Məhkəmə qərarları › İş №2(103)-1722/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1722/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1722/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bank) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01R000013687 saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada 7810,74 ABŞ dolları əsas, 3423,49 ABŞ dolları faiz və 6960,49 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18 194,72 ABŞ dolları borcun, həmçinin 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7810,74 ABŞ dolları əsas, 3423,49 ABŞ dolları faiz və 696 ABŞ dolları cərimə borcunun, həmçinin 19 manat dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini, yeni qətnamə çıxarılaraq zaminlik müqavilələrinə xitam verilməsini, borcun ona aid olunmasını və həmin məbləğin restrukturizasiya edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən apellyator apellyasiya şikayətini müdafiə edərək ədalətli qərar çıxarılmasını, iddiaçı bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, digər cavabdehlər məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Digər cavabdehlər şikayət vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun əsasən borcun məbləği ilə bağlı şikayətinə əsasən qətnamənin bütünlüklə və zaminlərə münasibətdə yoxlanılması sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh1 apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən iddia tələbinin təmin olunmayan hissəsi də hazırkı apellyasiya baxışında yoxlanılmır. Başqa sözlə qətnamənin, “Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7810,74 ABŞ dolları əsas, 3423,49 ABŞ dolları faiz və 696 ABŞ dolları cərimə borcunun, həmçinin 19 manat dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin rədd edilməsi”ilə bağlı hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə onu mübahisələndirmiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, 24 aprel 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqavilə çərçivəsində 10 iyun 2014-cü il tarixdə bağlanmış kredit razılaşmasına əsasən bank tərəfindən borcalana aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 36 ay müddətinə 13 000 ABŞ dolları məbləğində kredit verilmiş, 21 oktyabr 2016-cı il tarixli sazişlə kredit razılaşmasının müddəti artırılaraq 15 may 2018-ci il tarixinədək müəyyənləşdirilmiş, kredit xətti müqaviləsindən və həmin kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin təminatı kimi digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 müvafıq xəbərdarlıqlara baxmayaraq kredit ödənişlərini gecikdirmiş və bu səbəblə onun iddiaçı banka 7810,74 ABŞ dolları əsas, 3423,49 ABŞ dolları faizborcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun əsas və faiz borcunun düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə isə cavabdehin əsas borcunun iddiaçı bankın tələb etdiyi məbləğdən də artıq olduğu, faiz borcunun 2434,05 ABŞ dolları təşkil etdiyi, ümumi borcunun demək olar ki, iddia olunan məbləğdə olduğu müəyyənləşdirilmişdir. Kollegiya həmin ekspert rəyini ümumiyyətlə mötəbər sübut kimi qəbul etmir; çünkü rəydən aydın olur ki, ekspert müvafiq nəticəyə gələrkən Cavabdeh1 kredit borcunun 21.10.2016-cı il tarixdə restrukturizasiya edildiyini, bunun nəticəsində borcun 8408,67 ABŞ dolları müəyyənləşdirilmiş olduğunu əsas götürmüşdür; halbuki iş materiallarından aydın şəkildə görünür ki, 21.10.2016-cı il tarixdə Cavabdeh1 kredit borcunun restrukturizasiyası həyata keçirilməmiş, onun 8408,67 ABŞ dolları təşkil edən borcunun geri qaytarılma müddəti və faiz dərəcəsi artırılmışdır. Kollegiya həmçinin hesab edir ki, işə baxan məhkəmə kredit borcunun böyük bir hissəsinin ödənilmiş olduğunu nəzərə almaqla Cavabdeh1 tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 696 ABŞ dolları müəyyən etməkdə haqlı olmuşdur.Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə Cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1945/2019 saylı iş üzrə 31 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh1tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar