Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1723/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 Nıırulla oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin ləvğedicisi "X1 Company" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Nıırulla oğlundan və «Poseydon" AE MMC-dən banka kredit borcu üzrə 2675,89 manat, faiz borcu 2045,90 manat, 695 manat dəbbə pulu, cəmi 5416,79 manat, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının müştərək qaydada tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərilir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2011-ci il tarixli İS 922 saylı krediti müqaviləsinə əsasən, sonuncuya illik 28 faiz ödəmək şərti ilə 24 ay miiddətinə 4770 manat məbləğində kredit vermiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən hər ay kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Cavabdehin öhdəliklərinin lazımınca icra etməməsi səbəbindən xx.xx.2015-ci il tarixə kredit borcu üzrə 2675,89 manat, faiz borcu 2045,90 manat, 695 manat dəbbə pulu, cəmi 5416,79 manat borcu yaranmışdır. Bundan başqa xx.xx.2011-ci il tarixdə "xxxx" AE MMC ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsi ilə (Gülsarə İmanova) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və «Poseydon" AE MMC-dən müştərək qaydada 2675,89 manat, faiz borcu 412,74 manat, 200 manat dəbbə pulu olmaqla, cəmi 3288,63 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu və 1 manat bank xərci iddiaçı "xxxx" ASC-nin ləvğedicisi "X1 Company" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 695 manat məbləğində cərimənin məhkəmə MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlmişdir. Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək onu azaldıb 200 manat məbləğində müəyyən etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6853/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), İlham Əsədov və Azad İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş, faiz borcu 724,30 manat müəyyən edilmiş, Cavabdeh1 və "xxxx" AE MMC-dən 724,30 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6853/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. Bundan sonra, Cavabdeh1 qətnaməni əldə etmiş, həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş etmiş və şikayətində göstərib ki, ümumiyyətılə bankla hər hansı kredit müqaviləsi bağlamamışdır. xx.xx.2015ci il tarixli, İS 922 saylı kredit müqaviləsini imzlamayıb. Cavabdeh2 MMC digər şəxslə birlikdə ona məxsus olan şirkətdir. Həmin firma ilə ümumiyyətlə zaminlik müqaviləsi bağlanmayıb. Buna görə də, xx.xx.2015-ci il tarixli, İS 922 saylı kredit müqaviləsindəki imzaların ona məxsus olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir. Həmçinin, o, solaxaydır, sağ və sol əli ilə yazan insanların yazıları adi gözlə baxanda belə bilinir. Mülki iş hazırki apellyasiya icraatında olarkən Cavabdeh1 vəsatətini müdafiə edərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə da iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə etiraz etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1723/2024 saylı, 04 mart 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-4/418 saylı, 15 may 2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-7-ci vərəqlərində "xxxx" ASC ilə Cavabdeh1 adlarından olan xx.xx.2011-ci il tarixli İS -922 nömrəli kredit müqaviləsində, 8-9-cu vərəqlərində xx.xx.2011-ci il tarixli İS -922 nömrəli Zaminlik müqaviləsində, 10-cu vərəqində olan xx.xx.2011-ci il tarixli Ödəniş cədvəlində "Borc alan" qrafalarındakı imzaların və 32-ci vərəqində olan xx.xx.2011-ci il tarixli 5204 nömrəli məxaric orderində "Vəsaiti aldım" qrafasındakı imzanın - Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə tərkibi hesab etmişdir ki, həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməlidir. Çünki "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlandığı görünən xx.xx.2011-ci il tarixli, İS 922 saylı kredit, zaminlik müqavilələrindəki və maliyyə arayışındakı (iş.v.5-10) borc alan qarşısında olan imzaların Cavabdeh1 tərəfindən icra olunub-olunmaması müəyyən edilməlidir. Ekspertin rəy verə bilməməsi də başadüşülən olmamışdır. Çünki ekspert xüsusi biliyə malik olan şəxsdir və tədqiqat obyekti üzrə qəti qənaətə gələ bilməməsi ağlabatan sayılmır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1723/2024 saylı, 01 iyul 2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 4/1081 saylı, 25 oktyabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-7-ci vərəqlərində xx.xx.2011-ci il tarixli İS -922 nömrəli kredit müqaviləsində; xx.xx.2011-ci il tarixli İS-922 nömrəli zaminlik müqaviləsində (i.v.8-9) və xx.xx.2011-ci il tarixli ödəniş cədvəlində (i.v.10) "Borc alan" qrafalarındakı imzaların Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci madəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Əvvəla, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə bir dəfə apellyasiya icraatının predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6853/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək qətnaməi faiz borcu hissəsində dəyişdirilmiş, faiz borcu 724,30 manat müəyyən edilmiş, Cavabdeh1 və "xxxx" AE MMC-dən 724,30 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin hazırkı apellyasiya şikayəti üzrə mübahisələndirdiyi müqavilələrin və maliyyə arayışının etibarlılığı həmin işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və etibarlı əqd olduğu təsdiq olunmuş, üstəlik faiz borcunun məbləği də artırılaraq hər iki cavabdehdən tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Deməli qətnamənin apellyasiya şikayəti üzrə yoxlanılmış hissəsi təkrarən apellyasiya qaydasında yoxlanılması yolverilməzdir. Çünki nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı(eyni müqavilələr və maliyyə arayışı üzə) bir-birini təkzib edən müxtəlif məhkəmə aktları da ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir Ona görə də, mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-1723/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2015 saylı, 30 iyul 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366, 384.0.6, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-1723/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5401/2015 saylı, 30 iyul 2015ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1723/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1723/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver