Məhkəmə qərarları › İş №2(103)-1721/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1721/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1721/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(001)-25/2021 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 761,67 manat məbləğində kredit borcu və 822,59 manat məbləğində cərimə olmaqla, cəmi 1.584 (min beş yüz səksən dörd) manat 26 qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 17.10.2014-cü il tarixli, 010L**********88 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh2 Kreditor ilə 28.10.2014-cü il tarixdə bağladığı 010KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.6667 % olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 30000 (otuz min) Manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Cavabdeh2 kredit müqaviləsinin 3.2.1-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 16.10.2015-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməmişdir. Cavabdeh2 götürdüyü kreditdən 29283,33 Manat qaytarmış və onun 761,67 manat məbləğində kredit borcu qalmışdır. 04.06.2018ci il tarixə hesablanmış cərimə 822,59 Manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(001)-25/2021 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(001)-25/2021 saylı qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiasının təmin edilməməsi, iddianın rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, hazırkı işin faktiki hallarından görünür ki, tərəflər 17.10.2014-cü il tarixli, 010L**********88 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi zaminliyi müəyyən etmiş və bu müəyyənetmə mülki qanunveriliciyin tələbləri ilə uyğunsuzluq təşkil etməmişdir. Çünki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (AR MM-nin 470-ci maddəsi). Hazırkı iş üzrə zaminlik müqaviləsində 17.10.2014-cü il tarixli, 010L**********88 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Belə ki, zamin Cavabdeh1 300000 ABŞ dolları daxil olmaqla həmin çərçivədə 120 ay müddətinə, yəni 17.10.2024-cü ilə kimi öhdəlik götürmüşdür. Cavabdeh2 isə 17.10.2014-cü il tarixli 010L**********88 saylı kredit xətti müqaviləsi əsasında bağlanmış 28.10.2014-cü il tarixli 010KK**********01 saylı kredit razılaşması ilə 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Beləliklə, Məhkəmə sübutlara obyektiv, hərtərəfli və tam baxmamış və nəticədə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “borcverən” İddiaçı QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 010S**********01 №-li Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor Bank qarşısında 17 oktyabr 2014-cü il tarixli 010L**********8 №-li Uzunmüddətli Kredit Müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. Eyni zamanda, iş materiallarında olan 28 oktyabr 2014-cü il tarixli, 010KK**********1 №-li Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC “Kredit verən” və Cavabdeh2 “Kredit alan” olmaqla, sonuncuya 17 oktyabr 2014-cü il tarixli, 010L**********8 saylı Uzunmüddətli Kredit Müqaviləsinə uyğun olaraq 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,6667% olmaqla 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Lakin, zamin Cavabdeh1 28 oktyabr 2014-cü il tarixli 010KK**********1 №-li Kredit Razılaşması bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, həmin Razılaşmaya öz razılığını bildirməmiş və bu Razılaşma ilə bağlı onunla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. Çünki Cavabdeh1 zamin olduğu 17 oktyabr 2014-cü il tarixli 010L**********8 №-li Uzunmüddətli Kredit Müqaviləsində faiz dərəcəsi göstərilməmiş, eləcə də veriləcək pulun valyutası ABŞ dolları göstərilmişdir. Belə olan halda Bankla Borcalan arasında 28 oktyabr 2014-cü il tarixli 010KK**********1 №-li Kredit Razılaşması bağlanarkən zaminin də razılığı alınmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə Zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və ya dəyişdirilmə onun məsuliyətinin artmasına və onun üçün digər əliverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. ”Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1, 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2019cu il 25 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etmişdir ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və.s) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütovlükdə xitam verilir. Beləliklə də, kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, 17 oktyabr 2014-cü il tarixli, 010S**********01 №-li zaminlik müqaviləsi ilə zamin Cavabdeh1 “borcalan” Cavabdeh2 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 010L**********8 №-li Uzunmüddətli Kredit Müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, o, həmin kredit müqaviləsi üzrə 28 oktyabr 2014cü il tarixli, 010KK**********1 №-li Kredit Razılaşması bağlanarkən hər hansı bir öhdəlik götürməmiş, məlum Razılaşma ilə borcalan Cavabdeh2 verilmiş kreditin faiz dərəcəsinə və valyutasına öz razılığını bildirməmiş və bununla bağlı onunla hər hansı bir yazılı razılaşma imzalanmamışdır. Bu hal zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasına gətirib çıxarır. Ona görə də, zamin Cavabdeh1 qarşı yönələn hazırkı iddia tələbi əsassızdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Plenum) “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il tarixli Qərardadında qeyd olunmuşdur ki, “Plenumun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Mülki iş materiallarından görünür ki, Plenumun 2019-cu il 25 iyul tarixli Qərarı qüvvəyə minənədək məhkəmələrin icraatında 30 iyul 2018-ci ildə hazırki mülki iş olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsaən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(001)- 25/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar