Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1702/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-3217/2020 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 776,12 ABŞ dolları əsas kredit borcu, 701,73 ABŞ dolları faiz borcu, 306,77 ABŞ dolları cərimə borcu, ümumilikdə 1784,62 ABŞ dolları borcun, 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013cü il tarixli 21L000001742 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq, kredit razılaşması ilə müəyyən edilir. X7 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 24 ay müddətinəsaylıq faiz dərəcəsi 2.25% olmaqla, hissə-hissə qaytarmaq şərtilə 10.000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il tarixli razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kreditdən 9223,88 ABŞ dolları ödəmiş, onun 776,12 ABŞ dolları borcu qalmışdır. Cavabdeh krediti qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 365 gün üçün hesablanmış faiz borcu 701,73 ABŞ dolları, cərimə borcu 306,77 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin icrasının təminatı məqsədi ilə təşkilatla digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin icrasının təminatı üçün bank qarşısında üzərinə öhdəlik götürmüşlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-3217/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 776,12 ABŞ dolları əsas kredit borcu, 479,03 ABŞ dolları faiz borcu, 30 ABŞ dolları cərimə borcu (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. İddiaçı QSC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə müddət xx.xx.2023-cü il tarixinə kimi müəyyən edilmişdir. Belə ki, zaminlik müqavilələrinin giriş hissəsində birbaşa qeyd edilmişdir ki, "... xx.xx.2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 21L000001742 saylı X7 (bundan sonra "X7) və bu X7nin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlamışlar: Kredit Xətti məbləği: 30000 (otuz min) ABŞ dollar; X9: 120 ay." İddiaçı tərəfindən zaminlərə qarşı tələb həmin müddət çərçivəsində olmuşdur, yəni artıq xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən bütün cavabdehlərə qarşı məhkəmə müstəvisində iddia tələbi irəli sürülmüş və həmin iş də məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən AR MM-nin 477.0.4-cü maddəsinə istinad edilsə də, həmin maddənin birinci cümləsi nəzərə alınmamış, düzgün təhlil və tətbiq edilməmişdir. Belə ki, sözügedən maddənin 1-ci cümləsinin məzmununa görə, “zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir”. İddiaçı ilə cavabdehlər- zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə müddət müəyyən edilmiş və iddiaçı tərəfindən irəli sürülən tələb isə həmin müddətlər daxilində olmuşdur. İstinad olunan maddənin 2-ci cümləsindəki 1 illik iddia müddətin tətbiq edilməsi “tərəflər arasında bağlanmış müqavilələrdə belə müddət təyin edilmədiyi” hallara şamil olunur. Lakin, hazırki mübahisə predmetini təşkil edən məsələ bu halı ehtiva etmir. Çünki zaminlik müqavilələrində həmin müqavilələrin qüvvədə olma müddəti dəqiq göstərilmişdir. Belə ki, zaminlər Cavabdeh2, Cavabdeh3 30000 ABŞ dolları daxil olmaqla, həmin çərçivədə 120 ay müddətinə, yəni 2023-cü ilin yanvar ayına kimi öhdəlik götürmüşlər. Hətta hesab etsək ki, zaminlərə qarşı tələb iddia müddəti ötürülməklə irəli sürülmüşdür (halbuki, iddiaçı bununla razı deyil və hüquqi əsasları yuxarıda qeyd etmişdir). Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Məhkəmə tərəfindən iddia müddəti tətbiq edilən zaman AR MM-nin 375.2-ci maddəsinin pozuntusuna yol verilmişdir. Belə ki, cavabdehlər iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin zaminlərə aid təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)- 3217/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21L000001742 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarından aydın olur ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, hissə-hissə qaytarmaq şərtilə 10.000 ABŞ dolları kredit götürmüşdür. Daha sonra Bank ilə kredit alan arasında xx xxxxxx 2013-cü il tarixli 21L000001742 saylı X7 üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 021R********** kredit razılaşması əsasında kredit alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri üzrə xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il və xx xxxxxx 2018-ci il tarixli sazişə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Sözügedən ödəniş planından görünür ki, kredit alan bank qarşısında götürdüyü öhdəlik üzrə ödəməli məbləğin son tarixi xx xxxxxx 2019-cu il müəyyən edilmişdir. İşdə olan Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC ilə ayrı-ayrılıqda bağladıqları zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsinin icrasının təminatı məqsədi ilə İddiaçı QSC ilə Dadaşov MirMəmməd Ağazəki oğlu və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin icrasının təminatı üçün bank qarşısında üzəriləmə öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab etmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx xxxxxx 2019-cu ildə başa çatdığı gündən bir il ərzində kreditor Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürmədiyindən qanunvericiliyin tələbinə əsasən zaminlərin - kreditor qarşısında öhdəliyinə xitam verilmişdir. Ona görə də, iddia tələbi zaminlərə Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməmişdir. Kollegiya apellyatorun xx.xx.2013-cü il tarixdə bağlanmış 21L000001742 saylı X7 üzrə xx.xx.2023-cü il tarixdən bir illik müddətin hesablanması, həmin müddətin iddia müddəti olması, iddia müddətinin tətbiq olunması ilə bağlı ərizənin olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2012-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Göründüyü kimi, əsas öhdəlik xx.xx.2014-cü il tarixli kredit razılaşması və həmin razılaşmaya sonuncu dəfə xx xxxxxx 2018-ci il tarixli sazişlə edilmiş dəyişiklik əsasında yaranmışdır. Çünki xx.xx.2014-cü il tarixli kredit razılaşmasında öhdəliyin həddi barədə dəqiq məlumatlar mövcuddur. Ona görə də, cavabdehlərin zaminliklə bağlı məsuliyyəti əsas öhdəliyin həddini müəyyən edən xx.xx.2014-cü il tarixli kredit razılaşmasından irəli gəlir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə düzgün olaraq özü bir illik müddəti tətbiq etmişdir. Beləliklə kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-3217/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1702/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1702/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver