Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1698/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1698/2025 (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2369/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 610499 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən Cavabdeh banka olan qalıq qalmış 5984,76 ABŞ dolları məbləğində borcu restrukturizasiya edilmiş, restrukturizasiya müddəti xx.xx.2021-ci il tarixədək, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə sazişin imzalandığı tarixdən etibarən 8% ödəniləcəyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9097,42 ABŞ dolları - bundan 4562,96 ABŞ dolları əsas, 1687,90 ABŞ dolları faiz, 2190,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 656,46 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 136,40 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 610499 saylı kredit müqaviləsinə 13 aprel 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“bundan sonra restrukturizasiya edilmiş kredit”) 5984,76 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4731,46 ABŞ dolları əsas borc, 836,22 ABŞ dolları faiz borcu və 417,08 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9097,42 ABŞ dolları təşkil edir. Bundan 4562,96 ABŞ dolları əsas, 1687,90 ABŞ dolları faiz, 2190,10 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 656,46 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********986 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
4. 23.02.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 4562,96 ABŞ dolları əsas; 1687,90 ABŞ dolları faiz; 2190,10 ABŞ dolları cərimə; 656,46 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmış faiz olmaqla; cəmi 9097,42 ABŞ dolları borcu olduğu qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4303/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə: əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları. Sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları; faiz borcu 5% ilə - 453,20 ABŞ dolları. Sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları; faiz borcu 5% ilə - 454,97 ABŞ dolları. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7658/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 610499 saylı kreit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları. xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla): əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları; əldən çıxmış fayda borcu üzrə - 450,09 ABŞ dolları (illik 5%-lə). İş materiallarında xx.xx.2014-cü il tarixli 610499 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 dekabr 2024-cü il tarixli 2(006)-2369/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, 3192,77 ABŞ dolları əsas borc, 954,28 ABŞ dolları faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxt üçün 450,09 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 4797,14 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 72 manatı Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin banka olan borcunun müəyyən edilməsindən ötrü məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, nəticədə borc məbləğlərini əks etdirən ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəydə müqavilə üzrə yaranmış cavabdehin banka yaranmış olan əsas və faiz (müqavilə müddətinin bitmə tarixinə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu da daxil) borcları göstərilmiş və həmin məbləğlər bank tərəfindən tələb edilən məbləğdən aşağı olmuşdur. Lakin bank rəylə razılaşmayıb yenidən ekspertizanın təyin edilməsi təşəbbüsü ilə çıxış etmiş və məhkəmə tərəfindən yenidən ekspertiza təyin edilmiş olsa da, hər iki rəydə də borc məbləğlərində fərq olmamışdır.
10. Məhkəmə ekspert rəyinə qiymət verərək hesab etmişdir ki, rəydə göstərilən hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 443.1, 445.1, 448.1, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.7, 119.1, 206.1 və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, cərimə borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur. Məhkəmə isə cərimə məbləğini qismən, yəni 200 ABŞ dolları məbləğində müəyyən etməklə əsassız qətnamə qəbul etmişdir. Bank tərəfindən cavabdehə kredit xx.xx.2014-cü tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə tam təmin etməyərək, onun mənafeyini pozmuşdur. Qətnamədə birinci instansiya məhkəməsi əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borcunu azaldarkən xx.xx.2024-cü il tarixli, 4303/2024 saylı və xx.xx.2024-cü il tarixli, 7658/2024 saylı ekspert rəylərinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır. Borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 22.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə iddiaçının apelyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. İddiaçı cavabdehlə bağlanmış kredit müqaviləsinə bağlanmış əlavə sazişə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb edir.
35. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
36. Cavabdehin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.
37. İddiaçının dəlili odur ki, məhkəmə cərimə məbləğini qismən, yəni 200 ABŞ dolları məbləğində müəyyən etməklə əsassız qətnamə qəbul etmişdir; iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmış, lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə tam təmin etməyərək, onun mənafeyini pozmuşdur; məhkəməsi əsas, faiz və gecikdirilmiş vaxt üçün illik beş faiz borcunu azaldarkən ekspert rəylərinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır.
38. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə maliyyə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyləri alınmışdır.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7658/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 610499 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) və xx.xx.2024-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2021-ci il tarixə: əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları. xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə illik 5% dərəcəsi ilə hesablanmaqla): əsas borc üzrə - 3192,77 ABŞ dolları; faiz borcu üzrə - 954,28 ABŞ dolları; əldən çıxmış fayda borcu üzrə - 450,09 ABŞ dolları (illik 5%-lə).
40. Göründüyü kimi keçirilmiş ekspertiza tədqiqatı ilə razı olmayan bank, keçirilmiş təkrar ekspertiza rəyi ilə də razı deyil. Buna baxmayaraq, iddiaçı ekspert rəyini şübhə altına alan hər hansı sübutu məhkəməyə təqdim etmir.
41. İş materiallarında xx.xx.2014-cü il tarixli 610499 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır.
42. Bununla belə iddiaçı 2190,10 ABŞ dolları cərimə məbləği tutulmasını tələb edir. Məhkəmə isə həmin məbləği 200 ABŞ dolları müəyyən etmişdir.
43. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Kollegiya birinci instansiya məhkəməsininin qənaətini əsaslı hesab edir.
45. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, ekspertiza xüsusi biliyə malik olan şəxs tərəfindən aparılır. Ekspertizanın təyin edilməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasına xidmət edir. Cavabdehin banka olan borcunun hesablanması bu sahədə xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır.
46. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstərilən hallar qanuni və əsaslı olan qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2369/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddiaçının şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.