Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1705/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi, iddiaçıya məxsus avtomobilin istismara yarasız hala düşməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini və ekspert rəyi məhkəməyə təqdim edilənədək işin icraatının dayandırılmasını qərara almışdır. İddiaçı həmin qərardadın “iş üzrə icraatın dayandırılması barədə” hissəsindən şikayət verərək, qərardadın həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi (toqquşma) nəticəsində iddiaçıya məxsus olan avtomobil istismara yarasız vəziyyətə düşmüşdür. Avtomobilinin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan məbləğin müəyyən edilməsi məqsədi ilə iddiaçı, qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert şirkətinə - "xxxx" MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən xx.xx.2022-ci il tarixli, ME 09/084 saylı rəy verilmişdir. Rəydə qeyd edilib ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.200 manat məbləğində pul vəsaiti tələb olunur. İddiaçı da həmin rəyi işə baxan Rayon Məhkəməsinə təqdim etmişdir. Lakin Rayon Məhkəməsi həmin rəyi nəzərə almayaraq iş üzrə ekspertiza təyin etmiş və işin icraatını dayandırmışdır. Halbuki, Rayon Məhkəməsi qeyd edilən MMC tərəfindən verilmiş rəyi nəzərə almalı idi. Buna görə də, iddiaçı hesab edir ki, iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə, Rayon Məhkəməsi, iddiaçıya məxsus avtomobilin istismara yarasız hala düşməsi ilə bağlı iddiaçıya vurulmuş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasını təyin etməklə əlaqədar iş üzrə icraatın dayandırmaqda səlahiyyətli və haqlı olmuşdur. Qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Bu səbəbdən də, Məhkəmə hesab edir ki, şikayətin dəlilləri qərardadın müzakirə edilən hissəsinin ləğv edilməsi üçün əsaslı deyil. Həmin dəlillər işə mahiyyəti üzrə baxılan zaman birinci instansiya və ya apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq dəyərləndirilə bilər. Odur ki yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1705/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1705/2023
10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver