Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-169/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına qarşı dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 iyul 2019-cu il tarixli qətnamədən (İş № 2(004)-3695/2019) iddiaçının verdiyi apellyasiya şikayətinə, İddiaçı cavabdehlər Cavabdeh, X1 və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 oktyabr 2020-ci il tarixli qətnamədən (İş № 2(004)-669/2020) iddiaçının verdiyi apellyasiya şikayətinə, əsasən mülki işə hər iki iş üzrə İddiaçı vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil4 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşlərin xronologiyası ilə bağlı qısa məlumat: Baxmayaraq ki, işlərin icraatının başlanması və yekunlaşması tarixinə görə 2(004)- 3695/2019 saylı iş birinci iş sayılır, işlərin kökünü təşkil edən iddiaların həlli aydın olsun deyə həmin iş bundan sonra şərti olaraq “ikinci iş”, 2(004)-669/2020 saylı iş isə şərti olaraq “birinci iş” adlandırılacaq və onların həlli bu növbəlik ilə təsvir ediləcək. “Birinci iş” barədə məlumat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus və ünvan 1 ünvanında yerləşən mənzilin (bundan sonra – mübahisəli mənzil) Nigar Aslanovaya satılması barədə bağlanmış və 53 saylı Notariat Kontorunda rəsmiləşdirilərək reyestrdə 4Ə-164 nömrə altında qeydə alınmış 23.02.2016-cı il tarixli, İP-AS 016 AİF saylı “İpoteka ilə yüklü edilmiş əmlakın alğı-satqı müqaviləsinin”, mübahisəli mənzilin Nigar Aslanova tərəfindən Cavabdeh satılması barədə bağlanmış və 19 saylı Notariat Kontorunda rəsmiləşdirilərək reyestrdə 4Ə-117 nömrə altında qeydə alınmış 29.04.2017-ci il tarixli, AN- İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin”, sonradan həmin mənzilin Elman Cavadiyə satılması barədə bağlanmış və 38 saylı Notariat Kontorunda rəsmiləşdirilərək reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış 01.10.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, cavabdehlərin, o cümlədən cavabdeh Elman Cavadinin adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 04.10.2018-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı “Reyestrdən çıxarış” ləğv edilməsi və mənzil üzərində onun (iddiaçının) hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – DƏDRX Əİ), Bakı Şəhərinin 19 saylı Notariat Kontoru, 38 saylı Notariat Kontoru və 53 saylı Notariat Kontoru göstərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmuşdur. Bu hal DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 16.06.2011-ci il tarixli, MA seriyalı, ******* saylı “Reyestrdən çıxarış” ilə təsdiq edilir. İddiaçı həmin mənzili 2006-cı ildə tikinti kooperativindən almış və sonradan kredit ilə sənədləşdirmişdir. Həmin vaxt iddiaçı subay idi. Sonradan, yəni 14.11.2009-cu il tarixdə iddiaçı (iş üzrə tərəf olmayan) Dadaşova (Cam) Sənəm Rəşid qızı ilə nikaha daxil olmuş və onu mənzilə gəlin gətirmişdir. Həmin nikahdan onların 2 övladı var. İddiaçı, həyatında baş vermiş problemlər ilə əlaqədar Azərbaycan Respublikasını tərk etmək məcburiyyətində qalmışdır. Bununla bağlı olaraq iddiaçı, mənzilin və digər əmlaklarının idarə olunmasının rəsmiləşdirilməsi məqsədilə dostu (iş üzrə tərəf olmayan) Şahid1 09.06.2013-cü il tarixdə 3 il müddətində qüvvədə olan və bütün səlahiyyətləri özündə ehtiva edən etibarnamə vermişdir (etibarnamə həmin tarixdə Bakı Şəhəri 13 saylı Notariat Kontorunda reyestrdə 7E-7403 nömrə altında qeydə alınmışdır). İddiaçının arvadı iddiaçının xaricdə olmasından istifadə edərək iddiaçının adından çıxış etməyə səlahiyyəti olan Şahid1 öz anası (iddiaçının qayınanası) Cavabdeh adına 13.09.2014-cü il tarixdə bütün səlahiyyətləri özündə ehtiva edən etibarnamə almağa nail olmuşdur. Bundan sonra həmin etibarnamədən istifadə edilməklə mənzilin formal olaraq və dəfələrə özgəninkiləşdirilməsi baş vermiş, iddiaçının adından çıxış edən Cavabdeh iş üzrə digər cavabdeh (iddiaçının arvadının rəfiqəsi) Nigar Aslanova ilə 23.02.2016-cı il tarixdə İP-AS 016 AİF saylı “İpoteka ilə yüklü edilmiş əmlakın alğı-satqı müqaviləsi” bağlamışdır (müqavilə 53 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş və reyestrdə 4Ə-164 nömrə altında qeydə alınmışdır). Həmin müqaviləyə görə, mənzil guya 100.000 manata Nigar Aslanovaya satılmışdır. 29.04.2017-ci il tarixdə 19 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə- 117 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” əsasında mənzil Nigar Aslanova tərəfindən guya 100.000 manata Cavabdeh satılmışdır. 01.10.2018-ci il tarixdə isə 38 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” əsasında mənzil Nigar Aslanova tərəfindən 285.000 manata cavabdeh Elman Cavadiyə satılmışdır. Qeyd edilən müqavilələr bağlanan zaman DƏDRX Əİ tərəfindən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” hər dəfə “Reyestrdən çıxarış” verilmişdir. Sonuncu dəfə, yəni 04.10.2018-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrindən” Elman Cavadinin adında “Çıxarış” verilmişdir. Göründüyü kimi, mənzilin özgəninkiləşdirilməsi iddiaçının iradəsinə zidd və görünüş üçün həyata keçirilmiş, mənzil iddiaçının mülkiyyətindən qanunsuz olaraq çıxmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.10.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir (İş № 2(004)-669/2020). İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. “İkinci iş” barədə məlumat: İddiaçı cavabdehlər Cavabdeh, Aslanova Nigar (iddia ərizəsində adı səhvən Nərgiz kimi göstərilmişdir) Allahverdi qızı və X3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbinin iddiaçı tərəfindən dəqiqləşdirilməsi nəticəsində Rayon Məhkəməsinin icraatında iddiaçının Cavabdeh qarşı “pul tələbi barədə” iddia tələbi qalmışdır. Həmin iddia ilə iddiaçı mübahisəli mənzilin Cavabdeh tərəfindən 01.10.2018-ci il tarixdə 38 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsi” əsasında cavabdeh (“birinci iş” üzrə cavabdehlərdən biri, mənzilin hazırki mülkiyyətçisi) Elman Cavadiyə satılması nəticəsində əldə olunmuş 285.000 manat, mənzilin real bazar dəyərindən aşağı qiymətlə satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 65.000 manat, cəmi isə 350.000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddia tələbinin bir sıra əsasları “birinci iş” üzrə mülki işin icraatının başlanmasına əsas olmuş iddia tələbinin əsasları ilə eynilik təşkil edir. Bu səbəbdən Məhkəmə həmin əsasları təkrar təsvir edilməsinə lüzum görmür. Bu iddia tələbi üzrə əlavə (və faktiki olan) əsaslar ondan ibarətdir ki, əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, onda Cavabdeh mənzilin satılması nəticəsində Elman Cavadidən aldığı 285.000 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Çünki Cavabdeh həmin məbləği özündə saxlamaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya məxsus həmin mənzilin real bazar dəyəri 350.000 manatdır. Lakin Cavabdeh mənzili tez satmaq və gəlir niyyətində olduğu üçün mənzili daha aşağı qiymətə - 285.000 manata satmaqla iddiaçıya (350.000 – 285.000=) 65.000 manat məbləğində maddi zərər vurmuşdur ki, bu zərərin əvəzi iddiaçıya ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.07.2019-cu il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir (İş № 2(004)-3695/2019). İddiaçı həmin qətnamədən də Məhkəməyə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları hər iki iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşlərin bir icraatda birləşdirilməsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı məlumat: İddiaçı vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək hər iki apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizələrinin məzmununa, habelə apellyasiya şikayətlərinin əsaslarına uyğun izahat verdi. O, bildirdi ki, təmsil etdiyi şəxs – İddiaçı "xxxx" ASC-nin rəhbəri olmuşdur. Bankın fəaliyyətində aşkar edilmiş pozuntular ilə bağlı 2013-cü ildə cinayət işi başlanmış və İddiaçı həmin vaxt istintaqdan yayınmaq mövqeyində olduğu üçün Azərbaycan Respublikası tərk etmişdir. 2019-cu ildə o, mövqeyini dəyişmiş, 24.06.2019-cu il tarixdə Azərbaycana könüllü qayıtmış və istintaq orqanı tərəfindən həbs olunmuşdur. Azərbaycana qayıtmaq ərəfəsində İddiaçı mənzillə maraqlandıqda mənzilin satılmasından xəbər tutmuş və 2019-cu ilin ortalarından etibarən (yuxarıda qeyd edilən) iddialar ilə məhkəmələrə müraciət etmişdir. Bu baxımdan hesab edilməlidir ki, İddiaçı hər iki iddia üzrə tələbetmə müddətlərini ötürməmişdir. Hər iki iş üzrə Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, hər iki iş üzrə verilmiş apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hər iki iş üzrə qəbul etdiyi qətnamələrin əsaslarına uyğun izahat verdilər. Onlar bildirdilər ki, mənzil iddiaçının razılığı ilə satılmış və satışdan əldə olunmuş pul vəsaiti iddiaçıya verilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, İddiaçı hər iki iddia üzrə tələbetmə müddətlərini ötürmüşdür. “Birinci iş” üzrə digər cavabdehlər və üçüncü şəxslərin nümayəndələri işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, həmin qətnamə dəyişdirilmədən saxlanılmalı, Rayon Məhkəməsinin 26.07.2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə ləğv edilməli və həmin iş üzrə iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 08.02.2008-ci il tarixli, 024812 saylı orderdən görünür ki, (mübahisəli) mənzil X4 verilmişdir. AZ-İ seriyalı, 014719 saylı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamədən” görünür ki, iddiaçının adı X6 olmuş və bu şəhadətnaməyə əsasən dəyişdirilərək X12 olmuşdur. Bu barədə akt qeydləri kitabında 15.04.2008-ci il tarixdə 02 nömrə altında müvafiq qeyd aparılmışdır. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışdan” görünür ki, mənzil iddiaçının mülkiyyətində olan əmlak kimi reyestrdə 09.02.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir və mübahisə doğurmur ki, iddiaçı ilə X7 14.11.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan onların 2 övladları var. İddiaçı, (hazırda ləğv prosesində olan) "xxxx" ASC-nin baş direktoru olmuşdur. Bankın fəaliyyətində aşkar edilmiş pozuntular ilə bağlı 2013-cü ildə cinayət işi başlanmış və iddiaçı istintaqdan yayınmaq üçün Azərbaycan Respublikası tərk etmiş, bir neçə il ərzində xaricdə yaşamışdır. O, 24.06.2019-cu il tarixdə Azərbaycana könüllü qayıtmış və istintaq orqanı tərəfindən həbs olunmuş və hazırda həbsxanadadır. Bakı Şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 09.06.2013-cü il tarixdə resmiləşdirilərək reyestrdə 7E-7403 nömrə altında qeydə alınmış etibarnamədən görünür ki, iddiaçı, ona məxsus əmlaka (o cümlədən mübahisəli mənzilə) dair geniş səlahiyyətləri (iş üzrə tərəf olmayan) Şahid1 3 il müddətində etibar etmişdir. “İkinci iş” üzrə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, vaxtilə İddiaçı rəhbərli altında "xxxx" ASC-də işləmiş, Bankda departament rəhbəri olmuşdur. Fuad ilə münasibətləri yaxşı olduğundan Fuad, məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası tərk edən zaman, Azərbaycanda olan əmlaklarının idarə edilməsi ilə bağlı ona etibarnamə vermişdir. Bundan bir müddət sonra, yəni 2013-cü ilin sonunda Fuad ilə münasibətləri pozulmuşdur. Daha sonra isə, yəni 2014-cü ilin əvvəlində Fuadın arvadı Sənəm ona zəng edərək burada Fuadın işlərini gördüyünü bildirmiş və Fuadın verdiyi etibarnamənin ona verilməsini istəmişdir. O, Sənəmin sürücüsü Elyar vasitəsi ilə etibarnaməni Sənəmə göndərmişdir. 2016-cı ilin fevral ayında Sənəm ona zəng edərək Fuadın pula ehtiyacı olduğu üçün ipoteka ilə yüklü edilmiş (mübahisəli) mənzili satmaq istədiklərini bildirmişdir. Mənzil ipoteka yüklülüyündə olduğundan və Fuadın burada problemləri yarandığından mənzili Fuadın adından çıxarmaq üçün alğı-satqını Sənəmin rəfiqəsi olan Nigar Aslanovanın adına sənədləşdirmişlər. “İkinci iş” üzrə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, vaxtilə "xxxx" ASC-də İddiaçı rəhbərli altında işləmiş, X8 rəhbəri olmuşdur. 2016-cı ilin fevral ayında Şahid1 ona zəng edərək Fuada məxsus mənzilin ipotekadan çıxarılmasının sənədləşdirilməsinə kömək etməsini xahiş etmişdir. O, bu işi yaxşı bildiyi üçün onlara məsləhət vermiş və məsləhəti əsasında mənzil Fuadın arvadı Sənəmin rəfiqəsi Nigar Aslanovanın adına, sonuncunun əmək haqqısının məbləği kifayət etdiyi üçün, formal olaraq sənədləşdirilmişdir. “İkinci iş” üzrə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş (iddiaçı ilə nikahda olduğu zaman soyadı Cam olmuş) Şahid4 ifadəsində göstərmişdir ki, keçmiş əri İddiaçı Bakı şəhərində problemləri olduğu üçün onlar uşaqları ilə birlikdə X2 Dubay şəhərinə köçmüşlər. (Mübahisəli) Mənzilin ipotekada olduğundan və Fuadın borcunu ödəyə bilmədiyi üçün o, mənzilin əllərindən çıxacağını nəzərə alaraq mənzilin satılmasını Fuada təklif etmişdir. Fuad ona bildirmişdir ki, həmin mənzilə görə 31.000 manat xərci çıxmış və hazırda mənzil 100.000 manata satılarsa maddi durumlarını yaxşılaşdırarlar. Fuad Dubayda olan Azərbaycan Respublikasının Səfirliyinə getmiş, lakin onun cinayət işinə görə axtarışda olduğuna görə etibarnamənin rəsmiləşdirilməsinin mümkün olmaması bildirilmişdir. Onun sonradan yadına düşmüşdür ki, Bakıdan getməmişdən qabaq Şahid1 etibarnamə vermişdir. Fuad Mahirlə əlaqə yaradaraq həmin mənzili satmaq istədiyini Mahirə bildirmişdir. Fuad mənzilin alğı-satqısının sənədləşdirilməsi üçün onu (Sənəmi) Bakı şəhərinə yola salmışdır. Bakıya qayıtdıqdan sonra o, mənzilin satılması ilə bağlı rəsmiləşdirmə işləri ilə məşğul olmuş, mənzil Fuadın Mahirə verdiyi etibarnamə əsasında Nigar Aslanovaya satılmış və ipoteka borcu ödənildikdən sonra qalan məbləğ İddiaçıla onun birgə yaşayışı üçün istifadə olunmuşdur. “İkinci iş” üzrə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2009-cu ildən 2013-cü ilədək "xxxx" ASC-də hüquqşünas vəzifəsində çalışmışdır. İddiaçı həmin Bankda baş direktor vəzifəsində işləmişdir. Fuad onun həm etibarlı insan olmasını, həm də hüquqşünas olmasını həyat yoldaşı Sənəm xanıma bildirərək onunla əlaqə saxlamasını xahiş etmişdir. O, Fuad ilə skype vasitəsi ilə iki dəfə əlaqə saxlamış, Fuad ona Bakıdakı mənzilini satmaq istədiyini bildirmiş və alğısatqının sənədləşdirilməsinə kömək etməsini ondan xahiş etmişdir. 13.09.2104-cü il tarixli, AR-İ seriyalı, 339845 saylı etibarnamədən görünür ki, Şahid1 iddiaçı tərəfindən ona verilmiş səlahiyyətləri (iddiaçının qayınanası) Cavabdeh etibar etmişdir. Səlahiyyətlər sırasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakların idarə edilməsi və onların üzərində sərəncam verilməsi səlahiyyəti də nəzərdə tutulmuşdur. İddiaçının adından çıxış edən Cavabdeh ilə iş üzrə digər cavabdeh (iddiaçının arvadının rəfiqəsi) Nigar Aslanova ilə 23.02.2016-cı il tarixdə bağlanmış və 53 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-164 nömrə altında qeydə alınmış İP-AS 016 AİF saylı “İpoteka ilə yüklü edilmiş əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, bu müqavilə ilə mənzil 100.000 manata Nigar Aslanovaya satılmışdır. 29.04.2017-ci il tarixdə 19 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə- 117 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, bu müqavilə əsasında mənzil Nigar Aslanova tərəfindən 100.000 manata Cavabdeh satılmışdır. 01.10.2018-ci il tarixdə 38 saylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə- 225 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, mənzil Cavabdeh tərəfindən 285.000 manata cavabdeh Elman Cavadiyə satılmışdır. DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 04.10.2018ci il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Elman Cavadinin adına qeydə alınmışdır. “Birinci iş” üzrə icraatın başlanmasına əsas olmuş mülki mübahisənin həlli ilə bağlı Məhkəmə aşağıdakıları bildirir: Müzakirə edilən tələbin hüququ əsası ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olmuş mübahisəli mənzil cavabdehlər arasında ayrı-ayrı vaxtlarda bağlanmış “Alğı-satqı müqavilələri” əsasında iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Bu iddia tələbinə qarşı cavabdeh tərəfin etirazı isə ondan ibarətdir ki, mənzil, mənzilin mülkiyyətçisi olmuş iddiaçının razılığı ilə satılmışdır. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı bu iddia üzrə tələbetmə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Mülki Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı 09.06.2013-cü il tarixdə (iş üzrə tərəf olmayan) Şahid1 bütün əmlakının üzərində sərəncam verilməsinə dair 09.06.2016-cı il tarixə kimi qüvvədə olan geniş səlahiyyətli etibarnamə vermiş, sonuncu isə 13.09.2014-cü il tarixdə ona verilmiş səlahiyyətləri Cavabdeh etibar etmişdir. Səlahiyyətlər sırasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayarq bütün əmlakın idarə edilməsi və onun üzərində sərəncam verilməsi də nəzərdə tutulmuşdur. Qeyd olunan etibarnamə əsasında Cavabdeh mübahisəli mənzili Nigar Aslanovaya, sonradan Nigar Aslanova mənzili Cavabdeh və nəhayət Cavabdeh mənzili Elman Cavadiyə satmışdır. Hazırda mübahisəli mənzilə dair xüsusi mülkiyyət hüququ Elman Cavadiyə məxsusdur və mülkiyyət hüququ rəsmi reyestrdə onun adına qeydiyyata alınmışdır. Cavabdeh mənzilin İddiaçı razılığı ilə satılmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, mənzil, mənzilin mülkiyyətçisi olmuş İddiaçı razılığı olmadan özgəninkiləşdirilmişdir. Məhkəmə yuxarıda qeyd edilən “Alğı-satqı müqavilələrin” etibarsız hesab edilməsi barədə tələbə kəsici müddətin tətbiqi ilə bağlı bildirir ki, hazırki iş üzrə həmin müddət tətbiq edilə bilməz. Çünki iddiaçının, müqavilələr bağlanan zaman Azərbaycan Respublikasında olmaması, yəni cinayət təqibi ilə bağlı istintaqdan yayınmaq məqsədi ilə 2013-cü ildə Azərbaycan Respublikasını tərk etməsi, 24.06.2019-cu il tarixədək Respublikada olmaması və bununla əlaqədar mənzilin aqibətindən xəbərsiz olması anlaşılandır və bu, üzürlü hal kimi qəbul edilməlidir. Hər bir halda nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının mənzilin satılmasından (yəni iddiaçının bildirdiyi kimi hüququnun pozulmasından) xəbərdar olmasını, xəbərdar idisə hansı vaxtdan xəbərdar olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişlər. Buna baxmayaraq Məhkəmə hesab edir ki, mənzilə dair bağlanmış “Alğı-satqı müqavilələri” etibarsız hesab edilə bilməzlər. Çünki işin halalları ilə müəyyən edilir ki, mənzili sonuncu növbədə almış Elman Cavadi vicdanlı əldə edən şəxsdir. Belə ki, İddiaçı tərəfindən sübuta yetirilməmişdir ki, Elman Cavadinin iddia ərizəsində qeyd edilən faktlardan xəbəri olmuşdur. Bu hal sübuta yetmədiyindən qəbul edilməlidir ki, mənzili sonuncu növbədə əldə edərkən Elman Cavadi mənzilin Cavabdeh mülkiyyətində olması barədə “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışa” etibar edərək mənzili almaqla heç bir qanunun tələblərini pozmamışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə də, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bunları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.10.2004-cü il tarixli qərarında, “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16.08.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli qərarında, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.02.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il qərarında “vicdanlı əldə edən” şəxslər ilə bağlı təsbit edilmiş hüquqi mövqeyi nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi İddiaçıış “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasını təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin “birinci iş” üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalı, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, İddiaçı iş üzrə cavabdeh olan Elman Cavadinin vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər. “İkinci iş” üzrə icraatın başlanmasına əsas olmuş mülki mübahisənin həlli ilə bağlı Məhkəmə aşağıdakıları bildirir: Yuxarıda qeyd edildiyi kimi, İddiaçı hesab edir ki, əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, onda Cavabdeh mənzilin satılması nəticəsində Elman Cavadidən aldığı 285.000 manat məbləğində pul Cavabdeh alınaraq ona ödənilməlidir. Çünki Cavabdeh həmin məbləği özündə saxlamaqla onun hesabına əsassız olaraq varlanmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, ona məxsus həmin mənzilin real bazar dəyəri 350.000 manatdır. Lakin Cavabdeh mənzili tez satmaq və gəlir niyyətində olduğu üçün mənzili daha aşağı qiymətə - 285.000 manata satmaqla ona (350.000 – 285.000=) 65.000 manat məbləğində maddi zərər vurmuşdur ki, bu zərərin əvəzi də Cavabdeh onun xeyrinə tutulmalıdır. İddiaçı bu iddia tələbini Cavabdeh ilə Elman Cavadi arasında bağlanmış 01.10.2018-ci il tarixli “Alğı-satqı müqaviləsi” ilə və "xxxx" MMC tərəfindən verilmiş 25.07.2019-cu il tarixli qiymətləndirmə arayışla əsaslandırır. Məhkəmə bildirir ki, "xxxx" MMC tərəfindən verilmiş 25.07.2019-cu il tarixli, ƏEM/İ 57-747/19 №-li qiymətləndirmə arayışından görünür ki, iddiaçıya məxsus həmin mənzilin dəyəri 340.000-350.000 manat təşkil edir. Artıq yuxarıda qeyd edildiyi kimi Cavabdeh ilə Elman Cavadi arasında 01.10.2018ci il tarixdə bağlanmış və 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh mənzili 285.000 manata Elman Cavadiyə satmışdır. Bu iddia tələbinə qarşı Cavabdeh etirazı ondan ibarətdir ki, mənzil, mənzilin mülkiyyətçisi olmuş iddiaçının razılığı və real qiymətə satılmış, satışdan əldə olunmuş pul vəsaiti isə iddiaçıya verilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı bu iddia üzrə də tələbetmə müddətini ötürmüşdür. Məhkəmə, “birinci iş” üzrə artıq müəyyən edilmiş halları nəzərə alaraq bildirir ki, MPM-nin tələblərinə görə, mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (maddə 8.1.). Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 371.). Göründüyü kimi mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmələr iş üzrə tərəflərin heç birinə üstünlük vermir; məhkəmələr öz təşəbbüsü ilə sübut toplamır; iş üzrə tərəflər sübutlarını işə baxan birinci instansiya məhkəməsinə təqdim edirlər; yeni sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız qanunla müəyyən edilmiş hallarda qəbul edilir. Lakin iş materiallarından görünür ki, işə Rayon Məhkəməsi tərəfindən baxılarkən, mənzilin satışından əldə edilmiş pul vəsaitinin iddiaçıya çatdırılması faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən Cavabdeh qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir. Onun övladı (iddiaçının arvadı olmuş) Sənəm də Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilərkən pul məbləğinin iddiaçıya verilməsini ifadəsində bildirsə də, Məhkəmə bu ifadəyə tənqidi yanaşır, çünki şahid ilə iddiaçının münasibətləri gərgindir və bu səbəbdən şahidin iddiaçının ziyanına, lakin anasının mövqeyinə uyğun ifadə verməsi anlaşılandır. Bu baxımdan Məhkəmə hesab edir ki, mənzilin satışından əldə edilmiş pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya verilməmişdir. Həmin pul vəsaitinin Cavabdeh qalmasının hüquqi əsası yoxdur. Belə olan halda qəbul edilməlidir ki, Cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin 1091-ci maddəsinin mənasına görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2.). Məcəllənin 1092.1-ci maddəsinə görə isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə əsassız varlanma barədə tələbə kəsici müddətin tətbiqi ilə bağlı bildirir ki, hazırki iş üzrə də həmin müddət tətbiq edilə bilməz. Çünki iddiaçının, mənzil satılan zaman Azərbaycan Respublikasında olmaması, yəni cinayət təqibi ilə bağlı istintaqdan yayınmaq məqsədi ilə 2013-cü ildə Azərbaycan Respublikasını tərk etməsi, 24.06.2019-cu il tarixədək Respublikada olmaması və bununla əlaqədar mənzilin aqibətindən xəbərsiz olması anlaşılandır və bu, üzürlü hal kimi qəbul edilməlidir. Hər bir halda nəzərə alınmalıdır ki, Cavabdeh iddiaçının mənzilin satılmasından xəbərdar olmasını, xəbərdar idisə hansı vaxtdan xəbərdar olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişlər. Göstərilənlərə baxmayaraq “ikinci işə” baxmış Rayon Məhkəməsi işin yuxarıda göstərilən hallarını müəyyən edə bilməmiş, işin bütün faktiki halların aydınlaşdırmamış və nəticədə, müzakirə edilən və əsaslı olan bu tələbi təmin etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsinin nəticəsi işin hallarına və iş üzrə tərəflər arasında yaranmış münasibətlərə uyğun deyil. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilənlər Rayon Məhkəməsinin nəticəsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə hesab edir ki, “ikinci iş” üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə “mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilə üzrə Cavabdeh alıcı Elman Cavadidən aldığı 285.000 manat məbləğində pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə” tələbin rədd edilməsi hissəndə ləğv edilməli və həmin tələbin təmin edilərək, qeyd edilən pul məbləğinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. “İkinci işə” baxmış Rayon Məhkəməsi iddianın “mənzili daha aşağı qiymətə - 285.000 manata satmaqla iddiaçıya 65.000 manat məbləğində dəymiş maddi zərərin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə” hissəsini də təmin etməmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, iddianın müzakirə edilən bu hissəsi sübutların təqdim edilməməsi əsası ilə oluna bilməz. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu yanaşması səhvdir. Belə ki, iddiaçı bu tələbin sübutu kimi artıq yuxarıda qeyd edilən və Cavabdeh ilə Elman Cavadi arasında bağlanmış 01.10.2018-ci il tarixli “Alğı-satqı müqaviləsinə”, habelə "xxxx" MMC tərəfindən verilmiş 25.07.2019-cu il tarixli qiymətləndirmə arayışına əsaslanır. Başqa sözlə iddiaçı müvafiq sübutları işə baxmış Rayon Məhkəməsinə təqdim etmişdir. Müqavilədə qeyd edilir ki, Cavabdeh mənzili 285.000 manata Elman Cavadiyə satmışdır. “Qiymətləndirmə arayışında” isə qeyd edilir ki, mənzilin dəyəri 340.000-350.000 manat təşkil edir. Məhkəmə qeyd edilən “Qiymətləndirmə arayışına” tənqidi yanaşır. Çünki qiymətləndirmə arayışdan görünür ki, qiymətləndirməni həyata keçirmiş qiymətləndirici mövqeyini onunla əsaslandırmışdır ki, mənzillərin 2016-cı ildən hazırki tarixədək qiymət dinamikasında artım var və bu səbəbdən də, həmin artım dinamikası nəzərə alınmalıdır. Lakin mənzilin hazırki qiymətini müəyyən etmiş qiymətləndirici mənzilə dair “Alğı-satqı müqaviləsinin” bağlandığı 01.10.2018-ci il tarixə mənzilin qiymətini müəyyən etməmişdir. Məhkəmə, MPM-nin yuxarıda göstərilən prinsiplərini (mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmələr iş üzrə tərələrin heç birinə üstünlük vermir; məhkəmələr öz təşəbbüsü ilə sübut toplamır; iş üzrə tərəflər sübutlarını işə baxan birinci instansiya məhkəməsinə təqdim edirlər; yeni sübutlar apellyasiya instansiya məhkəməsi tərəfindən yalnız qanunla müəyyən edilmiş hallarda qəbul edilir) nəzərə alaraq mənzilin qeyd edilən dövrə aid olan qiymətinin müəyyənləşdirilməsi istiqamətində sübut toplamamışdır. Bundan başqa Məhkəmə nəzərə alır ki, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir (Vergi Məcəlləsi; maddə 14.1.). Qiymət satıcı ilə alıcının qarşılıqlı razılaşması nəticəsində müəyyən edilir. Bu baxımdan hesab edilməlidir ki, müzakirə edilən tələbin təmin edilməsi üçün əsas yoxdur; tələb əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi bu tələbi bu əsasla deyil, sübutların təqdim edilməməsi əsası ilə rədd etmişdir. Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir. Tələbin həlli ilə bağlı Rayon Məhkəməsini mövqeyi işin hallarına uyğun gəlmir. MPM-nin 385-ci maddəsinə görə isə, qeyd edilənlər Rayon Məhkəməsinin nəticəsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, Məhkəmə hesab edir ki, “ikinci iş” üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə “mənzili daha aşağı qiymətə - 285.000 manata satmaqla iddiaçıya 65.000 manat məbləğində dəymiş maddi zərərin əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə” tələbin rədd edilməsi hissəndə ləğv edilməli və həmin tələbin başqa (yuxarıda qeyd edilən) edilən əsasla təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla da müəyyən edilir ki, “ikinci iş” üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası qismən təmin edilsin. 285.000 (iki yüz səksən beş min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-169/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-169/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver