Məhkəmə qərarları › İş №2(103)-1708/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1708/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1708/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-in Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-3207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/122279/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 478.71 (dörd yüz yetmiş səkkiz manat, 71 qəpik) manat məbləğində əsas borc, 322.80 (üç yüz iyirmi iki manat, 80 qəpik) manat məbləğində faiz borcu, 470.40 (dörd yüz yetmiş manat, 40 qəpik) manat məbləğində cərimə borcu, 154.91 (yüz əlli dörd manat, 91 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1426.82 (min dörd yüz iyirmi altı manat, 82 qəpik) manat məbləğində pulun, 34.27 (otuz dörd manat 27 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, rayon məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil, işin faktiki hallarına uyğun əsaslandırılmamışdır. Belə ki, onlar xx.xx.2019-cu il tarixdə Qaradağ Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, lakin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-2377/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Bank tərəfindən fərmanın tədbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2022-ci il tarixdə müraciət etmişlər. Bunu da diqqətinizə çatdırmaq istəyirik ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(002)-2377/2019 saylı qərardadında fərmanın tədbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Zeynalova apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. Mülki iş materiallarında olan:

9. xx.xx.2014-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən borcluya 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1066 manat məbləğində kredit verilmişdir.

10. xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavənin məzmunundan görünür ki, Cavabdeh 1066 manat məbləğində krediti 24 ay müddətində hər ay 56.90 manat öədniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.

11. 27.08.2019-cu il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

12. 28.09.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun borcu aşağıdakı kimidir: - cəmi borcu 6900.65 manat - bundan 478.71 manat əsas, 322.80 manat faiz, 470.40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 154.91 manat faiz borcu mövcuddur.

13. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, "xxxx" Ləğv Prosessində olan QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüşdür.Fərmanın qüvvəyə mindiyi günə-xx.xx.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 478,71 manat təşkil etdiyindən, borcun restruktruzasiyası nəzərdə tutulmuşdur, bu məqsədlə mürcaiətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır.

14. Cavabdeh hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə rayon məhkəməsinə yazılı ərizə vermişdir (i/v 52-54). Hüquqi dəyərləndirmə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

18. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cü il tarixdə bitmiş, müqavilə üzrə son ödəniş 02.2016-cü il tarixdə həyata keçirilmişdir. İndiki halda mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti xx.xx.2019-ci il tarixdə başa çatsa da, iddiaçı bank tərəfindən məhkəməyə xeyli müddət (3 il) keçdikdən sonra iddia ərizəsi ilə müraciət olunmuşdur.

20. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməklə, iddia tələbini təmin etməməkdə halı olmuşdur.

21. Bununla bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. İddiaçı apellyasiya şikayətində göstərir ki, hazırkı mübahisə ilə bağlı məhkəməyə ilkin olaraq xx.xx.2019-cu ildə müraciət etmiş, lakin prezidentin məlum fərmanı ilə bağlı iddia ərizəsinin xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanmış, fərmanla əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlər hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır, odur ki, iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bank tərəfindən fərmanın tədbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraicət etmişlər. Həmçinin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(002)-2377/2019 saylı qərardadında fərmanın tədbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir.

23. Kollegiya bununla bağlı bildirir ki, ağılabatan müddət mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir.

24. Belə olan halda, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə (xeyli müddət-3 il keçdikdən sonra) müraciət edilmişdir ki, həmin müddətin ağlabatan müddət kimi qiymətləndirilməsi hüquqi müəyyənlik prinsipi baxımından məqsədəuyğun deyildir. Nəticə:

25. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

27. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş idiaçının özünə aid edilməlidir.

29. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-3207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar