Məhkəmə qərarları › İş №2(103)-1692/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1692/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1692/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(008)-6991/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən 7797,66 manat əsas, 1123,85 manat faiz, 26 manat cərimə borcu olmaqla, cəmi 8947,51 manat borcun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə illik 21% hesablanmaqla 8500 manat məbləğində kredit verilmişdir. Hazırda borclu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır, üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli üzrə müddətlər 2 aydan artıq gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Digər borclu Cavabdeh2 həmin sazişə əsasən bank qarşısında zamin duraraq, kreditin ödənilməsi üçün əsas borclu ilə birgə üzərinə öhdəlik götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(008)- 6991/2021 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia təmin olunmuşdur. Cavabdeh2 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclasında iştirakının təmin olunmaması, borcun dəqiqləşdirilməməsi, bunun üçün ekspertizanın təyin olunmaması, Cavabdeh1 tərəfindən 01 oktyabr 2021-ci il tarixdə 1017 manat pul ödənilməsi kimi əsaslandırmış və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məzuniyyətdə olması ilə bağlı şəhərdə olmamasını, bu səbəbdən də məhkəmə iclasında iştirak edə bilməməsini göstərmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 14.08.2020-ci il tarixli kredit sazişinin bağlanması, Cavabdeh1 36 ay müddətinə, illik 21% hesablanmaqla 8500 manat məbləğində kredit verilməsi, digər Cavabdeh2 həmin sazişə əsasən bank qarşısında zamin duraraq, kreditin ödənilməsi üçün əsas borclu ilə birgə üzərinə öhdəlik götürməsi, öhdəliyin lazımi qaydada icra olunmaması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh (zamin) apellyasiya şikayətində kredit borcunun məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Cavabdeh apellyasiya şikayətində, həmçinin Cavabdeh1 tərəfindən 01 oktyabr 2021-ci il tarixdə 1017 manat pul ödənilməsini qeyd etmiş, lakin şikayətə bununla bağlı hər hansı sübut əlavə etməmişdir. Hətta, həmin məbləğin ödənilməsi şərti olaraq qəbul edilsə belə, işdə olan sübutlardan (kredit sazişi, ödəniş cədvəli və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Yəni, verilmiş kreditin məbləğindən, ödəniş cədvəli üzrə tələb olunan müddət üzrə ödənilməli olan faizlərin ümumi məbləğindən açıq-aşkar görünür ki, cavabdehin ödənişləri nəzərə alınmaqla, qalıq məbləğlər (əsas və faiz) tələb olunmuşdur. Eyni zamanda, işdən görünür ki, tələb olunmuş dəbbə pulu (cərimə) 26 manat təşkil etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunmuş cərimənin azaldılmasına zərurət görmür. Cavabdeh apellyasiya şikayətində, həmçinin məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmiş, lakin işdə olan sübutlardan (bildirişlər, reyestrlər və s.) görünür ki, cavabdehə rəsmi qeydiyyatda olduğu ünvan üzrə (ünvan 1xtı barədə rəsmi qaydada bildirişlər göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində də eyni ünvanı həm qeydiyyat, həm də yaşayış ünvanı kimi göstərmişdir (həmçinin, cavabdeh məhkəmə kollegiyasına ünvanladığı teleyramda da eyni ünvanı qeyd etmişdir). MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 146-cı maddəsinin tələbinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2.-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(008)-6991/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(008)-6991/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar