Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1693/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(001)- 202/2023 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (şikayət formasına və məzmununa tam riayət olunmadığından). Hazırda, iddiaçı məhkəmənin 30 dekabr 2023-cü il tarixli qərardadından şikayət vermiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. MPM-in 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna tərtbit etməmiş, 2 saylı Əlavə “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün halların aydınlaşdırılmamasına dair dəlillər” başlıqlı 8-ci, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” başlıqlı 9-cu, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” başlıqlı 10-cu və “Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər” başlıqlı 11-ci hissələri şikayətdə göstərilməmişdir. İddiaçı isə şikayətində rayon məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması ilə prosessual hüquq normalarının tələblərini pozduğunu və düzgün tətbiq olunmadığı, şikayətin əsassız olaraq geri qaytarıldığını və s. göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-nin 361.1.4-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya şikayətindən görünür ki, orada apellyasiya şikayəti verən şəxs barədə məlumatlar, işin halları, apellyasiya şikayəti verən şəxsin tələbi, maddi və prosessual hüquq normalarının pozulmasına dair qrafalar, ödənilmiş dövlət rüsumuna dair məlumatlar və s. qeyd olunmuşdur (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş, MPM-in 361-ci maddəsi). Apellyasiya şikayətində MPM-ə 2 saylı Əlavədə qeyd olunmuş bəzi qrafaların göstərilməməsi halı isə məsələyə formal yanaşmaqla, vəziyyəti dəyişdirmir. Yəni, apellyasiya şikayəti vermiş şəxs qətnamədən yalnız maddi və prosessual hüquq normalarının tətbiqi hissədə narazıdırsa, həmin hissələrdə dəlillərini göstərməklə şikayəti tərtib etməyə haqlıdır. Əsas məqam, şikayətin MPM-ə 2 saylı Əlavədə qeyd olunmuş formada tərtib olunmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «X1rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə mürajiət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin, sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1693/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1693/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver