Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1705/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-2859/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4588.23 ABŞ dolları əsas borcun, 210.14 ABŞ dolları ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-2859/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4588.23 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə borc və ödənilmiş dövlət rüsumu əvəzi 30 manat tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmuş hissədə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən gəlinmiş nəticə həqiqəti əks etdirmir və nəzərdə tutulmuş əsaslarla iddia tələbi ona qarşı təmin edilə bilməz. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı pulu X1 verib. Tural rayon məhkəməsində də gəlib dedi ki, pulu o, götürüb, hissə-hissə qaytarmağa da razıdır. Lakin hakim bunlara məhəl qoymadan qərar çıxarıb. İddiaçı Turalı ondan də əvvəl tanıyır. Maşında 3 nəfər olmuşdular. Eldardan pulu alıb özünün yanında Turala vermişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehlə bir kənddən olduğuna görə yaxın münasibətləri olub. Cavabdeh qonşusu ilə iş görəcəyinə görə pul lazım olduğunu və pulu özünün qaytaracağını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara əsasən İddiaçı Cavabdeh 5000 ABŞ dolları verməsi və sonuncunun həmin məbləğdən 4588.23 ABŞ dollarını geri qaytarmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır, iddianın təmin edilməyən hissəsinə isə toxunulmur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 5000 ABŞ dolları borc istəmiş və almış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə Cavabdeh İddiaçı aldığı pulu X2 üçün aldığını və sonuncunu cavabdeh kimi cəlb edilməsini bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Əvvəla, cavabdeh məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu bəyan etsə də konkret olaraq hansı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu göstərmir. İkincisi, cavabdehin göstərdiyi şahid Tural Babayev birinci instansiya məhkəməsində iddiaçının göstərdiyi məbləği özünün aldığını bildirməmişdir. Cavabdeh bu fikri nəyə əsasən söylədiyini də açıqlamır. Çünki, şahid Tural Babayevin bu cür ifadə verməsi işdən görünmür. Sonuncunu bu iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi üçün də iddiaçının razılığı olmalıdır. İddiaçı isə belə bir razılıq verməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-2859/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1705/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1705/2021
01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver