Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1718/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və X1 ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 (3-cü şəxs Zamanov Seyran Adıgözəl oğlu) qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(007)-2081/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, idarə etdiyi “Mercedes C 220” markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə cavabdehdən 2090 (iki min doxsan) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırlması barədə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh2 da dəymiş ziyanın ödənilməsi ilə bağlı iddianın nəticə hissəsində, borcun ödənilməsinə cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. Zamanov Seyran Adıgözəl oğlu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2081/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 1990 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2020 (iki min iyirmi) manat pulun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apelyasiya şikayəti vermişlər. Cavabdeh1 MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus avtomaşın üzrə “Universal avtoservis”də qiymətləndirmə aparılan zaman, nə Cavabdeh1 MMC-nin, nə də ki, Cavabdeh2 ünvanına qiymətləndirilmənin şəffaf keçirilməsinin təmin edilməsi məqsədi ilə rəsmi bildiriş göndərilməmiş, dəymiş maddi zərər həddindən artıq şişirdilərək, 2090 manat dəyərində müəyyən edilmişdir. Bundan əlavə, qiymətləndirmə aktında qeyd olunmuş akkumul-ya-torun və sürətlər qutusunun avtoqəzaya heç bir aidiyyəti yoxdur və iddiaçı avtomobilin qəzadan sonra təmiri zamanı istifadə olunmuş detalların haradan, hansı qiymətə alınması barədə məhkəməyə qaimə-faktura təqdim etməmişdir. Bundan başqa, ekspert tərəfindən heç bir araşdırma aparılmadan, ümumi olaraq müəyyən olunmuş 2090 manat dəymiş ziyandan ancaq rəngsazın qiymətindən 100 manat azaldaraq 1990 manat olması barədə xx xxxxxxxx 2019-cu il tarixli 19440 saylı rəy verilmiş, birinci instansiya məhkəməsi heç bir sübut olmadan, ekspertizanın saxta rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Odur ki, qeyd olunan qətnamənin ləğv edilməsi və dəymiş zərərin düzgün hesablanması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. İkinci Cavabdeh2 da digər Cavabdeh1 MMC-nin apelyasiya şikayəti ilə eyni məzmunda şikayət vermişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətlərinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qətnamədən görünür ki, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbər verilsə də, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 araşdırma zamanı məhkəmə iclasında iştirak etsə də, yekun iclasa gəlməmişdir. Bu, məhkəmənin ədalətli aparılmasında cavabdehlərin maraqlı olmadığını, dəymiş zərəri ödəmək istəmədiklərindən xəbər verir. Cavabdehlər avtoqəzanın baş verməsini danmırlar, lakin hesab edirlər ki, yük avtomobili minik avtomobili ilə toqquşarkən sonuncuya heç bir zərər dəyməyib. Və bu səbəbdən də, cavabdehlər maddi zərərin azaldılmasını yox, tamamilə ləğv edilməsini istəyirlər. Cavabdehlər bildirirlər ki, Universal Avtoservisdə aparılan qiymətləndirmədə rəsmi bildiriş olmadığından iştirak etməyiblər. Lakin “rəsmi bildiriş” dedikdə onların nəyi nəzərdə tutduqları aydın deyil, bu həqiqətə uyğun deyil. O, cavabdehlərə dəfələrlə zəng edib dəymiş zərərin qiymətləndirilməsində iştirak etməyə dəvət etmiş, lakin onlar bundan boyun qaçırmışlar. Lakin məhkəmə araşdırması zamanı iclasda iştirak edən Cavabdeh2 belə dəvətin alındığını etiraf etmişdir. Apelyasiya şikayətində cavabdehlər ekspertizanın rəyindən narazı olduqlarını qeyd edirlər. Halbuki, Cavabdeh2 vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Bundan əlavə, apelyasiya şikayətində istinad edilən akkumyator iddiaçının idarə etdiyi avtomaşının arxa hissəsində yerləşdiyinə, məhz avtomaşının arxa hissəsinə zərər dəydiyinə görə akkumyatora zərər dəymiş, həmin vaxt sürət ötürücüsü deformasiyaya uğradığına görə, avtomaşın evakuator vasitəsilə qəza yerindən aparılmışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş və əlavə olaraq avtomobilin Cavabdeh1 MMC-yə məxsus olduğunu, Cavabdeh1 MMC-nin işçisi olduğunu və avtomobili etibarnamə əsasında onun idarə etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətlərinə etirazın məzmununa uyğun izahat verib, apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsi və Cavabdeh2, 3-cü şəxs Zamanov Seyran Adıgözəl oğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx xxx 2019-cu il tarixdə iddiaçının idarə etdiyi “Mercedes Benz C-220” markalı **-GH-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 MMC-yə məxsus olmaqla sürücü Cavabdeh2 idarə etdiyi “Hyundai HD 72” markalı **-JH- *** yük avtomaşını ilə toqquşmuş, hadisə zamanı iddiaçının idarə etdiyi “Mercedes Benz C 220” markalı avtomaşına maddi zərər dəymişdir. Qeyd olunan avtomaşının sahibi Zamanov Seyran Adıgözəl oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, həmin şəxs izahatında göstərmişdir ki, avtomaşın onun mülkiyyətində olsa da, İddiaçı daimi istifadəsindədir. Bununla bağlı sonuncuya etibarnamə vermiş və dəymiş zərərin iddiaçıya ödənilməsini xahiş etmişdir. Sürücü Cavabdeh2 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmiş və Abşeron RPİ-nin xx.xx.2019-cu il tarixli TP seriyalı ******* saylı qərarı ilə adı çəkilən şəxsə 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 19440 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə xx.xx.2019-cu il tarixli qüsur aktında göstərilən məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla “Mercedes C 220” markalı **-GH-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti 1190 manat, təmir-bərpa işlərinin qiyməti 800 manat olmaqla, cəmi 1990 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən 1990 manat məbləğində maddi ziyanın hər iki cavabdehdən tutulması qət edilmişdir. Mülki Məcəllə müəyyən edir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.2, 158.4). Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda qanunvericiliyin mənasına görə mülkiyyətçi (əmlak) hüquqları mülkiyyətçi olmayan, lakin əmlaka qanuni əsasla sahiblik edən şəxsə də məxsusdur. Bu zaman sahibin hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsində 3-cü şəxs Zamanov Seyran Adıgözəl oğlu ərizə təqdim edərək, “Mercedes Benz C-220” markalı **-GH-*** qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətində olsa da, kürəkəni İddiaçı daimi istifadəsində olduğunu, bununla bağlı etibarnamə verdiyini bildirmiş və dəyən ziyanın ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı “Mercedes Benz C- 220” markalı **-GH-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmasa da, həmin avtomobil onun mülkiyyətçisi Zamanov Seyran Adıgözəl oğlu tərəfindən verilmiş etibarnaməyə əsasən 2019-cu ildən etibarən (10 il müddətinə, yəni xx.xx.2029-cu il tarixədək) onun istifadəsindədir. İddiaçı avtomobilə vurulmuş ziyanın aradan qaldırılması, yəni təmir bərpa işlərinin əvəzi qismində pul ödəmişdir. Ona görə də sonuncu hazırkı tələb üzrə iddiaçı qismində çıxış edə bilər, onun tələbi qanuni və əsaslıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kollegiya qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Cavabdeh1 MMC-nin mülkiyyətində olan “Hyundai HD 72” markalı **-JH-*** yük avtomaşınının sürücüsü Cavabdeh2 nəqliyyat vasitəsini idarə edərkən məhz onun təqsirli, hüquqazidd əməli nəticəsində törədilmiş yol-nəqliyyat hadisəsi zamanı (yüksək təhlükə mənbəyi) iddiaçının qanuni istifadəsində olan nəqliyyat vasitəsinə birbaşa maddi zərər vurulmuşdur. Eyni zamanda həmin zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuşdur. Bu səbəbdən vurulmuş zərərə görə məsuliyyət Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun müəyyən olunmalıdır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləş-dirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, yüksək təhlükə mənbəyinin sahibi yalnız o vaxt həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır ki, digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirsin və mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmasın. Lakin hazırkı işdə bu şərtlərin hər ikisi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsinin istinad etdiyi kimi, tələb olunan məbləğ hər iki cavabdehdən müştərək qaydada deyil, məhz “Hyundai HD 72” markalı **-JH-*** yük avtomaşınının mülkiyyətçisinə münasi-bətdə təmin olunmalıdır. Çünki, Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “Hyundai HD 72” markalı **- JH-*** yük avtomaşınını qanuni əsasla idarə etdiyi vaxt delikt törətmiş, Cavabdeh1 MMC isə həmin avtomaşınının mülkiyyətçisidir. Bundan başqa kollegiya qeyd edir ki, Cavabdeh1 MMC Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsaslanaraq sürücü Cavabdeh2 qarşı reqress qaydasında tələb hüququna malikdir. Apelyasiya şikayətində göstərilən digər dəlillərlə bağlı kollegiya qeyd edir ki, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş və ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Həmçinin, rəyin qiymətləndirilməsi zamanı ekspertiza tədqiqatını aparan ekspertin təhsili, vəzifəsi və ekspert iş stajı da nəzərə alınır. Cavabdehlər isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsələr də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-387, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2081/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Dəymiş maddi zərərə görə 1990 (min doqquz yüz doxsan) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh1 MMC-dən 120 manat ekspertiza xərci tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1718/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1718/2020
04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver