Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1684/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2307/2021 saylı, 26 oktyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 50.000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2307/2021 saylı, 26 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində göstərilir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hər iki tərəf aralarında faktiki olaraq borc münasibətlərinin olduğunu öz izahatlarında təsdiq etmişlər. Məhkəmə istinad etmişdir ki, Cavabdeh Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş İddiaçı müraciəti əsasında toplanmış rədd materialından görünür ki, Cəfərzadə Ceyhun öz izahatında İddiaçı qızıl-zinət əşyaları aldığını, aldığı puldan 28000 manat qaytardığını, 50000 manat borclu olduğunu qəbul etmişdir. İş materiallarında olan səs yazılarında və CD yazılarında da cavabdeh iddiaçıya 50.000 manat borcu olduğunu qəbul etmişdir. Halbuki hakim cavabdehin məhkəmə zalında verdiyi ifadəyə istinad etməli, çəkişmə prinsipini təmin etməli idi. Məhkəmə Cavabdeh 38-ci Polis Bölməsində qorxaraq verdiyi ifadəyə istinad etmiş, işi tam və hər tərəfli araşdırmamışdır. Məhkəmə iddiaçı ilə cavabdeh arasında olan alqı-satqı müqaviləsinin olub-olmadığını yoxlamamış, qızılların qəbulu zamanı cavabdehin imzası olubolmadığına baxmamış, ümumiyyətlə verilən qızılların dəyərinin 78000 manat olduğunu araşdırmamışdır. Onlardakı yazışmalarda 20 mart 2021-ci il tarixində cəmi 5-6 min manat borc olduğu göstərilir. İddiaçı özü etiraf edir ki, uşaq olduğu üçün səhv edib inanıb verib. Necə oldu ki, 3 ay içində 5-6 min manat borc 78 min manat oldu? Bütün bunlar araşdırılmamış və üzə çıxmamışdır. Mülki Məcəllənin 398.3-cü maddəsinə istinad edərək bildirir ki, məhkəmə bu hissədə də düzgün qərar verməmişdir. Belə ki, Cavabdeh verilən qızılların dəyəri bazar dəyəri ilə cəmi 28000 manat hesablanmalıdır. Uzağı bir az yuxarı hesablanacaq. Alqı-satqı müqaviləsində qiymət müəyyən edilmədiyi halda bu şişirdilmiş qiymətin necə hesablandığına məhkəmə cavab verməyib. İddiaçı Mülki Məcəllənin 740-ci maddəsinə istinad etmiş, borc müqaviləsi şifahi bağlana bilər deyə məhkəməyə müraciət etmişdir. Amma məhkəmə həmin maddənin 2-ci bəndində olan «borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır» maddəsini gözdən qaçırmışdır. Belə ki, 78000 manatlıq qızıl hansı məntiq və əsasla şifahi müqavilə şəklində bağlana bilər? Məhkəmə iddianı təmin edərkən maddi hüquq normasını pozmuşdur. Belə ki, iddaçı cavabdehə qızıl-zinət əşyalarını verən zaman aralarında imzalı heç bir sənəd belə imzalatmamış, hadisə baş verdikdən sonra vermədiyi qızılları da yalandan hesablatmış, hətta verdiyi qızılları da bazar qiymətindən ç o x şişirtmişdir. Belə bir halda iddiaçının məhkəməyə müraciət edərək şişirdilmiş qiymətlərlə pul istəməsi əsassız sayılmalı və məhkəmə ədalətli qətnamə çıxarmalıdır. Məhkəmə Cavabdeh aldadılaraq bu tora düşürülməsinə qiymət verməmişdir. Məhkəmə zalında onun təqdim edildiyi sübutlar araşdırılmamışdır. İş materiallarından da görünür ki, iddaçı məhkəmə zamanı heç bir sübut təqdim etməmiş, sadəcə Polisin "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərarına istinad etmişdir. Məhkəmə sözə istinad edərək cavabdehdən 50.000 manat pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. İddiaçı cavabdehlə aralarında olan qızılın qiyməti ilə bağlı sübut və borc müqaviləsi təqdim etməmişdir. Amma həm əlində olan “whatsapp” yazışmasında həm də qızılın həqiqi dəyərindən görünür ki, ortada 50.000 manat puldan söhbət belə gedə bilməz. Məhkəmə sadəcə iddiaçının polisə şikayət etməsinə və polisin hədə qorxusu ilə alınan ifadəyə əsaslanıb. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə etmişdir. Lakin sonuncu məhkəmə iclasında üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X2 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Mülki Məcəllənin 567, 597.1, 598.1, 598.2, 598.3, 600.1, 600.4, 427.3, 427.4, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad edərək qənaətini belə əsaslandırmışdır ki, işə baxıldıqda müəyyən edildi ki, hazırkı mülki iş üzrə tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısına dair şifahi müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 78.000 manat dəyərində qızılzinət əşyaları cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh tərəfindən həmin əşyalar qəbul edilmiş, əşyaların dəyərinin bir hissəsi, yəni 28.000 manatı ödənilsə də, qalan 50.000 manatı iddiaçıya ödənilməmişdir. Göründüyü kimi, hazırkı mülki iş üzrə cavabdehin iddiaçı qarşısında 50.000 manat məbləğində alqı-satqı müqaviləsi üzrə borc öhdəliyi yaranmışdır. Bu halda, məhkəmə hazırkı mülki iş üzrə işin hallarını əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və(və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh verilən qızılların bazar dəyəri ilə cəmi 28000 manat hesablanmalı olduğunu, uzağı bir az yuxarı hesablanacağını bəyan edirsə bunu özü sübut etməlidir, lakin cavabdeh bu halları sübut edə bilmir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri təsdiq edən müəyyən sübutları özlərində saxlayırlar. Bu cür nisyə alqı-satqı müqavilələri bağlayan zaman da könüllü olaraq müqavilənin şərtləri ilə razılaşırlar. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri şifahi qaydada bağladıqları nisyə alqı-satqı müqaviləsinə və iddianın əsasını təsdiq edən sübutlara əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə hər hansı bir məbləğdə borcunun qalmadığını yaxud hazırki işdə olduğu kimi aldığı qızıl-zinət əşyalarının dəyərinin tələb edilən məbləğdə olmadığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli və həqiqətin müəyyən edilməsi məqsədilə məhkəmə tərəflər arasında yaranmış mülki hüquq münasibətləri üzrə sübut edilməli hallarla bağlı sübutetmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi bağlansa da cavabdeh qızılların bazar dəyəri ilə cəmi 28000 manat hesablanmalı olduğunu, uzağı bir az yuxarı hesablanacağını bəyan edir. Lakin cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zaman cavabdeh özü izahatında iddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə 50000(əlli min)manat borcu qaldığını etiraf etmişdir. Cavabdeh məhkəmənin sadəcə iddiaçının polisə şikayət etməsinə və polisin hədə qorxusu ilə alınan ifadəyə əsaslandığını göstərsə də bu halları yəni iddiaçıya qızılzinət əşyalarının satışı ilə bağlı 50000(əlli min) manat borcu qalmadığını və cinayət təqibi üzrə aparılan araşdırma zamanı izahatını hansısa təsir altında yazdığını sübut etmək vəzifəsi, artıq onun üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə, izahat verərkən ona hədə yaxud təzyiq olmuş olsaydı borcunu gələcəkdə də qaytarmayacağını deyil, qaytaracağını bəyan edərdi. Demək, tərəflər arasında qızıl-zinət əşyalarının dəyəri yaxud alqı-satqı qiyməti barədə əvvəlcədən razılaşmaları olmuşdur. Əks halda cavabdeh iddiaçıya əlli min manat deyil, başqa bir məbləğdə, məsələn daha az məbləğdə borcunun qaldığını etiraf edərdi. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2307/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1684/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1684/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver