Məhkəmə qərarları › İş №2(103)-172/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-172/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-172/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzə Cavabdeh1 nümayəndəsi X10, İlk iddia üzə cavabdehlərin vəkili X19, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "verilmiş və ödənilmiş pulun qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi" barədə ilkin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işlə bağlı çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(002)- 748/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 X41 Prado markalı, **-RP-*** qeydiyyat nişanlı avtomobilin aylıq kredit ödənişi kimi ödədiyi 5766 manat və 24 may 2017-ci il tarixdə əlbəəl verdiyi 1000 manat, cəmi 6766 manat, Cavabdeh2 həmin avtomobili 25 avqust 2014-cü il tarixdə alarkən nağd olaraq ödədiyi 10300 manat məbləğində pulun alınaraq ona verilməsi, keçirdiyi iztirab və sarsıntı nəticəsində cavabdeh X11 ona vurduğu mənəvi ziyana görə 10000 manat və Cavabdeh2 ona vurduğu mənəvi ziyana görə 10000 manat mənəvi ziyanın alınaraq ona verilməsi, hüquqlarının müdafiə olunması üçün Bakı şəhəri, 20 saylı Vəkil Bürosuna ödədiyi 250 manat vəsaitin cavabdehlər X21 və Cavabdeh2 alınaraq ona verilməsi, məhkəmə məsrəfi üçün dövlət büdcəsinə ödədiyi 30 manat pul vəsaitinin cavabdehlər X21 və Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə minik avtomobili almaq üçün 24 avqust 2014-cü il tarixdə oğlu X22 və qardaşı oğlu İlqar Quliyev ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Maşın bazarı” adlı yerə gəlmişlər və orada Xaçmaz şəhər sakini Cavabdeh2 ilə tanış olmuşlar. Həmin şəxs onlara bildirmişdir ki, o, özünə məxsus 2003-cü il buraxılışlı X41 Prado markalı, **-RP-*** qeydiyyat nömrəli avtomobili satmaq istəyir. Cavabdeh2 onlara avtomobili almalarını təklif etmişdir. Həmçinin onlara bildirmişdir ki, həmin avtomobil Lökbatan qəsəbə sakini X11 adına olmaqla "xxxx" ASC-də kreditdədir. Avtomobili 15 iyul 2014-cü il tarixdə Rakim adlı şəxsdən 5500 manata etibarnamə ilə almışdır. Belə ki, qeyd edilən şəxs 2016-cı ilin mart ayınadək verməli olan kredit pulunu ödəyə bilmədiyi üçün ona satmışdır. O, həmin avtomobilə təxminən 800 manat pul xərcləsə də, aylıq 592 ABŞ dolları məbləğində pulu ödəyə bilmədiyi üçün satmaq istəyir. Onlar qarşılıqlı şəkildə razılaşmışlar ki, avtomobili həmin şəxsdən almağa görə ona 13200 ABŞ dolları verilməli, bundan sonra aylıq kredit pulunu banka ödəməli, qarşılığında isə Cavabdeh2 ona avtomaşını idarə etmək üçün etibarnamə verəcəkdir. Avtomobilin kredit pulunu tam ödədikdən sonra Fətullayev X13 Rakim Sakit oğlunu tapıb, avtomobili onun adına qeydiyyata aldıracaqdır. Bu məqsədlə Cavabdeh2 100 manat beh verib, növbəti gün görüşəcəklərini ona bildirmişdir. 25 avqust 2014-cü il tarixdə yenə də oğlu X22 və qardaşı oğlu İlqar Quliyevlə, eləcə də Cavabdeh2 ilə birlikdə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə getmişlər. 100 manat behi də nəzərə almaqla Cavabdeh2 13200 ABŞ dolları əvəzinə 10300 manat pul vermiş və o, həmin idarədə yerləşən 48 saylı notariat kontorunda ona iki etibarnamə vermişdir. Belə ki, avtomobili 24.01.2023-cü il tarixinədək idarə etməkdən ötrü bir etibarnamə, 15.07.2024-cü il tarixinədək avtomobillə bağlı mülki etibarnaməni ona təqdim etmişdir. Bundan başqa, o, avtomobilin bütün kredit sənədlərini bir qovluqda olmaqla ona verərək bildirmişdir ki, artıq avtomobil ona məxsusdur. Bundan sonrakı dövrdə o, avtomobili şəxsi əmlakı kimi idarə edərək aylıq kredit pulunu ödəməyə başlamışdır. Qovluqda olan sənədlərə baxdıqda isə ona məlum olmuşdur ki, X21 avtomobili alarkən "xxxx" ASC-dən 12 mart 2014-cü il tarixdə 11100 ABŞ dolları məbləğində kredit götürmüş və bundan sonra həmin banka yalnız iki dəfə, yəni 23 aprel 2014-cü il tarixdə 630 ABŞ dolları, 30 may 2014-cü il tarixdə isə 634 ABŞ dolları ödəmişdir. Bundan sonrakı dövrdə Cavabdeh2 avtomobilin kredit pulundan yalnız iki dəfə ödəmişdir. Belə ki, o, 16 iyul 2014-cü il tarixdə bankın hesabına 800 manat, yəni 1020 ABŞ dollar, 14 avqust 2014-cü il tarixdə isə 470 manat, yəni 599 ABŞ dolları pul ödəmişdir. Avtomobili Cavabdeh2 aldıqdan sonra o, ilk dəfə 17 sentyabr 2014-cü il tarixdə "xxxx" ASC-yə 471 manat, yəni 599 ABŞ dolları, 29 oktyabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 26 noyabr 2014-cü il tarixdə 461 manat, yəni 586 ABŞ dolları, 24 dekabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 26 yanvar 2015-ci il tarixdə 201 manat, yəni 255 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral ayında milli valyuta olan manatın ABŞ dollarına münasibətdə dəyəri ucuzlaşmışdır. Bundan sonra o, yenə aylıq kredit pulunu çətinliklə də olsa, ödəməyə davam etmişdir. Belə ki, 10 mart 2015-ci il tarixdə həmin banka 1181 manat, yəni 1125 ABŞ dolları, 17 aprel 2015-ci il tarixdə 461 manat, yəni 437 ABŞ dolları, 10 iyun 2015-ci il tarixə 301 manat, yəni 286 ABŞ dolları, 08 iyun 2015-ci il tarixdə 620 manat , yəni 591 ABŞ dolları, 09 sentyabr 2015-ci il tarixdə 403 manat, yəni 377 ABŞ dolları ödəmişdir. Lakin 2015-ci ilin son aylarında manatın dəyəri yenidən ucuzlaşdığına görə aylıq kredit pulunu ödəyə bilməmişdir. Lakin 15 iyul 2016-cı il tarixdə yenidən avtomobilə görə həmin banka 200 manat, yəni 125 ABŞ dolları, 11 noyabr 2016-cı il tarixdə 185 manat, yəni 110 ABŞ dolları, 21 avqust 2017-ci il tarixdə isə 340 manat, yəni 200 ABŞ dolları məbləğində pul ödəmişdir. Bütün ödənişləri öz adından avtomobilin ilkin sahibi X11 adına ödəmişdir. Bu barədə əlində müvafiq ödəmə qəbzləri və şəxsi hesabdan çıxarışlar vardır. Yəni o, 25 avqust 2014-cü il tarixdə Cavabdeh2 avtomobili 13200 ABŞ dollarına, yəni 10300 manata aldıqdan sonra X11 əvəzinə onun adına "xxxx" ASC-yə 5989 ABŞ dolları, yəni 5766 manat məbləğində pul vəsaiti ödəmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh1 2017-ci ilin yanvar ayında avtomobili ondan almağa çalışmışdır. Belə ki, 13 yanvar 2017-ci il tarixdə yaşadığı Beyləqan rayonunun Aşqallar kəndində olduğu vaxt Beyləqan RPŞ-nin DYP bölməsinin iki əməkdaşı evinin həyətinə gələrək idarə etdiyi həmin X41 PRADO markalı, 90-RP041 qeydiyyat nömrəli avtomobili aparmalı olduqlarını bildirmişlər. Həmçinin DYP əməkdaşları ona bildirmişlər ki, bu barədə göstərişi Beyləqan RPŞ-nin rəis müavini vermişdir. Lakin o, avtomobili RPŞ-nə aparmaqdan imtina etmiş və qardaşı oğlu Əlizamin Quliyev RPŞ-nə gedərək məsələnin mülki qaydada həll olunmalı olduğunu onlara izah etmişdir. Eləcə də, onlara məlum olmuşdur ki, Cavabdeh1 istifadəsində olan həmin avtomobili ondan qanunsuz yolla almaq məqsədilə 2014-cü ilin may ayında avtomobili Cavabdeh2 Sakit oğluna satarkən ona verdiyi, sonuncu isə 25 avqust 2014-ci il tarixdə ona satarkən verdiyi hər iki etibarnaməni 07 yanvar 2017-ci il tarixdə ləğv etdirmiş və Beyləqan şəhərinə gələrək RPŞ-də işləyən tanışları ilə görüşmüşdür. Bununla belə həmin vaxt avtomobili heç kimə verməmiş və avtomobil onun istifadəsində qalmışdır. Bundan sonra Cavabdeh2 ilə telefon əlaqəsi saxlayıb, məsələni ona dedikdə sonuncu bildirmişdir ki, avtomobil ona qanuni olaraq satılmışdır və avtomobil onun mülkiyyəti hesab olunur. Lakin ona tam halda aydın olmuşdur ki, bu şəxslərin hər ikisi “Maşın Bazarı” deyilən ərazidə dəllal olmaqla savadsızlığından istifadə edərək onu aldatmışlar. Çünki Cavabdeh2 avtomobilin ona məxsus olduğunu bildirərək ona satmış, avtomobil X11 adına olmaqla müvafiq bankda girovda olmasına baxmayaraq, hətta ona mülki etibarnamə də vermişdir. Buna baxmayaraq Cavabdeh2 bu avtomobilə dair heç bir mülkiyyət hüququ yoxdur və ona verdiyi mülki etibarnamədə avtomobilə dair hər hansı hüquqi müddəa nəzərdə tutulmamışdır. Göründüyü kimi Cavabdeh2 həmin etibarnaməni ona görə vermişdir ki, avtomobilin özünə məxsus olduğunu ona inandıra bilsin. X21 isə avtomobilin bir müddət onun istifadəsində qalmasını, aylıq kredit pulunun onun tərəfindən ödənilməsini qəsdən gözləmiş, sonra isə özünün Cavabdeh2 adlı şəxsə, sonuncunun isə ona verdiyi hər iki etibarnaməni ləğv etdirməklə, heç bir məhkəmə qətnaməsi olmadan həmin avtomobili ondan almışdır. Cavabdeh2 və X11 barəsində 18 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-nə və Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində araşdırma aparılmış, lakin onların arasında olan məsələnin mülki xarakterli olduğu qənaətinə gəlinərək cinayət işi başlanmasının rədd edilməsi haqqında 07 mart 2017-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, guya onun izahatında aldığı avtomobilə görə 700 manatadək məbləğdə kredit vəsaiti ödədiyini yazmışdır. Bundan başqa, araşdırma zamanı Cavabdeh2 avtomobili ona 13200 ABŞ dolları, yəni 10300 manata deyil, 8500 manata satdığını haqsız olaraq göstərmişdir. Bütün bunlara görə, eləcə də səthi araşdırma aparıldığı üçün qərardan Baş Prokurorluğa və DİN-nə şikayət etmiş, bununla belə şikayətilə bağlı əlavə araşdırma aparılmamışdır. Cavabdeh1 2017-ci il ilin aprel ayında istifadəsində olan həmin avtomobilin ona qaytarılmasına dair onunla Cavabdeh2 barəsində Xaçmaz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə baxışı dövründə, yəni 2017-ci ilin may ayında artıq X21 ilə razılaşmışlar ki, avtomobil onun istifadəsində qalacaq və bundan sonra hər ay kredit pulunu ödəyəcəkdir. X3 və Xaçmaz rayonlarına getmək üçün 1000 manatdan artıq məbləğdə pul xərclədiyini iddia edərək ondan həmin pulu istəmişdir. Aralarında razılıq olsun deyə, o 24 may 2017-ci il tarixdə Bakı şəhəri Lökbatan qəsəbəsinə gedib, adını bilmədiyi kafedə X21 ilə görüşərək Cəbrayıl rayonundan olan Zaur adlı şəxsin, eləcə də qardaşı Qardaşxan Quliyev və digər qardaşı oğlu Əlizamin Quliyevin iştirakı ilə ona 1000 manat pul vermişdir. Həmin gün onlar Lökbatan qəsəbəsində yerləşən notariat kantoruna getmiş və razılıqlarına əsasən X21 həmin avtomobili idarə etmək üçün ona 31 dekabr 2017-ci il tarixədək etibarnamə vermişdir. Cavabdeh1 müvəqqəti olaraq RF-na gedib, ilin sonunadək geri qayıdacağını, kredit pulunu tam ödədikdən sonra avtomobili adına sənədləşdirəcəyini ona vəd etmişdir. 2017-ci ilin yay dövründə o, bir neçə dəfə "xxxx" ASC-nin Nərimanov filialına gedərək avtomobilin kredit pulunu aylıq şəkildə, yaxud tam halda ödəmək istəsə də, bankın soyadını bilmədiyi Müşfiq adlı əməkdaşı bildirmişdir ki, X4 Federasiyasından ona zəng etmiş və onun adından hər hansı ödənişin aparılmasına etiraz etmişdir. Buna görə bankın işçisi ondan hər hansı məbləğdə pul qəbul etməmişdir. X21 təqribən 2017-ci ilin sentyabr ayında Bakı şəhərinə qayıtmış, onunla telefon əlaqəsi saxlayaraq avtomobilin kredit pulunu tam halda ödəməsini və avtomobili onun adından çıxarmasını tələb etmişdir. Rakimin onu aldatdığını bildiyınə görə düşünmüşdür ki, kredit vəsaitini tam halda ödədikdən sonra sonuncu avtomobili ondan alacaqdır. Odur ki, həmin pulu ödəməmişdir. Bir müddət sonra razılaşmışlar ki, avtomobili satıb, kredit pulunu tam halda ödəsin. Odur ki, 2017-ci ilin sentyabr, yaxud oktyabr ayında (dəqiq vaxtı unudub) həmin avtomobili satmağı ilə bağlı internet portalında elan yerləşdirmişlər. Səhərisi gün adını bilmədiyi bir nəfər avtomobilə baxaraq “Badamdar” adlı ərazidə tanışı olduğunu bildirib, avtomobili yoxlatdırmaq üçün həmin servisə gəlmişlər. Bu zaman Səbail RPİ-nin DYP şöbəsinin əməkdaşları onlara yaxınlaşıb, dərhal da X16 zəng etmişlər. Bir qədər sonra X21 atası ilə birlikdə ora gəlib, avtomobilin ona məxsus olduğunu iddia edərək dərhal ona qaytarılmasını tələb etmişlər. Odur ki, DYP əməkdaşları idarə etdiyi həmin avtomobili duracağa aparmışlar. DYP şöbəsinin adını bilmədiyi rəisi sənədləri yoxlayıb avtomobilin X20 məxsus olduğunu bildirmişdir. Odur ki, avtomobili orada saxlayaraq evinə qayıtmışdır. Bilmişdir ki, avtomobil X16 təhvil verilmişdir. Sonradan maraqlandıqda öyrənmişdir ki, avtomobil X11 adında qalmaqla bankda girov olmasına baxmayaraq, həmin avtomobili əvvəlcə Yardımlı rayon sakininə, bir müddət sonra isə Ağcabədi rayon sakininə satmışdır. X6 həmin şəxsləri də onun kimi aldatmışdır. Beləliklə, X21 ilə Cavabdeh2 savadsızlığından və sadəlövhlüyündən istifadə edərək onu aldatmış, ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşlar. O, vicdanlı alıcı olduğuna baxmayaraq Cavabdeh2 25 avqust 2014-cü il tarixdə mülkiyyətində olmayan X41 PRADO markalı **-RP-*** qeydiyyat nömrəli avtomobili ona 13200 ABŞ dollarına satmaqla ondan əvəzində 10300 manat pul almışdır. Bundan sonra o, 17 sentyabr 2014-cü il tarixdən 21 avqust 2017-ci il tarixinədək olan müddət ərzində bu avtomobilə görə müəyyən olunmuş 14.221 ABŞ dolları məbləğində kredit vəsaitindən 5889 ABŞ dollarını 5766 manat olmaqla ödəmiş, 24 may 2017-ci il tarixdə isəCavabdeh1 vədinə inanaraq ona əlbəəl olmaqla 1000 manat pul vermişdir. Yəni Cavabdeh2 ona 10300 manat, X21 isə 6766 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o həmin avtomobili ailə üzvlərinin ümumi istifadəsi məqsədilə almışdır. Avtomobili hələ uzun illər özü və ailə üzvləri üçün istifadə etmək arzusunda olmuşdur. Buna baxmayaraq, Cavabdeh2 ilə X1 və savadsızlığından istifadə edərək onu aldadıb, ona xeyli miqdarda ziyan vurmaqla bərabər sonda avtomobili heç bir məhkəmə qətnaməsi olmadan ondan almışlar. Sonrakı dövrdə dəfələrlə X21 və Cavabdeh2 ilə telefon əlaqəsi saxlamış, ona vurduqları ziyanı ödəmələrini xahiş etmişdir. Lakin bu şəxslər ona vurduqları maddi ziyani ödəməkdən qəti şəkildə imtina etmişlər. Odur ki, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan ötrü 27 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Vəkillə rəsmi müqavilə bağlamış, həmin büronun hesabına 250 manat nağd pul ödəmişdir. O, hazırda ailə üzvləri ilə birlikdə kənd yerində yaşayır. Avtomobil ondan alındıqdan sonra ailə üzvlərinin və kənd sakinlərinin üzünə baxa bilmir. Bu səbəbdən özünü mənən sınmış və alçalmış hesab edir, mənəvi sarsıntı keçirib iztirablar yaşayır. Odur ki, Cavabdeh2 vəX21 birləşərək ona qarşı yol verdikləri qanunsuz hərəkətləri ilə hər biri ona 10.000 manat mənəvi ziyan da vurmuşlar. Cavabdehlər X21 və Cavabdeh2 iddiaçı X17 qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib, İddiaçı iddiasının təmin edilməməsi, İddiaçı 73037 manat və 30 manat dövlət rüsumunun tutularaq X16 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər öz qarşılıqlı iddialarını onunla əsaslandırmışlar ki, X21 12 mart 2014cu il tarixdə "xxxx" ASC-nin Nərimanov filialından kredit əsasında X41 PRADO markalı, **-RP-*** qeydiyyat nömrəli avtomobili cəmi 17000 ABŞ dollarına Arif adlı şəxsdən almış, 15 iyul 2014-cü il tarixdə isə Cavabdeh2 5500 manata sataraq, həmin şəxsə 13 fevral 2024-cü il tarixədək etibarnamə vermişdir. 17 iyul 2014-cü il tarixdə isə "xxxx" ASC-yə gedərək kreditin qalan hissəsi, yəni 8064 ABŞ dollarının Cavabdeh2 tərəfindən ödənilməsi və banka olan borc məbləğinin tam bağlanılmayacağına qədər avtomobilin başqasına satılmayacağı barədə razılığa gəlmiş və ona izah etmişdir ki, kredit ödənişini bir həftədən artıq müddətə gecikdirsə, avtomobili ondan geri tələb edib ödədiyi pulları ona qaytarmayacaqdır. Həmin gün banka borclu qaldığı 1020 ABŞ dolları aylıq pulu ödəyib iyun ayının ödənilməmiş kredit pulunu, kəsirlə ödədiyi iyul ayının kredit pulunu tənzimləmişdir. Belə ki, 15 iyul 2014-cü il tarixində gecikdirdiyi 152 ABŞ dolları, 17 iyul 2014-cü il tarixdə 1020 ABŞ dolları olmuşdur. Beləliklə, X21 X41 PRADO markalı, **-RP- *** qeydiyyat nömrəli avtomobili 12 mart 2014-cü il tarixdə aldıqdan sonra kredit təşkilatı olan "xxxx" ASC-yə 23 aprel 2014-cü il tarixdə 630 ABŞ dolları, yəni 494 manat, 30 may 2014-cü il tarixdə 634 ABŞ dolları, yəni 497,31 manat, 15 iyul 2014-cü il tarixdə 152 ABŞ dolları, yəni 119,23 manat və 17 iyul 2014-cü il tarixdə 1020 ABŞ dolları, yəni 800 manat, ümumilikdə 2936 ABŞ dolları, yəni 1910,54 manat, həmin avtomobil Cavabdeh2 satıldıqdan sonra isə sonuncu eyni kredit təşkilatına 15 avqust 2014-cü il tarixdə 599 ABŞ dolları, yəni 470 manat pul köçürmüşlər. İddiaçı Aslan oğlu avtomobili aldıqdan sonrakı dövrdə kredit təşkilatına 18 sentyabr 2014-cü il tarixdə 599,18 ABŞ dolları, yəni 470 manat, 29 oktyabr 2014-cü il tarixdə 599,26 ABŞ dolları, yəni 470 manat, 26 noyabr 2014-cü il tarixdə 586,44 ABŞ dolları, yəni 460 manat, 24 dekabr 2014-cü il tarixdə 599 ABŞ dolları, yəni 471 manat, 27 yanvar 2015-ci il tarixdə 255 ABŞ dolları, yəni 201 manat, 10 mart 2015-ci il tarixdə 1125 ABŞ dolları, yəni 1181 manat, 17 aprel 20İ5-cİ il tarixdə 437 ABŞ dolları, yəni 461 manat, 10 iyun 20l5-ci il tarixdə 286 ABŞ dolları, yəni 301 manat, 08 iyul 2015-ci il tarixdə 591 ABŞ dolları, yəni 630 manat, 09 sentyabr 2015ci il tarixdə 377 ABŞ dolları, yəni 430 manat, 25 avqust 2016-cı il tarixdə 125 ABŞ dolları, yəni 200 manat, 11 noyabr 2016-cı il tarixdə 110 ABŞ dolları, yəni 185 manat və 21 avqust 2017-ci il tarixdə isə 200 ABŞ dolları, yəni 340 manat, ümumilikdə isə 5621 ABŞ dolları, yəni 5534,5 manat vəsait ödəmişdir. Bununla da, İddiaçı pul kreditlərini vaxtında ödəmədiyi üçün banka olan borcunun üzərinə 3028 ABŞ dolları, yəni 5147 manat faiz gəlmişdir. Digər tərəfdən Fətullayev X14 Rakim Sakit oğluna ünvanlanmış 15 dekabr 2016-cı il tarixli, 365 saylı xəbərdarlıq məktubundan bilmişdir ki, İddiaçı tərəfindən avtomobildən iki il dörd ay istifadə olunmuş, lakin dolların bahalaşması müddətində banka olan kredit borcu bağlanmamışdır. Bundan sonra o, avtomobili satdığı Cavabdeh2 zəng etmiş, ondan borc məbləği tam ödənilməyənədək avtomobili satmayacağını xahiş etmişdir. Daha sonra avtomobilin olduğu İddiaçı zəng etmişdir. İddiaçı söz vermişdir ki, 5- 10 günə bankın pulunu ödəyəcək. Buna baxmayaraq, İskəndər Quliyev bankın pulunu ödəməmiş, avtomobili ondan geri almaq üçün Beyləqan rayonuna getməsinə baxmayaraq, İddiaçı avtomobili gizlədib ona verməmişdir. Bundan sonra, yəni 07 yanvar 2017-ci il tarixdə Cavabdeh2 verilmiş etibarnaməni ləğv etdirmişdir. Bununla da, Cavabdeh2 İddiaçı verdiyi etibarnamə hüquqi qüvvəsini itirmişdir. İddiaçı bankın pulunu verməyəcəyinə və avtomobili geri qaytarmayacağına tam əmin olduqdan sonra 17 mart 2017-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı öz şəxsi təsərrüfatı, mal-heyvanı olduğunu bildirərək, onlardan satıb bankın pulunu bağlayacağı haqqında öhdəlik götürüb ondan etibarnamə istəmiş, o isə bank krediti bağlanmayana qədər etibarnamə verməyəcəyini bildirmişdir. Bir müddət sonra Quliyev X18 qəsəbəsinə gəlib onunla görüşmüş, yalvar-yaxar edib ona etibarnamə verməsini istəmişdir. O isə kredit borcu bağlanmayanadək etibarnamədən söhbət getməyəcəyini bildirmişdir. Bu səbəbdən 5 ay müddətində kredit borcunu ödəmədiyinə görə ona 2000 manat ziyan ödəməli olduğunu İddiaçı bildirmişdir. O qeyd edilən məbləğdə pulu ödəmək imkanı olmadığına görə yalnız 1000 manat ödəmək imkanı olduğunu söyləmiş, bunun müqabilində 1 ay ərzində kredit borcunu bağlayacağına söz vermişdir. Bu səbəbdən İddiaçı 24 may 2017-ci il tarixdən ilin sonuna qədər etibarnamə verərək bildirmişdir ki, bir ay müddətində kredit borcunu bağlamasa, etibarnaməni ləğv edəcəkdir. Bütün bunlardan sonra İddiaçı nə bankın pulunu verməmiş, nə də avtomobili ona təqdim etməmişdir. Nəhayət, 24 may 2017-ci il tarixdə İddiaçı verdiyi etibarnaməni ləğv etmiş, bu barədə ona telefon vasitəsilə məlumat vermişdir. Ondan bir neçə gün keçdikdən sonra Səbail rayonunun 20-ci sahə ərazisindən keçən zaman həmin avtomobilin təmir olunan yerdə dayandığını görüb, bu barədə 102 qaynar xəttinə məlumat vermişdir. Bundan sonra Səbail DYP əməkdaşları həmin əraziyə gələrək avtomobili cərimə meydançasına aparmışlar. 2017-ci ilin sentyabr ayının sonunda isə bank avtomobili alıb kredit borcunu ödəmək şərti ilə ona qaytarmışdır. Avtomobil ona veriləndə arxa şüşəsi çatlamış, arxa tərəfin sağ stopu qırılmış, stopun aşağı hissəsinin körpüsü içəri batmışdır. Sol tərəfin güzgüsü sındığı üçün izolentlə yapışdırılmışdır. Təkərləri uzun müddət sürülüb işlədiyinə görə yararsız hala düşmüş, qabaq buferlərin təmirə və rəngə ehtiyacı olmuşdur. Bundan başqa, qabaq oblitsovka sınıq olduğuna görə dəyişdirilmiş, həmçinin qranatlar, zaslonka, amortizatorlar, ön rulevoy tyaqa, kondisionerin kompressoru dəyişdirilmiş, kompressora qaz vurulmuş, ötürücüsü yenilənmiş, cəmi 5790 manat xərci çıxmışdır. 5 ay müddətində isə bu işlə əlaqədar 2000 manat pul xərcləmiş, onun 1000 manatı İddiaçı alınmışdır. Beləliklə, X2 Rakim Sakit oğluna dəbbə pulu olaraq 5147 manat, avtomobilin ehtiyat hissələrini sıradan çıxartdığına görə 5790 manat, avtomobilin icarə haqqı olaraq 62.100 manat, avtomobillə bağlı mübahisələrin həll edilməsinə görə 1000 manat, cəmi 73.037 manat məbləğində zərər vurmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(002)- 748/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdeh X7 6766 manat, Cavabdeh2 8500 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, hüquqların müdafiə olunması üçün ödədiyi 250 manat məbləğində pul vəsaitinin 50 manatının İddiaçı, 200 manatının cavabdehlər X21 və Cavabdeh2 aid edilməsi, həmin məbləğin 100 manatının X7, 100 manatının Cavabdeh2 tutularaq, İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(002)- 748/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 2(002)-748/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinin xahiş etmişlər. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqəti müəyyən etmək üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ilkin iddia üzrə cavabdehlərin təqdim etdikləri sübutlara əhəmiyyət verməmiş, ən əsası qarşılıqlı iddia tələbinin rədd edilməsini əsaslandırmamışdır. Belə ki, İddiaçı avtomaşının kreditindən 5621$ (5534,5 AZN) ödəsə də, Cavabdeh1 dəbbə pulu olaraq 5147 AZN (3028 $), avtomaşının ehtiyat hissələrini sıradan çıxartdığına görə 5790 AZN, ümumilikdə 10.937 manat zərər vurmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi X23 və cavabdehlərin vəkili X30 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs X12 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə digər cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə cavabdehlərdən tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı X41 Prado markalı, **-RP-*** qeydiyyat nömrəli avtomobili almaq məqsədi ilə 25 avqust 2014-cü il tarixdə Cavabdeh2 avtomobili almaq barədə razılaşmışdır. Razılaşmanın şərtlərinə görə, ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh2 nəğd şəkildə 8500 manat ilkin ödəniş etməklə, avtomobilə görə digər Cavabdeh1 "xxxx" ASC qarşısında olan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində isə qarşılıqlı iddiaçı mübahisəli avtomobili İddiaçı sahibliyinə və istifadəsinə verməyi, habelə avtomobilə dair sonuncuya etibarnamə verməyi öhdəsinə götürmüşdür. Bundan sonra ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh2 8500 manat ödəniş etmiş, həmçinin Cavabdeh1 "xxxx" ASC-də olan kredit borcu hesabına 17 sentyabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 29 oktyabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 26 noyabr 2014-cü il tarixdə 461 manat, yəni 586 ABŞ dolları, 24 dekabr 2014-cü il tarixdə 471 manat, yəni 599 ABŞ dolları, 26 yanvar 2015-ci il tarixdə 201 manat, yəni 255 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral ayında Azərbaycan manatının ABŞ dollarına münasibətdə dəyəri ucuzlaşmışdır. Bundan sonra o, bir müddət aylıq kredit pulunu ödəməmiş, lakin sonradan ödənişləri bərpa etmiş, 10 mart 2015-ci il tarixdə 1181 manat yəni, 1125 ABŞ dolları, 17 aprel 2015-ci il tarixdə 461 manat, yəni 437 ABŞ dolları, 10 iyun 2015-ci il tarixdə 301 manat, yəni 286 ABŞ dolları, 08 iyun 2015-ci il tarixdə 620 manat, yəni 591 ABŞ dolları, 09 sentyabr 2015-ci il tarixdə 403 manat, yəni 377 ABŞ dolları ödəmişdir. Lakin 2015-ci ilin son aylarında manatın dəyəri yenidən ucuzlaşdığına görə aylıq kredit pulunu gecikmələrlə ödəməyə başlamış, 15 iyul 2016-cı il tarixdə banka 200 manat, yəni 125 ABŞ dolları, 11 noyabr 2016-cı il tarixdə 185 manat, yəni 110 ABŞ dolları, 21 avqust 2017-ci il tarixdə isə 340 manat, yəni 200 ABŞ dolları məbləğində pul ödəmişdir. Bütövlükdə Cavabdeh1 "xxxx" ASC-nə olan kredit borcunun ödənilməsi məqsədilə 5889 ABŞ dolları, yəni ödəniş zamanı ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 5766 manat məbləğində pul vəsaiti ödəmişdir. Bütün ödənişləri öz adından avtomobilin ilkin sahibi X11 əvəzinə ödəmişdir. Bundan başqa, o, Cavabdeh1 əvəzinə onun adına "xxxx" ASC-yə 5989 ABŞ dolları, yəni 5766 manat pul vəsaiti ödəmişdir. Bundan başqa, İddiaçı 24 may 2017-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsində X21 ilə görüşərək ona 1000 manat məbləğində pul vermişdir. Birinci instansiya məhkəməsi ilk iddianın təmin edilməsi ilə bağlı hesab etmişdir ki, cavabdehlər X21 və X24 İddiaçı pul məbləğini yalnız götürdükləri hissədə qaytarmağa borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, tutulmalı olan məbləğləri düzgün müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia tələbi qismən təmin edilərkən avtomobilin ilk iddia üzrə İddiaçı istismarında olduğu müddətdə aşınma səviyyəsi müəyyən edilməmiş və nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında kollegiya avtomobilin dəyərini və İddiaçı istismarında olduğu müddətdə aşınma səviyyəsini müəyyən etməkdən ötrü mütəxəssis dəvət etmiş, "xxxx" MMC-nin UNİ/İ 26-241/21 saylı, 15 iyul 2021-ci il tarixli rəyində bildirilmişdir ki, “X41 Prado” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2003, rəngi- ağ, mühərrikin nömrəsi 9RZ3183341, Ban JTEBM29J3********) avtomobilin 2014-cü ildən 2017-ci il tarixə qədərki dövrdə istifadə olunması nəticəsində ümumi amortizasiya (aşınma) məbləğinin 6.050 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy qiymətləndirmə fəaliyyəti haqda qanuna uyğun şəkildə həyata keçirildiyindən və qeyd olunan hər bir il üzrə avtomobilin amortizasiyası əsaslandırıldığından, bu rəylə müəyyən edilmiş məbləğ avtomobilin istifadə olunması nəticəsində ümumi amortizasiya (aşınma) məbləği kimi nəzərə alına bilər. Həmçinin, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə “LBC (X29)” MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəydən görünür ki, “X41 Prado” markalı, 2003-cü il buraxılışlı, **-RP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 2014cü ildən 2017-ci il tarixə qədər olan dövr ərzində istifadə olunması nəticəsində amortizasiya (aşınma) məbləği orta hesabla 2000 (iki min) AZN təşkil edir. Qeyd olunan rəydə müəyyən edilmiş qiyməti məhkəmə işin hallarına uyğun hesab etmir. Belə ki, mübahisəli avtomobilin 2014-cü ildən 2017-ci il tarixə qədər olan 3 il müddət ərzində amortizasiya (aşınma) məbləğinin cəmi 2000 (iki min) AZN təşkil etməsini kollegiya ağlabatan hesab etmir. Bundan başqa, kollegiya qeyd edir ki, həmin rəy kifayət qədər əsaslandırılmamış, rəydə göstərilən rəqəmlərin hansı hesablama üsulu ilə və hansı metodika əsasında müəyyən edilməsi göstərilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin rəylə müəyyən edilmiş halları mötəbər hesab etmir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə bağlı qərardad qəbul edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli, 9/7057 saylı rəydə qeyd edilən avtomobilin 2014-2017-ci illər üzrə aşınma (amortizasiya) məbləğinin təxminən 5%-10% müəyyən edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 11 noyabr 2021-ci il tarixli, 9/7057 saylı rəyə əsasən aşınma (amortizasiya) məbləği təxminən 5%-10% müəyyən edilsə də, bu rəqəmlərin özü arasında iki dəfə fərq olduğundan, aşınmanın 5%-10% göstərilməsi qeyrimüəyyənlik yaradır, həmçinin həmin rəyin əsaslandırma hissəsində ekspert qarşısında qoyulmuş sualların aydınlaşdırılması məqsədi ilə hər hansı müqayisəli tədqiqatın aparılması müəyyən edilmir. Rəydə aşınma (amortizasiya) məbləği kimi göstərilən rəqəmlərin hansı üsulla və hansı əsasla müəyyən edilməsi aşkar deyildir, gəlinən nəticəyə dair hər hansı istinad yoxdur. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, həmin rəy səthi tərtib olunmuşdur və hazırkı mübahisənin həlli zamanı mötəbər sübut kimi nəzərə alınması düzgün olmazdı. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, avtomobilin amortizasiya (aşınma) məbləğinin müəyyən edilməsi üçün apellyasiya şikayətinin dəlillərinə qiymət verilərkən yalnız "xxxx" MMC-nin UNİ/İ 26-241/21 saylı, 15 iyul 2021-ci il tarixli rəyi mötəbər sübut kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər öz aralarında avtomobillə bağlı alqı-satqı müqaviləsi bağladıqlarını bildirsələr də, onlar tərəfindən daşınar əşyanın alqı-satqısı ilə bağlı mülki qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Ona görə də, tərəflər arasında bağlanmış əqd etibarsız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddianın qanuni əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm cavabdehlərə nağd şəkildə vermiş olduğu pul məbləğini, həm də sonradan cavabdehin əvəzinə banka etmiş olduğu ödənişləri tələb etmişdir. Ona görə də, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları, habelə üçüncü şəxsin xeyrinə edilmiş icranın borcludan geri tələb edilməsi ilə bağlı normalar çıxış edir. Belə ki, MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.3-ci maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. İşin hallarından göründüyü kimi, ilk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona müvafiq olaraq 6.766 manat və 10.300 manat həcmində ziyan vurduqlarını bildirir. Tərəflər mübahisə etmirlər ki, iddiaçı cavabdehlə arasında olan razılaşmaya əsasən avtomobili öz sahibliyinə və istifadəsinə qəbul etmiş, bunun əvəzində ilk iddiaçı avtomobilə görə banka olan kredit borcunun və ona hesablanmış faizlərin tərəfindən qaytarılacağını öhdəsinə götürmüşdür. Həmçinin ilk iddiaçı 8.500 manat məbləğində pulu nəğd olaraq avtomobilin satıcısı olan qarşılıqlı iddiaçıya ödəmişdir. Tərəflərin razılığına əsasən avtomobil alındığı 25 avqust 2014-cü ildən iddiaçının istifadəsində və sahibliyində olmuş, bu məqsədlə cavabdeh tərəfindən iddiaçıya müvafiq etibarnamə verilmişdir. Həmin avtomobil Cavabdeh1 təşəbbüsü ilə 2017-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən iddiaçıdan alınaraq ona təhvil verilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin adına alınmış avtomobilə görə ödənişləri o şərtlə ödəməyə razılaşmışdır ki, həmin avtomobil onun daimi istifadəsində və sahibliyində olacaqdır. İddiaçının həmin avtomobili 2014-cü ildən 2017-ci il tarixədək olan müddət ərzində fasiləsiz olaraq istismar etməsi nəticəsində həmin avtomobil amortizasiyaya uğramış və 2014-cü ildə olan öz ilkin dəyərini itirmişdir. Məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən həmin avtomobilin qeyd edilən müddət ərzində uğradığı amortizasiyanın məbləği 6050,00 manat həcmində müəyyən edilmişdir. Belə olan halda, hazırkı şəraitdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mübahisəli avtomobilə görə ödəmiş olduğu məbləğlə bağlı əsassız varlanmışlar. Lakin əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin normalarının tələblərindən çıxış edərək (varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır), hazırkı yaranmış vəziyyətdə cavabdehlərin əsassız varlanmasının həcmi mübahisəli avtomobilə görə ödənilmiş pulun məbləği ilə deyil, onların real əldə etdiyi əmlakın dəyəri ilə müəyyən edilməli, mübahisəli avtomobilin İddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiya məbləği (6050,00 manat) nəzərə alınmalıdır. Bu cür yanaşma metodu ilə hesablama aparılmaqla müəyyən edilir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əldə etdiyi əmlakın həmin avtomobilin ilk iddia üzrə İddiaçı tərəfindən istismar edildiyi dövrdə uğradığı amortizasiya məbləği nəzərə alınmaqla (6766 manat və 8500 manatdan mütənasib olaraq 6050 manat amortizasiya xərci azaldılmaqla), 4321 AZN və 4896 AZN təşkil edir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh1 ilk İddiaçı ilk iddiada göstərilən 1000 manat məbləğində pul almasını etiraf etmişdir. Ona görə də, iddia tələbi yalnız həmin məbləğlərə aid hissədə qanuni və əsaslı hesab edilə bilər. Apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin həmin hissədə iddianı təmin etməməklə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddiaçılar avtomobilin onların tərəfindən yararsız vəziyyətdə qəbul edilməsini və təmir edilməsi ilə bağlı xərc çəkmələrini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bundan başqa, qarşılıqlı iddiaçılar avtomobilin ilk iddiaçıda olduğu müddətdə avtomobilin icarəyə verilərək qazanc əldə edəcəklərinə istinad etsələr də, onların belə bir fəaliyyətlə məşğul olmaları və iddiada göstərdikləri məbləğdə qazanc əldə etmələri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Ona görə də, məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətini həmin hissədə əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(002)- 748/2020 nömrəli qətnaməsi ilk iddia üzrə cavabdehlər X7 və Cavabdeh2 tutulmalı olan məbləğ hissəsində dəyişdirilərək, İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği azaldılaraq Cavabdeh2 4896 AZN, cavabdeh X7 4321 AZN olmaqla müəyyən edilməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İlk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(002)-748/2020 nömrəli qətnaməsi cavabdehlər X7 və Cavabdeh2 tutulmalı olan məbləğ hissəsində dəyişdirilərək, İddiaçı xeyrinə tutulmalı olan pulun məbləği azaldılaraq Cavabdeh2 4896 AZN, cavabdeh X7 4321 AZN müəyyən edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(002)-748/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci hesabına ilk iddia üzrə İddiaçı 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) və keçirilmiş qiymətləndirmə rəyinin xərci hesabına ilk iddia üzrə cavabdehlər X7 və Cavabdeh2 müştərək qaydada 150 (yüz əlli) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ15GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594, SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar