Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1704/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(004)- 6991/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 06.04.2015-ci il tarixli müqaviləyə əsasən “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobilin ona geri qaytarılması və ya ona dəymiş zərər olan 18068 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 6 aprel 2015-ci ildə Cavabdeh MMC-dən lizinq yolu ilə “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil almış, avtomobili alarkən ilk ödəniş olaraq 8194 manat, 19 ay müddətinə hər ay 482 manat ödənilməsi müqavilə ilə aralarında razılaşdırılmışdır. Avtomobilin ümumi dəyəri 18068 manat dəyərləndirilmişdir. Həmin avtomobilə görə müqavilə üzrə ödənişlər etdikdən sonra müəyyən problemlər çıxmışdır və uzun sürən istintaq hərəkətlərindən sonra 29 yanvar 2018-ci ildə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarı ilə günahsız olmağı sübut olunaraq, məhkəmə zalından azad olunmuşdur. Bundan sonra 25 avqust 2018-ci il tarixində Cavabdeh MMC-yə gedərək, avtomobilini şirkətin rəhbərliyindən istəmişdir. O zaman avtomobilə ümumilikdə 3900 manat kredit borcu qalmışdır. Şirkətin rəhbərliyi ona 5 il müddətinə həbs olunduğunu eşitdikləri üçün maşını başqasına satdıqlarını bildirmişdir. O isə avtomobilin pulunun çox hissəsini ödədiyini və az kreditinin qaldığını bildirmiş və təkidlə avtomobilini tələb etmişdir. Şirkət rəhbərliyi avtomobilin hər gününə 7 manat cərimə yazıldığını və xərc çəkərək avtomobilə 2397 manat təmir edərək satdıqlarını bildirmişlər. Avtomobilin geri verilməsi üçün cərimə və həmin təmir xərcini ödəməli olduğu bildirilmişdir. O, 25.08.2018-ci ildə 4000 manat şirkətə ödəniş etmiş və ödəniş qəbzini almışdır. Şirkətin rəhbərliyi onunla yenidən 10000 manatlıq kredit müqaviləsi bağlamışdır. O, yeni müqavilənin 2 ayını 432 manatdan ödəmişdir ki, Ali Məhkəmə prokurorun protestini təmin etmiş, yenidən işi Bakı Apellyasiya Məhkəməsinə təkrar baxışa göndərmiş, 13 sentyabr 2019-cu ildə prokurorun protesti əsasında Bakı Apellyasiya Məhkəməsində həbs olunmuşdur. Onun verdiyi kassasiya şikayəti əsasında, Ali Məhkəmə cəzasını 5 ildən 3 ilə endirmiş və Apellyasiya Məhkəməsinin istintaq dövrü həbsdə qaldığı 6 ay 17 günü də çıxaraq üzərində qismən təqsirli bilərək, 2 il 5 ay 11 gün cəza saxlamışdır. Həmin cəzadan 5 ay 8 gün qalmış müəssisə rəhbərliyi və Ədliyyə Nazirliyinin Penitensiyar xidmətinin rəhbərliyi cəzadan onu azad etmişdir. Ümumi dəyəri 18068 manat müəyyənləşdirilmiş avtomobilin ilk ödəniş olaraq 8194 manatını ödəmişdir. 9158 manatı hər ay 482 manat ödəmək şərtilə müqavilə bağlamışdır. Onda olan qəbzlərə əsasən 9874 manat ödəmişdir. Ümumilikdə müqavilədə göstəriləndən 716 manat artıq pul ödədiyi halda 020A saylı alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, yenidən bağlanılmış müqaviləyə əməl edilməmiş, avtomobilini bu dəfə geri vermək istəmirlər. 4000 manat cərimə və təmir pulları aradan itir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 2(004)- 6991/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 aprel 2015-ci il tarixli 020.A nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödənişsiz 19 ay müddətində ayda 482 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 9158 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilənin 5.2-ci bəndinə uyğun olaraq hər hansı maneə yaratmadan avtomobili yararlı vəziyyətdə iddiaçıya vermiş və bununla üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İddiaçı həmin müqavilə üzrə 4974 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.01.2018-ci il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 15.08.2018-ci il tarixli qərarı ilə hökm İddiaçı barəsində dəyişdirilməklə, təyin olunmuş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4500 manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 13.09.2019-cu il tarixli qərarı ilə İddiaçı Məhəmmədli oğlunun üzərində qəti olaraq 4 il 5 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və məhkəmə zalından həbs edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli Qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 ay 08 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 avqust 2018-ci il tarixli 20.B nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ilkin ödəniş 3310 manat olmaqla 24 ay müddətində ayda 432 manat ödəmək şərti ilə 1 (bir) ədəd “Changes CS-35” markalı, **- RP-*** dövlət nömrə nişanlı avtomaşını iddiaçıya satmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən avtomobilin dəyəri 13678 manat müəyyən olunmuşdur. Həmin müqavilə üzrə 20.09.2018-ci il tarixdə 432 manat və 05.12.2018-ci il tarixdə 432 manat olmaqla, cəmi iki dəfə ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında birinci dəfə 06 aprel 2015-ci il tarixli 020.A nömrəli, daha sonra isə ikinci dəfə 25 avqust 2018-ci il tarixli 20.B nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında mübahisəli avtomobilin alqı-satqısı barədə sonuncu razılaşma 25.08.2018-ci il tarixdə imzalanmışdır. Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, sonuncu müqavilə tərəflər arasında eyni predmet üzrə daha əvvəllər bağlanmış müqavilə(lər) üzrə öhdəliklərə novasiya nəticəsində xitam vermişdir. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Tərəflər arasında bağlanmış ikinci müqavilənin: 5.1.2-ci bəndinə əsasən “satıcı”, yəni Cavabdeh MMC “alıcı”-dan yəni iddiaçıdan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödənilməsini tələb etmək; 5.1.3-cü bəndinə əsasən “alıcı”-dan alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını geri tələb etmək; 5.1.4-cü bəndinə əsasən “alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, gecikdirdiyi dövrdə yaranmış əsas borcu və faizləri tələb etmək, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərərin əvəzinin ödənilməsini “alıcı”-ya yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1-ci bəndinə görə “Alıcı” maşının tam dəyərini alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3cü bəndinə görə “alıcı” alqı-satqı Müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomaşını təhvil verilməsi, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda, avtomaşına vurulmuş zərərin əvəzinin ödənilməsini və avtomaşına görə ödənilmiş pulun “Satıcı” tərəfindən geri qaytarılmaması tələbini eyni zamanda gecikdirdiyi dövrdə yaranmış əsas borcu və faizləri ödəməyi qəbul edir. Müqavilənin 6.2.4-cü yarımbəndinə görə “alıcı” avtomaşının tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır və avtomaşını qeyd şərtsiz satıcıya qaytarmalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, “alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1% həcmində cərimə ödəməlidir. Müqavilənin 4.3-cü bəndinə əsasən, “alıcı” alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə növbəti aylar ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində cərimə ödəməlidir. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, cəmi iki dəfə ödəniş etmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı müqavilə üzrə MMC-nin müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Müqavilənin 8.1-ci yarımbəndinə əsasən, bu Müqavilə üzrə “alıcı” öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ qeri qaytarılmır. Müqavilənin 8.2-ci yarımbəndinə əsasən, müqavilə üzrə “alıcı” öhdəliklərini yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri qaytardıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə “satıcı” birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını satmaqda haqlıdır. Müqavilənin 9.2.2-ci bəndinə əsasən müqaviləyə əlavə edilmiş əsas ödəniş cədvəlinə əsasən “alıcı” öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə “satıcı” tərəfindən ləğv edilə bilər. Tərəflər müqaviləni imzalamış və müqavilə imzalandığı andan qüvvəyə minmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq avtomobil iddiaçının müvəqqəti sahibliyindən götürülmüş və ödənilmiş məbləğ geri qaytarılmamışdır. Məhkəmə qeyd olunanlara əsasən iddia rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində hər hansı konkret dəlilə əsaslanmamış, iddia ərizəsində qeyd olunanları göstərmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayəti əsassız olmaqla, qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6991/2021 saylı iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1704/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1704/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver