Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1681/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2017-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 91000 ABŞ dolları məbləğində əsas borc və mənəvi zərər kimi 25000 ABŞ dolları olmaqla – cəmi 116 000 (yüz on altı min) ABŞ dolları məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 91000 ABŞ dolları məbləğində əsas borc, 7280 ABŞ dolları məbləğində faiz və mənəvi zərər kimi 25000 manat məbləğində pul vəsitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arsında xx xxxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilə 5 saylı Notariat Kontorunda təsdiq edilərək, reyestrdə 3M-752 nömrə ilə qeyd edilmişdir. O, həmin müqaviləyə əsasən cavabdehə 91 000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh ondan xx xxxxxx 2018-ci il tarixinədək qaytarmaq şərti ilə 91000 ABŞ dolları pul almasını təsdiq etmiş və göstərilən məbləği qeyd edilən vaxtda ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona ödənilməli olan borc məbləğindən heç bir məbləğdə pul ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Cavabdehə 91 000 ABŞ dolları məbləğində pulu verdiyi tarixdən artıq 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, cavabdeh həmin pul vəsaitindən ona heç bir məbləğ qaytarmamışdır. Bundan əlavə o, həmin borcun qaytarılması barədə cavabdehə dəfələrlə müraciət etmiş, onunla danışıqlar aparıb əsəbiləşməyi, böyük bir məbləğdə qazancının əlindən çıxması, həmin qazancının əldən çıxması ilə məişətdə yaranan gündəlik problemlər ona böyük mənəvi zərər yetirmişdir. Hər bir insan kimi ona yetirilən mənəvi zərərin qiymətini yüksək hesab etsə də, belə hesab edir ki, bunu ağlabatan dərəcədə, yəni 25000 ABŞ dolları məbləğində hesablamağı daha məqsədəuyğun olardı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 91000 ABŞ dolları məbləğində borcun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində istinad etdiyi cavabdehin adından yazıldığı göstərilən xx.xx.2019-cu il tarixli şikayət ərizəsi və xx.xx.2019-cu il tarixli vəsatət cavabdeh tərəfindən yazılmamış, cavabdehin həmin sənədlərdən xəbəri yoxdur. Cavabdeh bir dəfə məhkəmə prosesində iştirak etmiş, həqiqətən tərəflər arasında 91 000 ABŞ dolları məbləğində qalıq borcu olduğunu və bunun qarşılığında şifahi razılaşmaya əsasən 5 il müddətinə iddiaçı həmin əmlak kompleksində yaşamaqla kirayə haqqların alaraq borcun bağlanacağını bildirmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdən 2019-cu ilin noyabr ayına kimi həbsdə olmuş, bu səbəbdən məhkəmə prosesslərində iştirak edə bilməmiş, iş üzrə ona bəlli olan hallara dair izahatlarını məhkəməyə verə bilməmiş, iddia tələbi ilə bağlı dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia etdiyi borcun yaranmasına səbəb olan İddiaçı alqı-satqı yolu ilə Cavabdeh satdığı Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Y yaşayış sahəsi 13N ünvanında ümumi sahəsi 1686,5 kv.metr olan Əmlak kompleksinə görə cavabdehdən 2 409 000 ABŞ dolları aldığı halda, həmin əmlak kompleksini bu günə kimi cavabdehə təhvil vcrməməsdir. İddiaçı faktiki olaraq cavabdehin mülkiyyətindən istifadə etməklə ona xüsusilə külli müqdarda ziyan vurmuşdur. İddaçının tələbindən belə çıxır ki, cavabdehin 2 409 000 ABŞ dolları pulunu 5 il əsassız özündə saxlamaqla bu hesaba əsassız varlanmış, cavabdeh isə külli miqdarda qazancdan məhrum olmuşdur. Əgər həmin pul vəsaiti illik ən aşağı faiz dərəcəsi ilə 10%-lə banka depozitə qoyulmuş olsaydı illik 240 900 ABŞ dolları gəlir götürməklə 5 ilə x 240 900 = 1 204 500 ABŞ dolları təşkil edir ki, iddiaçı cavabdehi bu qədər gəlirdən məhrum etmişdir. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli Cavabdeh ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 91000 ABŞ dolları pul ödəmişdir və Cavabdeh xx.xx.2018-ci il tarixədək İddiaçı borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli şikayət ərizəsindən görünür ki, Cavabdeh bildirmişdir ki, onun İddiaçı 91000 ABŞ dolları borcu var. İş materiallarında olan xx.xx.2019-cu il tarixli vəsatətdən görünür ki, Cavabdeh bildirmişdir ki, onun İddiaçı 91000 ABŞ dolları borcu var. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Kollegiya işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edilən hüquq normalarının tələblərini nəzərə almaqla, hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh həm birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində göndərdiyi müraciətlərinə, həm də birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətinin məzmununda İddiaçı 91.000 ABŞ dolları borcunun olmasını etiraf etmiş və iddianın təmin hissədə təmin edilməsinə etiraz etməmişdir. Cavabdeh apellyasiya şikayətində ona istinad etmişdir ki, tərəflər arasında 91 000 ABŞ dolları məbləğində qalıq borcu olmuş və bunun qarşılığında şifahi razılaşmaya əsasən 5 il müddətinə iddiaçı həmin əmlak kompleksində yaşamaqla kirayə haqqların alaraq borcun bağlanacağını bildirmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. Belə ki, iddia tələbinin faiz borcu və mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırki iş üzrə iddiaçı 25000 ABŞ dolları məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 25000 ABŞ dolları miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddia tələbinin 7280 ABŞ dolları məbləğində faiz hissəsinə münasibətdə kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddia tələbi həmin hissədə əsaslandırılmamış və məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, 91000 ABŞ dolları əsas borcun ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi, 7280 ABŞ dolları faiz borcu və 25000 ABŞ dolları məbləğində mənəvi zərərin ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2967/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1681/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1681/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver