Məhkəmə qərarları › İş №2(103)-1698/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1698/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1698/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «bərpa olunmayan kredit xətti müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6086/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «bərpa olunmayan kredit xətti müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2014cü il tarixli, 129479-1-11757 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə banka borclu olduğu 2302 ABŞ dolları 24 sent əsas borc, 627 ABŞ dolları 80 sent faiz olmaqla, cəmi 2930 ABŞ dolları 04 sent məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 129479-1-11757 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə illik 25 faiz hesablanması şərti ilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 129479-1-11757 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı razılaşmaya əsasən cavabdehin xx xxxxxx 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 3916 ABŞ dolları məbləğində borcu illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxxxx 2018-ci il tarixdən icra etməmiş və nəticədə banka 2.302 ABŞ dolları 24 sent əsas borc, 627 ABŞ dolları 80 sent faiz olmaqla, ümumilikdə 2930 ABŞ dolları 04 sent məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6086/2019 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia ərizəsi təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertizanın təyin olunmaması kimi əsaslandırılmışdır. Cavabdeh apellyasiya şikayətinə əlavə verərək, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız 627 ABŞ dolları 80 sent faizin tutulması hissəsində narazı qalmasını, qətnaməni həmin hissədə mübahisələndirməsini, faizlərin 330 ABŞ dolları təşkil etməsini, əsas borcla razı olmasını göstərmiş, bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz hissədə yoxlanılmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun bütün ödənişləri bank tərəfindən nəzərə alınsa və hesabdan çıxarışda öz əksini tapsa da hesab edir ki, faizlər düzgün hesablanmamışdır. Faizlərin məbləği təxminən 330 ABŞ dolları təşkil etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli, 129479-1- 11757 saylı müvafiq kredit müqaviləsinin bağlanması, cavabdehə istehlak məqsədi ilə illik 25 faiz hesablanması şərti ilə 24 ay müddətinə 3800 ABŞ dolları məbləğində kreditin verilməsi, sonradan tərəflər arasında kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə 01 saylı razılaşmanın bağlanması, həmin razılaşmaya əsasən cavabdehin xx xxxxxx 2016-cı il tarixə mövcud olan borcunun kapitallaşdırılaraq 3916 ABŞ dolları məbləğində müəyyən olunması və illik 25 faiz hesablanması şərti ilə müddətin 60 ay uzadılması, buna baxmayaraq cavabdeh tərəfindən öhdəliyin lazımınca icra olunmaması işin mübahisə edilməyən hallarıdır. Cavabdeh apellyasiya şikayətində faizlərin məbləğini mübahisələndirərək, faiz borcunun təxminən 330 ABŞ dolları həddində olmasını bildirsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, apellyasiya şikayətinin dəlillərinə dair, habelə faiz borcunun borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda isə, məhkəmə kollegiyası faizlərin məbləğinin müəyyən olunması üçün ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi izahatında da bütün ödənişlərinin bank tərəfindən nəzərə alınaraq hesabdan çıxarışda öz əksini tapmasını bildirmişdir. İşdən görünür ki, borc məbləği xx xxxxxxxx 2019-cu il tarixə olan vəziyyətdə tələb olunmuşdur ki, cavabdehin bütün ödənişləri həmin tarixədək həyata keçirilmiş və nəzərə alınmışdır. Həmçinin qeyd edilməlidir ki, işdə olan problemli kreditlərin kompensasiyasından və arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı cavabdehin hazırki krediti üzrə 177,83 manat kompensasiya hesablanmış və həmin məbləğ borcdan çıxılmışdır (bu hissədə tərəflər arasında mübahisə yoxdur). Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində işə onun iştirakı olmadan baxılmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdeh işə onun iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr və s.) aydın olur ki, cavabdehə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana bir-neçə dəfə məhkəmə bildirişləri göndərilmiş, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda, cavabdeh yaşayış yerini dəyişməsi (əgər belə bir hal vardırsa) ilə bağlı da məhkəməyə hər hansı məlumat verməmişdir. Belə olan halda, MPM-nin 146-cı maddəsinə əsasən məhkəmə bildirişləri məhkəmə məlum olan axırıncı ünvana çatdırılır və çağrılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş sayılır. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «bərpa olunmayan kredit xətti müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6086/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6086/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən ` Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar