Məhkəmə qərarları › İş №2(103)-1708/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1708/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1708/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank cavabdehə xx.xx.2020-ci il tarixə kimi istifadə edilmək şərtilə 800 manat məbləğində kredit (kart) vermişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 19 yanvar 2018-ci il tarixdə aparılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 498 manat məbləğində əsas borc, 423,3 manat məbləğində faiz-komisyon haqqı, 9,2 manat məbləğində cərimə olmaqla, cəmi 930,5 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmiş, tələb olunan məbləğdə borcu yaranmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-71/2024 saylı iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddia rədd edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsindən göründüyü kimi, kartın istifadə müddəti bu müqavilə imzalandığı vaxtdan 30 aprel 2015-ci il tarixədək müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından isə görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 19 yanvar 2018-ci il tarixdə icra edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd olunmuşdur ki, BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinə əsasən bank cavabdehə xx.xx.2020-ci il tarixə kimi istifadə edilmək şərtilə 800 manat məbləğində kredit (kart) vermişdir. İddia müddətinin axımını müəyyən edən işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.2, 376, 377.2, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsi Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad edərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq olunmasını əsas götürmüşdür. Cavabdeh son ödənişini xx.xx.2018-ci il tarixdə həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə Bank tərəfindən icra qeydi verilməsi üçün Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edilmiş və xx.xx.2020-ci il tarixdə icra qeydi verilmişdir. Qeyd etmək istəyirik ki, notariat ofisi trəfindən icra qeydi qəbul edilərkən iddia müddəti də nəzərə alınır. Bundan sonra Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən qəbul edilmiş icra qeydinin ləğv edilməsi və borc tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddia qismən təmin edilərək icra qeydi ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir. İcra qeydi ləğv edildiyindən yenidən həmin müqavilə üzrə (xx.xx.2012-ci il tarixli, BAL013961/12 saylı müqavilə) yenidən məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Qəbul edilmiş qətnamədən 2 ay sonra, xx.xx.2023-cü il tarixdə iddia müddəti ötürülmədən bank yenidən eyni müqavilə üzrə Cavabdeh qarşı borcun ödənilməsi tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ardıcıllıqdan görünür ki, bank iddia müddətini ötürməmişdir. İşin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, birinci iş eyni mübahisəli hüquqi münasibətlə bağlı olub və həmin icraat zamanı iddia müddəti ötürülməyibsə, bu hal ikinci işə baxılarkən nəzərə alınmalı idi. Əvvəlki işdə iddia müddətinin keçməməsi faktı, ikinci işdə müddətin artıq ötürülmüş hesab edilməsinə əsas ola bilməz. Hər iki iş iki ay ardıcıllıq ilə eyni hakimin (Hakim-Kamran Əsədov) icraatında olmuşdur. Hakim mübahisə predmeti və əsası eyni olduğu üçün hər iki iş arasındakı əlaqəni, birinci işdə aparılmış araşdırmaları və qəbul edilmiş qərarı mütləq nəzərə almalı idi. Əvvəlki məhkəmə işində iddia müddətinin keçmədiyi faktı hüquqlarının vaxtında müdafiə edildiyini göstərir və bu, ikinci işdə də hüquqlarının müdafiəsinə əsas verir. Məhkəmə qərarlarının hüquqi ardıcıllığı vacibdir. Əgər birinci işdə iddia müddətinin keçmədiyi qəbul olunubsa, ikinci işdə fərqli mövqe tutmaq hüquqi ardıcıllıq prinsipinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.1. Ümumi iddia müddəti on ildir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edib iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

16. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.).

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

18. İş materiallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2012-ci il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsinin müddəti 30 aprel 2015-ci il tarixədək olmuş, cavabdeh xx.xx.2018-ci il tarixdə, yəni iddia müddəti daxilində sonuncu dəfə 30 manat ödəniş etmiş və bununla da iddia müddətinin axımı kəsilməklə 3 illik iddia müddətinin axımı yenidən hesablanmağa başlamışdır. Bank xx.xx.2020-ci il tarixdə, yəni iddia müddəti daxilində mübahisəsiz borc üzrə icra qeydi verilməsi üçün Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə icra qeydi verilmişdir. Bundan sonra hazırkı iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək icra qeydinin ləğv edilməsi və borc tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(002)-27/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək icra qeydi ləğv edilmiş, qalan hissədə iddia rədd olunmuşdur. Həmin işə baxılarkən məhkəmə icra qeydinin ləğv edilməsi barədə qənaətini borcun mübahisəli olması ilə əsaslandırmışdır. İcra qeydi ləğv edildikdən sonra Bank hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə, yəni qətnamənin çıxarıldığı gündən sonra keçən iki ay ərzində məhkəməyə müraciət etmişdir.

19. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

21. Qanunun tələbindən göründüyü kimi, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə aparılır.

22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, notarius müraciəti qanunun tələbinə uyğun sayaraq icra qeydinin verilməsi ilə bağlı Bankın tələbini təmin etdiyindən Bankın müvafiq iddia ilə məhkəməyə müraciət etməsinə zərurət qalmamışdır.

23. Məhkəmə kollegiyasının qənaətinə görə Bankın icra qeydinin verilməsi barədə ərizə ilə notariusa müraciət etməsi ilə iddia müddətinin axımı kəsilmiş və müddətin axımı yenidən hesablanmağa başlamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı məsələni müzakirə edərkən Mülki Məcəllənin 380-cı maddəsinin tələblərini nəzərə almalı idi. Həmin maddəyə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

24. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Qanunun mənasına görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi dedikdə, iddianın mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə yazılı və eləcə də məhkəmə aidiyyəti, prosessual müddətlər və s. məsələlər barəsində qaydalara əməl olunmaqla verilməsi başa düşülür. Göründüyü kimi, mülki qanunvericilik mübahisəsiz borclarla bağlı notariusa müraciətin və notarius tərəfindən icra qeydinin verilməsinin iddia müddətinin axımının kəsilməsinə səbəb olan əsas kimi birbaşa nəzərdə tutmamışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən halın Mülki Məcəllənin 380-ci maddəsində iddia müddətinin axımının kəsilməsinə səbəb olan əsas kimi birbaşa nəzərdə tutulmaması hazırkı iş üzrə mübahisəyə həmin normanın tətbiqinin qarşısını almamalıdır. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsində nəzərdə tutulan qayda, yəni “müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi” geniş mənada təfsir olunmalı, həmin ifadə altında təkcə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi yox, həm də icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət də başa düşülməlidir.

26. Məhkəmə kollegiyası xatırladır ki, iddia müddətinin axımının kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkətləri ilə bağlı olur. Hazırkı işdə də məhz bu hal mövcuddur. Belə ki, iddiaçı (Bank) pozulmuş hüququnun müdafiəsi ilə bağlı addım atarkən qanunun ona verdiyi imkanlardan istifadə edərək məhkəməyə deyil, notariusa müraciət etmişdir. Belə ki, notariusun verdiyi icra qeydi ilə məhkəmənin verdiyi icra vərəqəsi eyni hüquqi qüvvəyə malikdir və hər ikisi ilə bağlı icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı (Bank) notariusa müraciəti müraciəti iddia müddəti daxilində etmiş və bu zaman borcun mübahisəsiz olmasına güvənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sonradan cavabdehin həmin borcu mübahisələndirməsi, onu mübahisəli hala gətirmək istəməsi və nəticədə icra qeydinin həmin əsasla ləğv edilməsi iddiaçını pozulmuş hüququnun müdafiəsi üçün növbəti addımı atmaq, yəni məhkəmə qaydasında müdafiə olunmaq imkanından məhrum edə bilməz. İddiaçı məhz bu hüququndan istifadə edərək icra qeydi ləğv edildikdən sonra pozulmuş hüququnun bərpası, yəni borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə kollegiyasının qənaətinə görə o, bu zaman iddia müddətini ötürməmişdir.

27. Digər tərəfdən, notariusa müraciətin və notarius tərəfindən icra qeydinin verilməsinin iddia müddətinin axımının kəsilməsinə səbəb olan əsas kimi Mülki Məcəllənin 380-ci maddəsində birbaşa nəzərdə tutulmaması qanunda olan “boşluq” kimi də qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı məsələnin mülki qanunvericiliklə birbaşa tənzimlənməməsi həmin məsələyə Mülki Məcəllənin 11.1-ci maddəsi ilə nəzərdə tutulan qaydada, yəni qanunun analogiyası üzrə həmin Məcəllənin 380-ci maddəsinin tətbiqinə də mane olmur.

28. Beləliklə, Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsinə dair mövqeyi hər bir halda əsaslı olmamışdır və buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.

29. Məhkəmə kollegiyası yeni qətnamə çıxararkən kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması tələbinə münasibətdə aşağıdakıları qeyd edir.

30. Mülki Məcəlləyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1).

31. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə ödənilməmiş borcun tutulması tələbi əsas və faiz borcu hissəsində əsaslıdır.

32. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.

33. İddiaçının tələbi cavabdehdən 498 manat məbləğində əsas borc, 423,3 manat məbləğində faiz-komisyon haqqı, 9,2 manat məbləğində cərimə olmaqla, cəmi 930,5 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədədir.

34. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6842 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin İddiaçı ASC-yə iddia ərizəsinin tarixinə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə – 492,44 manat, komisyon haqqı üzrə – 79,41 manat olmaqla, cəmi 571,85 manat məbləğində borcu vardır. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 iyul 2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsinin 6.2-ci bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimənin hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

35. Göründüyü kimi, ekspert tərəfindən verilmiş rəydə müəyyən edilmiş əsas və faiz borcu ilə iddiaçı Bankın tələb etdiyi borcun məbləği üst-üstə düşmür.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, müvafiq ekspert rəyi iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla bu sahədə xüsusi biliyə malik ekspert tərəfindən tərtib edilmiş, rəyin tədqiqat prosesinin təsviri hissəsində müvafiq müqavilə üzrə borclu tərəfindən edilmiş bütün kredit ödənişləri, bu ödənişlərin hansı hissəsinin əsas, hansı hissəsinin faiz borcuna çıxıldığı və yekunda nə qədər qalıq əsas və faiz borcu qaldığı cədvəl şəklində təsvir edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur.

37. Odur ki, Kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 492,44 manat, faiz (komisyon haqqı) borcu üzrə 79,41 manat olmaqla, cəmi 571,85 manat məbləğində borc tutulmalıdır.

38. Tələb edilən 9,2 manat məbləğində cərimə borcuna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məbləğ ekspert rəyi ilə müəyyən edilmədiyindən və işin müəyyən edilmiş halları ilə də öz təsdiqini tapmadığından təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

41. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli BAL013961/12 saylı kredit kartı üzrə bank hesabı müqaviləsi üzrə 492,44 manat əsas, 79,41 manat faiz (komisyon haqqı) olmaqla, cəmi 571,85 (beş yüz yetmiş bir manat, səksən beş qəpik) manat borc və 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh utularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar