Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-17/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi, eyni zamanda Cavabdeh3 prosessual hüquqi varisi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(009)-115/2018 saylı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2015-ci il tarixli 99/0540/DİK saylı kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədləri üçün 24 faiz dərəcəsi ilə 60 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 mart 2016-cı il tarixli sazişə əsasən kredit müqaviləsi üzrə faiz dərəcəsi 21-ə endirilmişdir.
2. "xxxx" ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 19 mart 2015-ci il tarixli 99/0540/DİK saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı olaraq Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında yerləşən 5 otaqlı 136,2 kv.metr ümumi sahəsi olan mənzil ipoteka ilə yüklü edilmişdir.
3. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 arasında bağlanmış 19 mart 2015-ci il tarixli 99/0540/DİK saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh2 və X7 həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşlar.
a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət etmiş, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış 19 mart 2015-ci il tarixli, 99/0540/DİK saylı kredit müqaviləsinin və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair 07 mart 2016-cı il tarixli Sazişin ləğv edilməsi, həmin müqavilələrə əsasən 61531,32 ABŞ dolları əsas borc, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən 30951,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 92483,14 ABŞ dolları məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra satışdan əldə olunmuş vəsait hesabına iddiaçının tələblərinin ödənilməsi, satışdan əldə edilmiş vəsait iddia tələblərinin ödənilməsinə kifayət etməzsə, borcun cavabdehlərdən müştərək qaydada tutulması, satışdan əldə edilmiş vəsait tələblərin ödənilməsindən sonra artıq qalarsa, cavabdehə qaytarılması, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli 2(009)-115/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 19 mart 2015-ci il tarixli 99/0540/DİK saylı kredit müqaviləsinin və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair 07 mart 2016cı il tarixli Sazişin ləğv edilməsi, cavabdehlərdən 61526,84 ABŞ dolları məbləğində əsas borc, 12327,46 ABŞ dolları məbləğində faiz borcu və 31 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, tutmanın həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 136,2 kv.m, yaşayış sahəsi 113,6 kv.m, yardımçı sahəsi 22,6 kv.m olan 5 otaqlı mənzilə (ipoteka predmeti 272000 manat məbləğində qiymətləndirilməklə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin hesabına iddiaçının tələblərinin ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində mənzilin boşaldılması qət edilmişdir. (hakim X6)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin iddiaçı bank qarşısında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlikləri yaranmışdır. Buna görə də iddia tələbi kredit borcunun tutulması hissəsində qismən, yəni məhkəmə mühasibatlıq ekspertizası ilə müəyyən edilmiş həcmdə, qalan hissədə isə tam təmin olunmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319, 385.1, 442, 445, 447.1-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı "xxxx" ASC və Cavabdeh1 apelyasiya şikayəti vermişlər.
9. "xxxx" ASC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kredit müqaviləsinin müddətinin 19 mart 2020-ci il tarixdə bitməsini və birinci instansiya məhkəməsində işə baxılarkən 2 dəfə iddia tələbinin həcminin artırılması barədə ərizəni nəzərə almamış, məhkəmə mühasibatlıq ekspertizasının 08 avqust 2017-ci il tarixli rəyi əsas götürülərək 07 noyabr 2016-cı il tarixə hesablanmış faiz borcunu nəzərə alıb qətnamə çıxarmışdır. Buna görə də qətnamənin 12327,46 ABŞ dolları faiz borcu hissəsində dəyişdirilməsi xahiş olunmuşdur.
10. Cavabdeh1 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qərar çıxararkən onların maddi vəziyyətini nəzərə almamış, Bakı şəhərinin mərkəzində, Nizami küçəsində yerləşən, 1 kv.m sahəsinin qiyməti 3012 manat olan mənzil dəyərindən xeyli aşağı qiymətə---272000 manata qiymətləndirilmişdir. Məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Buna görə də qətnamənin ləğv olunması və təkrar qiymətləndirmə ekspertizası keçirilməklə müvafiq qətnamə qəbul olunması xahiş olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bankın apellyasiya şikayətinin təmin olunmasını, Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
13. Cavabdeh1 nümayəndəsi X3 təmsil etdiyi Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmasını, bankın şikayətinin təmin olunmamasını xahiş etdi.
14. Apellyasiya icraatı zamanı işə baxılan dövrdə---07 yanvar 2019-cu ildə Cavabdeh3 öldüyündən, onun oğlu X3 mərhum cavabdehin prosessual hüquqi varisi qismində prosesə cəlb olunmuşdur.
15. Digər cavabdehlər Cavabdeh2 və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətində qətnamənin faiz borcu hissəsi, Cavabdeh1 apellyasiya şikayətində isə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Lakin faiz borcu və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Buna görə də qətnamə həmin hissələrdə dəyişdirilməlidir.
19. "xxxx" ASC ilə Cavabdeh1 kredit müqaviləsi və əlavə sazişin bağlanması, Cavabdeh3, Cavabdeh2 və X4 həmin kreditin qaytarılmasına zamin durmaları, Cavabdeh3 öz mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etməsi, Cavabdeh1 iddiaçı banka kredit borcunun olması işin mübahisələndirilməyən hallarıdır.
20. Apellyasiya icraatı zamanı işə baxılarkən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2015-ci il tarixli 99/0540/DİK saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair 07 mart 2016-cı il tarixli Saziş üzrə Cavabdeh1 "xxxx" ASC-yə sonuncu dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə verildiyi 25 aprel 2018-ci il tarixə əsas və faiz borcunun məbləğini müəyyən etmək məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 10 iyul 2019-cu il tarixli 7125 saylı rəyinə əsasən, Cavabdeh1 "xxxx" ASC-yə 19 mart 2015-ci il tarixli 99/0540/DİK saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinin restrukturizasiyasına dair 07 mart 2016-cı il tarixli Saziş üzrə əsas borcu 61531,32 ABŞ dolları, faiz borcu 30988,61 ABŞ dolları təşkil edir. İddia tələbinin həcminin artırılması barədə 25 aprel 2018-ci il tarixli ərizədə tələb olunan faiz borcunun məbləği 30951,82 ABŞ dolları, ekspertiza rəyi ilə müəyyən olunmuş faiz borcunun məbləği isə 30988,61 ABŞ dolları təşkil edir. Buna görə də Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından faiz borcunun məbləği dəyişdirilərək 30951,82 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
21. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 19 mart 2015-ci il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 262000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmeti olan mənzilin real bazar dəyəri 02 mart 2018-ci il tarixinə 272000 manat təyin edilmişdir. Apellyasiya icraatı zamanı "xxxx" MMC tərəfindən verilmiş müstəqil qiymətləndiricinin 05 avqust 2019-cu il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin qiyməti 340000 manat müəyyən edilmişdir. Apellyator ipoteka predmetinin ilkin satış qiymətinin daha yüksək olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş müstəqil qiymətləndiricinin rəyi daha dolğun və əsaslı olduğundan, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə də dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 340000 manat məbləğində müəyyən edilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti tam, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-115/2018 saylı mülki iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi faiz borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 prosessual hüquqi varisi X3, Cavabdeh2 və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 30951,82 ABŞ dolları, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 340000 manat müəyyən edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 200 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.