Məhkəmə qərarları › İş №2(103)-1723/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1723/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1723/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İİddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: çəkişmə prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2549/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3219076A112 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 81 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 9.284,62 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixə 8.901,59 manat əsas borc, 898,68 manat faiz borcu olmaqla, cəmi 9.800,27 manat borcu yaranmışdır

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 8.901 manat 59 qəpik əsas borc, 898 manat 68 qəpik faiz borcu olmaqla, cəmi 9.800 manat 27 qəpik pul vəsaitinin və ödənilmiş 118 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona 81 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9.284 manat 62 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 8.901 manat 59 qəpik əsas borc, 898 manat 68 qəpik faiz borcu olmaqla, cəmi 9.800 manat 27 qəpik borcu yaranmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2549/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmiş, 8.901 manat 59 qəpik əsas borc, 898 manat 68 qəpik faiz borcu olmaqla, cəmi 9.800 manat 27 qəpik pul vəsaiti və ödənilmiş 118 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2549/2022 saylı mülki iş üzrə 13 dekabr 2022ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq etməklə və lazımi əsaslandırılmadan qəbul edilmiş, işin faktiki hallarını araşdırmaq üçün iddiçının məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı sonradan qətnamə ilə tanış olduqda belə bir məhkəmə iclasının olduğunu bilmişdir. Məhkəmə tərəfindən prosesual hüquq normasının tələblərinin pozulduğu görünür. Belə ki, məhkəmə iclasda cavabdehin iştirakını təmin etməyərək çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuş, qərarını işin faktiki hallarını nəzərə almayaraq və iş üzrə hərtərfli araşdırma aparmadan özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması xahiş edilmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

16.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

17.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

18. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

20. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, cavabdeh verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında onun iştirakını təmin etməyərək çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozduğuna, qətnaməni işin faktiki hallarını nəzərə almayaraq və iş üzrə hərtərfli araşdırma aparmadan qəbul etdiyinə istinadən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2549/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

27. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər kredit müqaviləsində və hazırda müraciət etdiyi apelyasiya şikayətində cavabdehin qeyd etdiyi ünvana göndərilmiş, o, həmçinin bu barədə apelyasiya şikayətində göstərilən telefon nömrəsinə ünvanlanmış SMS-bildirişi vasitəsilə məlumatlandırılmışdır. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.

28. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

29. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə hazırlıq və baxış iclaslarını dəfələrlə təxirə salmış, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə uyğun şəkildə iş üçün əhəmiyyət kəsb etdiyi bütün halları araşdırmış, borcun olub-olmamasına, olduğu təqdirdə hansı məbləğdə tutulmalı olmasına dair halları müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

30. Beləliklə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli RGTK3219076A112 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 81 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 9.284,62 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır.

31. Cavabdeh xx.xx.2020-ci il tarixli RGTK3219076A112 saylı kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini lazımi qayadada və vaxtında icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli, 9/6567 saylı ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli RGTK3219076A112 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan əsas borcun 8.903,25 manat, faiz borcunun 926,24 manat məbləğində olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə əsas və faiz borcu tələb olunan əsas və faiz borcundan yüksək müəyyən edilsə də, məhkəmə irəli sürülmüş tələb həddində işə baxıldığından, cavabdehdən kredit müqaviləsi üzrə borcu iddiaçının tələb etdiyi məbləğdə tutmuşdur.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2549/2022 saylı, 13 dekabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar