Məhkəmə qərarları › İş №2(103)-1680/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1680/2025

05.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1680/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3683/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 361666 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X15 arasında olan nikaha xx.xx.2020-ci ildə xitam verilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 118 nömrə ilə qeyd edilmişdir.

2. İş materiallarında olan AZ-İV seriyalı, 557449 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır.

3. İş materiallarında olan AZ-İV seriyalı, 557448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır.

4. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Ağcabədi rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(017)-264/2020 saylı qətnaməsinə əsasən 28 yanvar 2014-cü il təvəllüdlü X6 və 16 yanvar 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh qazancından 28 yanvar 2014-cü il təvəllüdlü X6 və 16 yanvar 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay hər uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Hökumət ödəniş portalı vasitəsilə Ağcabədi rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir.

5. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində özünə məxsus 0.16 ha həyətyanı torpaq sahəsi vardır.

6. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli, 75 nöməli arayışdan görünür ki kənd sakini Cavabdeh adına JN 334 olan Dövlət Aktı əsasında onun 0.50 ha pay torpaq sahəsi vardır.

7. İş materiallarında olan 19 iyul 2024-cü il tarixlu, 428 nömrəki arayışdan görünür ki, Əsədov X14 rayonu, Hacıbədəlli kəndində yaşayır və o heç bir yerdə işləmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı X12 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Məhkəməsinin 21 may 2020- ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh: Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(017)- 1319/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda (140) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Halhazırda xx.xx.2014-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X11 10 və 9 yaşı var. Ağcabədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 470 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir və qeyd etdiyi hallara və əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi aliment müəyyən edildikdən sonra keçən müddətdə maddi vəziyyətinin ağırlaşdığını, mənim isə kifayət qədər təqaüd almağını və başqa gəlirlərinin olmasını göstərsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay ödənildiyindən iddiaçının keçən müddətdə uşağa tək başına baxması kimi hallar sübut olunmur. Bildirir ki, məhkəmə qaydasında birgə nikahdan anadan olmuş uşaqlarının 18 yaşı tamam olanadək saxlanılması üçün aliment müəyyən edildikdən sonra bu günədək onun heç bir rəsmi və ya daimi işi olmamışdır və yoxdur. Heç bir peşə və ya ixtisası yoxdur. İşaxtaran kimi, Dövlət Məşğulluq Xidmətində qeydiyyatdadır. İddiaçı bütün bunları yaxşı bilir. O, kənd sakini olmaqla heç bir sənət və peşəsi olmadığına görə günəmuzd işlər taparaq alimenti ödəyir. Kənd camaatının torpaq sahələrini suvarmaqla, meyvə ağaclarının dibini yumşaltmaqla və ya həyətyanı torpaq sahələrini bellə şumlamaqla tələbatını güclə təmin edir. Özünün adına iddiaçı ilə nikahdan xeyli əvvəl aldığı ayrıca təsərrüfatı (həyətyanı torpaq sahəsi) olsa da, maddi imkansızlıqdan orada yaşayış evi tikdirə bilmədiyinə görə valideynləri ilə birlikdə onlara məxsus fərdi yaşayış evində yaşayır. Valideynləri də 1963-cü il təvəllüdlü olduqlarına və müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərinə görə heç bir yerdə işləyə bilmirlər. Adıma cəmi 0.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var ki, oradan da demək olar ki, gəlir əldə etmir. Adına başqa daşınar və daşınmaz əmlakları yoxdur. Aylıq qazancı valideynlərinin saxlanılmasına, onların mütəmadi müayinə və müalicəsinə çatmır. Bəzi hallarda aliment pulunu qohum və tanışlardan borc alaraq bir təhər ödəyir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş vermədiyi təqdirdə, bunun əksi olaraq onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını və onun aylıq gəlirinin kifayət qədər yüksək təqaüd almağını və başqa gəlirlərinin olmasını bildirsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində ağırlaşma istiqamətində dəyişiklərin olması tam sübut olunur. Göründüyü kimi, iddiaçı məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını və onun kifayət qədər yüksən təqaüd almağını, başqa gəlirlərinin kifayət qədər yüksək olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq onun etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişiklərin olması tam sübut olunur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı "alimentin miqdarının artırılması” tələbinə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası və subyektiv hüququ olmadığından və iddia əsassız olduğundan rədd edilməlidir.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3683/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(017)-1319/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 17ci maddəsinə, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 13, 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-75.4, 78.1, 78.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə aliment müəyyən edilən zaman iddiaçı Ağcabədi rayonunda yaşayırdı. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın görünür ki, iddiaçı hazırda Bakı şəhərində müvəqqəti qeydiyyata alınmaqla Bakı şəhərində kirayə ev tutaraq uşaqlarla birlikdə kirayə evdə yaşayır və faktiki olaraq işləyir. Hamıya yaxşı məlumdur ki, Bakı şəhəri ərazisində, konkret olaraq Yasamal rayonu ərazisində aylıq kirayə haqqı ***-**** manat civarındadır. İddiaçının maddi vəziyyəti ağır olduğu halda, o həmin məbləğə Bakı şəhəri, Yasamal rayonu ərazisində necə kirayə ev əldə edərək yaşayır. Hər bir halda iddiaçı kirayədə yox, yaxın qohumlarının evində müvəqqəti qeydiyyata alınaraq kirayə haqqı ödəmədən yaşamasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Görünür, iddiaçı Bakı şəhərində faktiki olaraq işlə də təmin olunub. Belə olmasaydı, kirayədə yaşaya bilməzdi. Belə ki, cavabdehin hər ay ödədiyi alimet pulu onların aylıq kirayə haqqını belə ödəmir. İşin faktiki hallarından aydın görünür ki, məhkəmə qətnaməsi ilə aliment qət edildikdən sonra keçən müddətdə iddiaçının maddi vəziyyəti ona münasibətdə yaxşılaşmış, cavabdehin ailə və maddi vəziyyəti isə ağırlaşmışdır. Ailə və mülki prosesual qanunvericiliyin tələbinə görə müəyyən edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, ayrılanadək tərəflərin işləyibişləməməsi, ailənin və uşaqların saxlanılması ailənin hər iki valideyninin ümumi gəliri və yaxud birinin gəliri hesabına saxlanılması, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Bildirir ki, maddi vəziyyəti ağır olsa da, ayrı yaşayan uşaqlarının saxlanılması üçün aliment ödəməkdən boyun qaçırmır. Hesab edir ki, işə baxan məhkəmə işə baxarkən işin yuxarıda göstərdiyim faktiki hallarını, keçən müddətdə iddiaçının maddi vəziyyətinin ona münasibətdə yaxşılaşmasını nəzərə almal idi. Bütün bunlar barədə o iddia tələbinə qarşı etirazında bildirsə də, etirazı məhkəmə qətnaməsində sadəcə qeyd edilmiş, buna hüquqi qiymət verilməmiş, etirazının əsasını təşkil edən sübutların qəbul edilməməsini qətnamədə əsaslandırmamış, bununla da keçən müddətdə tərəflərin ailə və maddi vəziyyəti məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin yuxarıda qeyd etdiyi hallarını nəzərə alınmamış, yalnız cavabdeh tərəfin heç bir hüquqi əsası olmayan iddia tələbini və ən əsası 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini əsas götürərək iddia tələbini təmin etməklə cavabdehin qanunsuz və ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etmişdir. Göründüyü kimi, işə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflərin hər ikisinin işləməsini, məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra keçən müddətdə iddiaçının maddi vəziyyətinin yaxşılaşmasını, bunun əksi olaraq cavabdehin ailə və maddi vəziyyətinin ağırlaşmasını nəzərə almamış, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının birdən birə hər uşaq üçün 235 manat olmaqla artırılmasını qətnaməsində ətraflı əsaslandırmamışdır. Əgər qeyd edilən hallar məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılsaydı və buna düzgün hüquqi qiymət verilsəydi, iddianın əsassız olduğundan təmin edilməməsi qənaətinə gələrdi. Lakin göründüyü kimi, işə baxan məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlməklə qətnamə qəbul etmiş, bununla da tərəf və valideyn kimi qanunla qorunan hüquqlarını və istinad etdiyi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

20. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

22. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

27. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

28. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

29. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

30. 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməlidir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq və onların maddi tələbatlarını ödəmək hər iki valideynin vəzifəsidir.

36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq iddia tələbi təmin edilməlidir.

37. Məhkəmə kollegiyası tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdehdən tutulmalı olan alimentin miqdarını qanunvericiliyin tələblərinə və işin hallarına uyğun hesab edir.

38. Bununla belə, kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq bu nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

39. Hazırki işdə bir uşağın saxlanmasına görə aliment 235 manat həddində müəyyən edildiyindən, cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində (345 x 0,68 = 234,6 manat) aliment tutulmalıdır. Alimentin tutulması ərizə verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən hesablanmalıdır.

40. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3683/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı X9 xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh X5 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar