Məhkəmə qərarları › İş №2(103)-1712/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1712/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1712/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2014-cü il tarixli, 266 saylı kredit öhdəliyi üzrə qalan 18526.64 manat əsas, 12658.77 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbləğində (5%) borcu, 11505.06 manat cərimə borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli, 266 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla, 19.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə 266 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür.Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir.Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 18526.64 manat əsas, 12658.77 manat fazi borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbəğində (5%) borcu, 11505.06 manat cərimə borcu mövcuddur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxx 2014-cü il tarixli, 266 saylı kredit müqaviləsinə əsasən 18526,64 (on səkkiz min beş yüz iyirmi altı manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 12658,77 (on iki min altı yüz əlli səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, kredit üzrə müddət bitəndən sonra hesablanan 2130,56 (iki min bir yüz otuz manat əlli altı qəpik) manat məbləğində faiz borcu və 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 34315,97 (otuz dörd min üç yüz on beş manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə olunan vəsaitin tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Hüseyn Hüseynli). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin cərimə məbləği hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respub ikası X1 Palatasının xx.xx.2016-cı il tarixli qərarı ilə “xxxx” ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən “xxxx” ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli Qərarına əsasən “xxxx” ASC-nin iflas proseduruna başlanmışdır. Cavabdeh Zakirbəyov Muqiddin Xıdıroviç ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini gecikdirsə, hər gecikdirmiş gün üçün kreditin və faizin ödənilməmiş hissəsinə görə iki qat cərimə ödəyir. Bu müqavilənin bəndinə əsasən cavabdehə haqlı olaraq cərimə hesablanmışdır və bu hissidə də iddia tələbində haqlıdır və iddia tələbi tam təmin olunmalıdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Əliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləği hissəsində ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 266 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 27% olmaqla, 19.000 manat məbləğində kredit vəsaiti verməyi, Cavabdeh isə həmin krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx”» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 266 saylı ipoteka müqaviləsindən görünür ki, verilmiş kredit öhdəliyinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m, yaşayış sahəsi 23.1 kv.m, yardımçı sahə 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzil “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 1 “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 18526.64 manat əsas, 12658.77 manat fazi borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 2130.56 manat məbəğində (5%) borcu, 11505.06 manat cərimə borcu olmaqla cəmi 44821.03 manat məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 18526.64 manat məbləğində əsas, 12658.77 manat məbləğində faiz, 2130.56 manat məbləğində kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan (5%) faiz borcu və 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 34315,97 manat məbləğində pul vəsaiti, və iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 1-də yerləşən (ümumi sahəsi 48.4 kv.m. yaşayış sahəsi, 23.1 kv.m. yardımçı sahə, 25.3 kv.m) 1 mərtəbəli, 2 otaqlı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdehdən tutularaq iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində hazırda mübahisələndirilən cərimə məbləğini birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək 1000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı apellyasiya şikayətində cərimə məbləğinin müqavilə şərtlərinə əsasən hesablandığını bildirsə də, kollegiya qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən 467-ci maddəsinin tələbinə əsasən, dəbbə pulunun hesablanma qaydasının müqavilədə nəzərdə tutulub-tutulmaması fərqləndirilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cərimənin 1000 manat məbləğində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar