Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1694/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, e-2(011)-7244/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə 10 sentyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, e-2(011)- 7244/2021 saylı qərardadı ilə (hakim Pərviz Zamanlı) iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması, iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında iştirak etməsi, sonuncu məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərilməsi, işə baxılmasında süründürməçiliyin olması və s. kimi əsaslandırılmış, məhkəmədən şikayətin təmin edilməsi xahiş olunmuşdur. Prosessual məsələlər: İşə Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, cavabdeh tərəfin şikayətə etirazı, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv olunmalı, sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə iddia ərizəsi 10 sentyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, ilk məhkəmə baxışı 14 oktyabr 2021-ci il tarixə, saat 14.20-yə təyin olunmuş, həmin iclasda iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehlər gəlmədiyindən məhkəmə baxışı 04 noyabr 2021-ci il tarixə saat 15.50-yə təxirə salınmış, növbəti məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və Cavabdeh2 iştirak etmiş, işə mahiyyəti üzrə baxılmağa başlanılmış, izahatlar alınmış, işin obyektiv araşdırılmasının təmini məqsədilə məhkəmə baxışı 25 noyabr 2021-ci il tarixə saat 17.30a təxirə salınmış, sübutların toplanması məqsədilə sorğular verilmiş, sonuncu məhkəmə baxışı 21 dekabr 2021-ci il tarixə saat 16.50-yə təxirə salınmışdır. Məhkəmənin sorğusu üzrə 20 deyabr 2021-ci il tarixdə zəruri sənədlər təqdim olunmuş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, pandemiya ilə əlaqədar nümayəndənin iştirakını təmin edə bilmədiklərini göstərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin iddia baxılmamış saxlanmışdır. Göründüyü kimi, iddia ərizəsi uzun zaman icraatda olmuş, əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və cavabdehlərdən Cavabdeh2 iştirak etmiş, izahatlar alınmış, müvafiq sübutlar əldə olunmuş, yalnız sonuncu iclasda ərizə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin sonuncu iclasda tərəflərin iştirak etməməsi əsası ilə ərizəni baxılmamış saxlaması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə nəyə görə işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktının çıxarılmasının mümkün olmamasını əsaslandırmamışdır. Bununla yanaşı, qərardad ziddiyyətli olmaqla, əsaslandırılmamışdır. Qərardadda məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasına gəlməməsi və gəlməmələrinin səbəbləri barədə məlumat verməmələri qeyd olunsa da, işdən görünür ki, iddiaçı tərəf məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat göndərmiş, lakin məhkəmə bunun nəyə görə nəzərə alınmamasını göstərməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, e-2(011)-7244/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, e-2(011)- 7244/2021 saylı qərardadı ləğv edilsin, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1694/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1694/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver