Məhkəmə qərarları › İş №2(103)-1681/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1681/2022

14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1681/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində vurulmuş maddi ziyanın və dövlət rüsumu qaydasında ödədiyi 30 manatın, ümumilikdə 1030 manat pul vəsaitinin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2000-ci ildən tanımış və hazırda aralarında pulun qaytarılmamasına görə mübahisə davam edir. Cavabdeh “Topdan satış deposunda” tibbi dərmanların satışı ilə məşğul olduğundan, onunla dərman alış-verişi edirdi. 2015-cı ildən X2 onunla ortaqlı dərman satışı ilə birlikdə çalışırdı. Dərmanları "Avromed" dərman şirkətinə verirmişlər, əvəzində qarşılıqlı dərman götürürdülər və həmin dərmanlan Cavabdeh verirdilər. Cavabdeh 15-30 gün müddətində dərmanların satış pulunu X1 ödəyirdi. Sonradan o Samirəyə verilən dərmanların satış pulunu istəyəndə onun aldatdığını hiss edib bundan sonra Samirə vasitəsilə göndərilən pulun özünə verilməsini bildirmişdir. Həmin zaman Fərhad əlində pulun olmadığını deyəndən sonra gözləməyə məcbur olmuşdur. Cavabdehlə razılaşdıqları müddətdə, yəni ki 2018-ci ilin axırında verəcəyi 3000 manat pul vəsaitindən cəmi 2000 manat ödəmiş və qalan 1000 manatı isə tezliklə qaytaracağına söz vermişdir. Cavabdeh bu günədək həmin pulu qaytarmaqdan məqsədli şəkildə boyun qaçırır. Məhkəmədən kənar şəkildə qalan pulun qaytarılmasını tələb etsə də, heç bir nəticə alınmadığından, onun hərəkətləri barədə aidiyyəti üzrə polis orqanlarına şikayət etmişdir. Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-də cavabdehin izahatı alınsa da, mübahisənin mulkı xarakter daşıması baxımından məhkəməyə müraciət olunması tövsıyyə edilmişdir. Cavabdeh aldadaraq pulunu mənimsədiyindən, hazırda da 1000 manat məbləğində ona vurduğu maddi zərəri və çəkdiyi məhkəmə xərclərini tam şəkildə ödəməlidir. Cavabdeh tərəfindən vurulmuş maddi ziyan zamanında qaytarılsaydı, həmin pul vəsaitinə müəyyən işlər görüb əlavə pul vəsaiti qazana bilərdi. Onun hərəkətləri nəticəsində bu qazancdan məhrum olmuşdur. Buna baxmayaraq real şəkildə vurulmuş maddi ziyanı cavabdehdən tələb edir. Cavabdehin hərəkətlərinin nəticəsi olaraq bu gunə qədər vurulmuş zərərin ödənilməsi barədə məhkəmədən kənar şəkildə mübahisənin həlli mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(005)- 4747/2021 nömrəli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı X10 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2021 saylı iş üzrə 04.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə iclasında verdiyi izahata əhəmiyyət verməmiş, izahatı iclas protokoluna salınmamışdır. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi təqdirdə məhkəmə kobud prosessual pozuntuya yol verərək onun guya iştirak etdiyi qətnamədə qeyd edilmişdir. Əslində cavabdehin ona qarşı qanunsuz hərəkətləri cinayət hüquqi xarakterli olmuş, lakin təəssüflər olsun ki, polis orqanları onun əməllərinə hüquqi qiymət verməmişdir. Cavabdehin onun 1000 manat məbləğində pul vəsaitini mənimsədiyini, geri qaytarmaqdan imtina etdiyini bildirmişdir. Ondan təhvil aldığı dərman vasitələrini sataraq əvəzində pulunu ödəməmişdir. Cavabdehin iddiaçıdan yanaşı başqa vətəndaşları aldadaraq pullarını mənimsəmişdir. Məhkəmə işin obyektiv araşdırılması üçün şərait yaratmış, tərəfindən şahidlərin məhkəməyə gətirilməsinə imkan verməmişdir. Cavabdehin onunla birgə işləyən Həmzəyeva Samirə ilə əvvəllər məhkəmə mübahisəsi olduğunu, qeyd etdiyi borc məbləğləri ilə bağlı 2016-cı il tarixli həmin iş materiallarının mövcud olduğunu qeyd etmişdir. Həmin işi məhkəmə vasitəsilə sorğu etmək olduğunu, lakin, bununla bağlı işə baxan hakim iddiaçının vəsatətlərini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə sübutlarını təqdim etməyə şərait yaratmamışdır. Onların cavabdehlərlə münasibətlərinə və iddiaçının pulunu mənimsədiyini faktını təsdiq edə bilən şahidləri Əliyev Əliağa və Həmzəyev Habilin birinci instansiya məhkəməsində dindirilmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işi tərəflərin münasibətinə uyğun əsaslandıra bilməmişdir. İş üzrə sübutları təqdim etməyinə şərait yaratmamışdır. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən sübutlara birtərəfli qaydada, yəni cavabdehin xeyrinə qiymət vermişdir. Onun bilavasitə iştirakı olmadığı halda iclasda güya iştirak etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X8 iddia əizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 ünvan 1 ünvanında qediyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh Nizami RPİ-nin 23-cü PB-də verdiyi izahatın surətindən görünür ki, X4 heç bir borcu yoxdur, əksinə X3 ona 2000 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan müddəalara əsasən tərəflər arasında borc müqaviləsi olmasa da, öhdəlik münasibətlərinin mövcudluğu ilə bağlı mübahisəli halı araşdırma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məbləği cavabdehə verməsi barədə inandırıcı sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfindən həmin fakt etiraf olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehin iddiaçıya müəyyən məbləğldə pul verməli olmasını göstərsə də, yalnız şahid ifadələri ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc müqaviləsi olmadığılndan iddiaçının hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər formal mülahizələrə əsaslanmışdır.Belə ki, iş materiallarının 21,23-cü vərəqlərindən görünür ki, iddiaçı 26.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, həmçinin, 04.11.2021-ci il tarixli məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmişdir.İddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsində “giriş hissədə ”onun iştirakının yalan yazılmasını göstərsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin “təsviri hissəsində ” (i/vərəqi-39) iddiaçının əvvəlki məhkəmə iclasında iştirak etdiyi qeyd edilmişdir. Bu isə düzgün olan qətnamənin ləğv edilməsinə əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1. maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 2000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 404-.1-ci maddəsinə əsasən (Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 404.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(005)- 4747/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar