Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1679/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8196/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X11 və xx.xx.2020-ci il tarixdə X5 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanlmış, eyni zamanda, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay aylıq gəlirlərinin (qazancının) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilmişdir. İddiaçı X2 İnstitutu" Publik Hüquqi şəxsində ümumi həkim vəzifəsində çalışır, rəsmi aylıq əmək haqqı 1.517,12 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-də anestezioloq vəzifəsində çalışır, onun rəsmi aylıq əmək haqqı 500 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay tutulan alimentin ödəniş qaydasının dəyişdirilərək, artırılaraq, hər ay, hər uşağa görə 235 manat (cəmi 470 manat) sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş uşaqlar üçün məhkəmə qərarı ilə cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq ona ödənilirdi. Lakin vaxt keçdikcə cavabdehin aylıq gəlirləri maaş kartına ödənilməmiş, yəni cavabdeh çalışdığı xəstəxana ilə gizlin danışıb maaşının hamsını karta vurmamış, vergidən yayınmışdır. Buna görə də hər ay iki uşağına cəmi 294 manat pul ödənilir. O, cavabdehin özü ilə danışıb razılığa gəlmək istəsə də, cavabdeh yalandan maaşının azaldığını bildirmişdir. O, bu barədə vergi xidmətinə müraciət etsə də, bu məsələyə yaxın günlərdə baxılacağını bildirmişlər.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8196/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 235 manat, olmaqla cəmi 470 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X12)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə cavabdehin aylıq qazanclarının 1/3 hissəsi miqdarında alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşağın tələbatları artmışdır, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur. Hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab etmişdir ki, alimentin tutulma qaydasının aliment ödəyən şəxsin qazancının müəyyən hissəsi şəklində, yaxud hər ay sabit pul məbləğində tutulması məhkəmə tərəfindən, xeyrinə aliment tutulan şəxsin tələbi ilə müəyyən olunduğundan, iddiaçı cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulma qaydasının dəyişdirilərək hər ay 235 manat məbləğində aliment tutulmasını xahiş etməkdə haqlıdır.
6. Məhkəmə, həmçinin, hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
7. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, hazırki iddiaya qiymətləndirilməyən iddia kimi baxıldığından 100 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin hesabına ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci, 78-ci, 100.2-ci, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci, 112.1.3-cü, 119.2-ci, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna, “Dövlət rüsumu haqqında” Azərbaycan Republikası Qanununun 9.1.2-ci maddələrinə və "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin heç bir araşdırma aparmadan iddianı təmin etməsi və məhkəmə prosesində onun dediklərinə əhəmiyyət verməyərək onu dinləməməsi maddi hüquq normalarının pozulmasıdır. Hakim onun çıxışına o, dərəcədə soyuq və etinasız yanaşmışdır ki, hətta qətnamədə onun prosesdə iştirak etmədiyini belə yazmışdır. Hansı ki, o, əvvəldən axıra kimi bütün proseslərdə iştirak etmişdir. Alimentin ilk təyinindən sonra onun maddi vəziyyətində və sosial durumunda heç bir dəyişiklik baş verməmişdir. Yəni maddi durumu əvvəlki vəziyyətdədir, əvvəlki kimi həkim işləyir və əvvəlki kimi maaş alır. Yəni ilk aliment təyin edildiyi vaxtdan onun maddi və sosial vəziyyətində heç bir artım və ya müsbətə doğru hərhansı bir irəlləyiş baş verməmişdir. Həmçinin iddiaçının da maddi vəziyyətində heç bir geriləmə və ya maaşında azalma baş verməmişdir. Məhkəmə iddianı təmin edərkən bu göstərdiyi məsələni araşdırmamışdır. Ancaq məhkəmə iddianı təmin edərkən bu məsələni araşdırmalı və qanunun tələbinə riayət etməli idi. Belə ki, o, tərəflərin maddi və sosial vəziyyətində hər hansı bir dəyişikliyin və ya maddi cəhətdən irəlləyişin, yəni artımın olmasını araşırmamış və onun zərərinə qərar qəbul etmişdir. Belə ki, o, 1.000 manat maaş alır. Həmin məbləğin 110 manatı vergi kimi tutulur. Üçdə biri, yəni 294 manatı aliment kimi tutulur. Qalan 592.67 manat isə onun kartına gəlir və ehtiyaclarına xərclənir. Həmin pulun bir hissəsini öz ehtiyaclarına bir hissənsini isə yenə də uşaqlarına xərcləyir. Yəni ayın hər həftəsinin 6-cı günü səhər saat 08-dən axşam saat 18:00-a kimi uşaqları onda olur. Həmin vaxtı uşaqların müəyyən tələbatlarını qarşılayır. Məsələn onları gəzdirir, oyuncaqlar, qardirovlar, paltar və demək olar ki, xoşladıqları və istədikləri hər şeyi alır. Təxminən maaşından qalan pulun 400 manatını yenə də onlara xərcləyir. Məhkəmə iclasında bunları desə də, məhkəmə nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.4-1-ci və 8.4-3-cü bəndlərinə istinadən iddianın mahiyyətinin indeksasiya xarakterli olduğunu bildirmiş və bu baxımdan ümumiyyətlə iş üzrə icraata xitam verilməli olduğunu qeyd etmişdir.
13. Məhkəmə iclasında iddiaçı X10 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); 8.4-3-c bəndinə əsasə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir; 8.13-ü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv olunmasını xahiş etməklə hüquqi nəticə etibarı ilə iddianın rədd edilməsini xahiş edir. Bu səbəbdən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlsə də, məhkəmə xərclərinin bölüşdürərkən düzgün hesablama aparmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən dövlət rüsumunun əvəzi kimi dövlət gəlirlərinə alınmalı olan məbləğlə bağlı hissədə dəyişdirilməlidir.
24. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.
25. Məhkəmə kollegiyası vurğulayır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Bununla belə məhkəmə onu da qeyd edir ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.
26. Qeyd olunmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-258/2023 saylı, xx.xx.2023-ci il tarixli) ilə tərəflərin birgə nikahından doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment ödəmək öhdəliyi yaranmışdır. Hazırda iddiaçı uşaqların saxlanılması üçün alimentin cavabdehin aylıq gəlirlərinin (qazancının) müəyyən hissəsi miqdarında deyil, sabit pul məbləğində tutulmasını tələb edir.
27. Cavabdeh müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və bunun nəticəsi olaraq artırılması ilə razılaşmır və məhkəmə qətnaməsi qəbul olunduqdan sonra onun maddi vəziyyətində müsbət mənada, iddiaçının isə maddi vəziyyətində mənfi mənada heç bir dəyişikliyin olmadığını bildirir.
28. Məhkəmə kollegiyası vurğulayır ki, tərəflərin birgə nikahından doğulmuş hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Aimentin miqdarını müəyyən edən əvvəlki məhkəmə qətnaməsinin (2023-cü il) qəbul edilməsindən 2 ilə yaxın müddət ötmüş, sonrakı dövrdə uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumu artırılmış və 2024-cü ildə bir uşaq üçün 235 manat təşkil etmişdir. Hazırda isə iki uşağın saxlanılması üçün cəmi 294 manat məbləğində (hər uşağa üçün 147 manat) aliment ödənilir. Bununla belə, nəinki növbəti, hətta müəyyən edildiyi ildə alimentin miqdarı yaşayış minimumuna uyğun olmamışdır. Belə olan halda, alimentin əvvəlki miqdarda saxlanılması uşaqları həmin hüququnun tələb edilən səviyyədə təmin edilməsindən bir qədər də uzaqlaşdırır. Bununla yanaşı, iddiaçı əvvəlki iddia tələbində alimentin aylıq qazancın müəyyən hissəsi miqdarında, hazırki halda isə sabit pul məbləğində tutulmasını tələb edir. Məhkəmə də alimentin qaydasının müəyyən edilməsi məsələsində məhz iddiaçının tələbindən asılıdır. Hazırda alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi (1/3) tutulması məbləğ etibarı ilə çətinlik törədir və bu baxımdan iddiaçının, xüsusilə də uşaqların maraqlarını əhəmiyyətli dərəcədə pozur. İddiaçı da iddia üzrə məhz bu mövqedən çıxış edir. Qeyd edilənlər öz növbəsində alimentin miqdarının məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsini mümkün edir və hazırki iddianın mahiyyətinin indeksasiya xarakterli olmadığını təsdiq edir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan fərqli olaraq cavabdehin bu məsələdə öhdəliyi yalnız hər uşağa münasibətdə 235 manatla məhdudlaşdırılır (bundan əlavə hər hansı məbləğin verilməsi cavabdehin iradəsinə bağlıdır). Uşaqlarla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, məsələn, uşağın istifadəsində olan geyim və digər əşyaların sıradan çıxması və istifadə üçün yararsız hala düşməsi, onların yenisi ilə əvəz edilməsini şərtləndirir. Bu itkilərin maddi baxımdan qarşılanması da bilavasitə iddiaçının üzərinə düşəcəkdir. Uşağın qidalanması ilə bağlı da iddiaçının eyni çətinliklərlə üzləşməsi istisna deyil. Başqa sözlə, hamıya məlum olan və hamılıqla qəbul olunan bir haldır ki, reallıqda uşaqlarla bağlı tez-tez “Planlaşdırılmamış xərclər” yaranır və onlar iddiaçı tərəfindən qarşılanacaqdır. Hər bir halda, 235 manat tələb olunan və ya maksimum deyil, 2024-cü il üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğdir. Bu məbləğ hesabına da uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ təmin edilmiş olur.
30. Məhkəmə kollegiyası cavabdehin uşaqlara bacardığı qədər köməklik etməsi, habelə aliment öhdəliyindən əlavə də xərclərini qarşılaması (aliment məbləğindən başqa əmək haqqının ona qalan hissəsinin təxminən 400 manatını yenə də uşaqlara xərcləyir) ilə bağlı apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, qeyd edir ki, hazırda müəyyən edilmiş alimentin miqdarı hüquqi nəticə etibarı ilə cavabdehin maddi vəziyyətinə hər hansı mənfi təsir göstərmir. Sadəcə olaraq cavabdeh uşaqlara hər ay xərclədiyi təxminən 700 (294 manat aliment + cavabdehin etiraf etdiyi əlavə 400 manat xərc) manat pulun 470 manat hissəsini məhkəmə qətnaməsinə uyğun olaraq sabit pul məbləğində aliment kimi ödəyəcəkdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
31. Lakin məhkəmə kollegiyası cavabdehdən dövlət rüsumunun əvəzi kimi tutularaq dövlət gəlirlərinə alınmış məbləğə münasibətdə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Belə ki, iddiaçı mediasiya prosesində iştirakla bağlı mediasiya xərci qismində 50 manat məbləğində pul ödəmiş, lakin bu məbləği tələb etmir, dövlət rüsumunu ödəməkdən isə azaddır. Bununla belə, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) (470 – 300 (294 manat yuvarlaq şəkildə) = 170 x 12 = 2.040) 2.040 manat təşkil etdiyindən ödənilməli olan dövlət rüsumu 40,40 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan məhz həmin məbləğ cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən dövlət gəlirlərinə tutulan dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən 40,40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə (470 – 300 = 170 x 12 = 2.040 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-8196/2024 nömrəli qətnaməsi cavabdehdən dövlət gəlirlərinə tutulan dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 40,40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.