Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1710/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyəti olan nümayəndəsi Birliyin adından iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı Birliyə vurulmuş maddi zərərin əvəzi olaraq 2.799,36 manat, debitor borcun əvəzi olaraq 6,11 manat, iddia ərizəsini məhkəməyə vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 48,06 manat, ümumilikdə 2.853,53 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə iddiaçı Birlik ilə cavabdeh arasında AKX-03483xx/xx-2021 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçı Birlik cavabdehə məxsus olan və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili təbii qazla təchiz etmişdir. Birlik tərəfindən həmin ünvana **********00010 nömrəli abonent kodu verilmiş və ünvana aid qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Birliyin əməkdaşları tərəfindən cavabdehin mənzilinə aid qaz xəttinə və sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh, onunla Birlik arasında bağlanmış müqavilənin 2.3.2-ci və 6.5-ci yarımbəndlərinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Bununla da Birliyə 2.799,36 manat məbləğində maddi zərər vurmuşdur. Qeyd edilən fakt Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli, ******* saylı akt ilə təsdiq edilir Bundan başqa, cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,11 manat debitor borcu mövcuddur. Bundan əlavə Birlik, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 48,06 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Birlik hesab edir ki, qeyd edilən həmin məbləğlər cavabdehdən onun xeyrinə tutulmalıdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmışdır. Mənzildə əlavə qaz xətti yoxdur. Bu barədə akt cavabdehin iştirakı olmadan tərtib edilmişdir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İş üzrə iddiaçı Birlik işə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan bəlli olur ki, xx.xx.2021-ci il tarixdə iddiaçı Birlik ilə cavabdeh arasında “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçı Birlik cavabdehə məxsus olan mənzili təbii qazla təchiz etmişdir. Birlik tərəfindən həmin ünvana **********00010 nömrəli abonent kodu verilmiş və ünvana aid qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır.
10. Birliyin əməkdaşları tərəfindən cavabdehin mənzilinə aid qaz xəttinə və sayğaca vaxtaşırı baxışlar keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh, onunla Birlik arasında bağlanmış müqavilənin 2.3.2-ci və 6.5-ci yarımbəndlərinin tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.
11. Birliyin əməkdaşlarının tərtib etdikləri və apellyasiya baxışının predmeti olan xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan və işdə olan digər sənədlərdən görünür ki, bu akt əsasında cavabdehə hesablanmış əlavə sərfiyyat borcunun məbləği 2.799,36 manat təşkil edir.
12. Eyni zamanda iddiaçı Birlik tərəfindən cavabdehə 6,11 manat debitor borc hesablanmışdır.
13. Qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmiş və qeyd edilən bu məbləğlərin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini qət etmişdir.
14. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə onun tərəfindən qaz sayğacına və qaz xəttinə hər hansı kənar müdaxilə edilmədiyini bildirərək iddianın əsassız olduğunu bildirmişdir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).
16. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).
18. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri və yuxarıda qeyd edilən aktda sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi qeyd edildiyindən, iddiaçı Birlik yuxarıda qeyd edilən maddi hüquq normaların tələblərinə əsasən, istehlakçının (hazırki halda – cavabdehin) təbii qazın talanmasında təqsirli olmasını müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarının mövcudluğu ilə sübuta yetiriməli və ona (iddiaçıya) dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməlidir. Lakin iddiaçı Birlik cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini, yəni təbii qazın talamasını sübuta yetirilmədən yuxarıda qeyd edilən məbləğdə zərərin ödənilməsini cavabdehdən tələb etmişlər.
20. Nəzərə alınsa ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini təsdiq edən hər hansı sübut iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir, o zaman müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı müzakirə edilən hissədə təmin etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin müzakirə edilən dəlilləri əsaslıdır.
21. Məhkəmə, iddianın debitor borcun əvəzi olaraq 6,11 manat pul tələbi ilə bağlı bildirir ki, iş materiallarında olan **********00010 nömrəli abonent saldosundan müəyyən olunur ki, cavabdehin qalıq 6,11 manat borcu mövcuddur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin şərtlərinə əsasən qaz sayğacına uyğun təbii qazdan istifadə etdiyinə görə yaranmış borc cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində həmin borcla bağlı hər hansı dəlil irəli sürməmişdir.
22. Belə olan halda Məhkəmə hesab edir ki, həmin hissədə iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə həmçinin hesab edir ki, maddi ziyanın əvəzinin ödənilməsi hissəsində iddia əsassız hesab edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,06 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də iddia təmin edilməməlidir.
24. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Apellyasiya şikayətinin digər dəlili də ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmişdir. Bunun nəticəsində cavabdehin hüquqları pozulmuş və o, öz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
26. Məhkəmə, şikayətin bu dəlili ilə razılaşmır. Belə ki, Rayon Məhkəməsi, məhkəmə bildirişlərini cavabdehin qeydiyyatda olduğu ünvan üzrə (ünvan barədə məlumat iş materiallarında var) göndərmiş, lakin məktublar ünvan düzgün deyil qeydi ilə məhkəməyə qaytarılmışdır. Bunu nəzərə almış Rayon Məhkəməsi məktubun cavabdehə çatdırılmasını həmin ünvana aid Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırmış. Həmin orqandan verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, cavabdeh həqiqətən də qeydiyyatdadır. Lakin məktubun cavabdehə çatdırılmasını təsdiq edən məlumat Məhkəməyə daxil olmamışdır.
27. Belə olan halda, Rayon Məhkəməsi haqlı olaraq işə cavabdehin iştirakı olmadan baxmışdır.
28. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində faktiki yaşadığı başqa ünvan göstərməmişdir.
29. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi MPM-in “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə cavabdehin iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. f) apellyasiya baxışının nəticəsi
30. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, “cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissələrinə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə işin hallarını səhv müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
31. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
33. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya qismən şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə qismən, yəni cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 2.799,36 manat, iddia ərizəsini məhkəməyə vermək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 48,06 manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin iddia tələbləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.