Məhkəmə qərarları › İş №2(103)-1695/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1695/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1695/2019 26.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3481/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12889 (on iki min səkkiz yüz səksən doqquz) ABŞ dolları 02 (iki) sent əsas borc, 6154 (altı min yüz əlli dörd) ABŞ dolları 92 (doxsan iki) sent faiz borcu, 1379 (min üç yüz yetmiş doqquz) ABŞ dolları 32 (otuz iki) sent cərimə borcu olmaqla, cəmi 20423 (iyirmi min dörd yüz iyirmi üç) ABŞ dolları 26 (iyirmi altı) sent borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-3481/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə 22-M-1-0-447-14 saylı xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12889,02 ABŞ dolları əsas borc. 6154,92 ABŞ dolları sent faiz borcu, 130 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19173,94 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB-nin xeyrinə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-3481/2018 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Həmçinin, qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)- 3481/2018 saylı qətnaməsinin ləğv edilərək borc məbləğinin işin faktiki halına və qanunvericiliyə uyğun şəkildə hesablanaraq həmin məbləğ əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə qətnamənin qanuni olması onun hüquq normalarına uyğun olmasını,qətnamənin əsaslı olması isə onun işin faktiki hallarına uyğun olmasını ehtiva edir.Eyni zamanda qanunvericiliyin tələbinə əsasən obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri olan sualların izah edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməlidir.Mövcud vəziyyətdə onun tərəfindən İddiaçı İKB ASC-yə külli miqdarda borc məbləği ödənildiyi halda kreditor təşkilatın hesablamalarının və təqdim etdiyi maliyyə arayışının düzgün olub-olmadığı məlum olmadan birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmadan və mühasibat ekspertizası təyin edilmədən qətnamə qəbul edilməklə prosessual qanunvericiliyin tələbləri pozularaq əsassız qətnamə qəbul edilmişdir Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən çıxarılan qətnamə ilə isə bir vətəndaş kimi hüquqları pozulmuşdur. O, pozulmuş hüquqlarının məhkəmədə bərpa olunmasına güman edir. Lakin,Nəsimi Rayon Məhkəməsi onun bir vətəndaş kimi hüquqlarının bərpa olunmasına göz yumaraq onun ziyanına qətnamə çıxarmışlar. Bu ədalətsizlikdir. Məhkəmə bank tərəfindən şişirdilmiş faizləri nəzərə almamış və faizlərin hesablanması üçün ekspertiza təyin etməmişdir. Burdan görünür ki, hakim ona qarşı ədalətsizlik etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Cavabdeh1 və Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir. İddiaçı apellyasiya şikayəti ilə müraciət etmədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli İddiaçı İKB Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İddiaçı İKB ilə Cavabdeh2 arasında bağlanmış 22-M-1-0-447-14 saylı xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Tərəflərlə bağlanmış müqavilələrə əlavələrə əsasən, öhdəliyin müddəti 48 ay müəyyən edilmiş, öhdəliklərin son icra müddəti xx.xx.2018-ci il müəyyən edilmiş və illik faiz dərəcəsi 26% müəyyən edilmişdir. xx xxxxx 2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 İddiaçı İKB-dən 19000 ABŞ dolları pul götürmüşdür. İşdən göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqaviləsi üzrə əsas borc 12889,02 ABŞ dolları, faiz borcu 6154,92 ABŞ dolları təşkil etmişdir. Buna baxmayaraq,iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-12327/2018 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə Bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin az, faiz borcunun isə çox hesablandığı müəyyən olunmuşdur. Belə ki, Ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 11488 saylı ekspert rəyinə əsasən, xx.xx.2018-ci il tarixə, yəni müqavilə müddətinin sonuna olan əsas borcu 11.870,29 ABŞ dolları, faiz borcu isə 8243,01 ABŞ dolları hesablanmışdır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə əsas borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından faiz borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birini instansiya məhkəməsi borclular tərəfindən Banka ödənilməmiş əsas borcun məbləği 11.870,29 ABŞ dolları müəyyən edilməlidir. Kollegiya cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası dəbbə pulunun tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində qismən əsassızdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza zamanı dəbbə pulu məbləğinin hesablanması mümkün olmasa da, tərəflər arasında öz iradə ifadələrinə uyğun şəkildə bağlanmış müqavilədə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. Lakin, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan dəbbə pulu məbləğini müəyyən edərkən cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Odur ki, birinci instansiya məhkəməsi borcluların və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq mövcud müqavilə üzrə dəbbə pulunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2apellyasiya şikayətləri qismən təmin edilməli, İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan əsas borc 11.870,29 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2apellyasiya şikayətləri qismən təmin edilsin. İddiaçı İKB ASC-nin xeyrinə tutulmalı olan əsas borc 11.870,29 ABŞ dolları müəyyən edilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat təşkil etdiyindən, həmin məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar