, həmçinin məhkəmə tərəfindən də həmin müddət müəyyən edilə bilinməmişdir. Bu halda qanunvericiliyin tələblərinə görə iddiaçı müqavilənin bağlandığı xx.xx.2014-cü il tarixindən etibarən 2 il ərzində zaminə qarşı iddia irəli sürməli idi. Lakin iddiaçı həmin vaxtdan yalnız 5 il sonra zaminə qarşı iddia irəli sürmüş, bununla da Cavabdeh1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə iddiaçının zaminə qarşı tələb irəli sürməsi əsassızdır.
60. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olduğu üçün bu müddətin keçməsi iddiaçının cavabdeh zamindən lizinq borcunun qaytarılmasını tələb etməsi ilə bağlı subyektiv hüququnun itirilməsi, eyni zamanda zaminin lizing verən qarşısında öhdəliyinin xitamına səbəb olmuşdur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020ci il tarixli “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Resoublikası Ali Məhkəəmsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olub, əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir, lakin kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
62. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etmə müddəti (iddia müddəti) deyil, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi (kəsici) müddətidir. İddia müddətlərindən fərqli olaraq kəsici müddət hüququn itirilməsi ilə bağlı olur və belə müddətlərin tətbiq olunması üçün tərəflərin ərizə verməsi tələb olunmur.
63. Beləliklə, kollegiyanın mövqeyinə əsasən birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərdən hər ikisinə qarşı təmin etməməkdə haqlı olmuş, qanunvericiliyin maddi və prosessual normalarının tətbiqini düzgün həyata keçirmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
69. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1377/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova