Məhkəmə qərarları › İş №2(103)-1725/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1725/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1725/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(007)- 2443/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada QSC-nin xeyrinə 08.07.2019-cu il tarixli, 021R********** saylı kredit razılaşması üzrə 16889,58 manat məbləğində kredit borcu, 4205,05 manat məbləğində faiz borcu və 5707,53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26802,16 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, b.9-da 80,25 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyət 20 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 26802,16 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, b.9-da 80,25 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyət 20 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X4 və Cavabdeh7 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 05.07.2019-cu il tarixli 021L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmış, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 08.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.04.2020-ci il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.05.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3110,42 manat ödəmiş, onun 16889,58 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 294 gün üçün hesablanmış faiz borcu 4205,05 manat təşkil edir. 26.02.2021-ci il tarixə 294 gün üçün hesablanmış cərimə 5707,53 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan və zamin Cavabdeh2 oğlu və Bank arasında bağlanılmış 05.07.2019-cu il tarixli 3M-1964 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında ona məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, b.9-da 80,25 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyət 20 nömrəli mənzil (yeni qaydalarla: AZ 1142, ünvan 2) ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(007)- 2443/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 08.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16889,58 manat əsas borc, 4205,05 manat faiz borcu və 500 manat cərimə borcu, cəmi 21594,63 manat məbləğində kredit borcu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınmasına dair ödənilmiş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulmaması, Cavabdeh2 məxsus ümumi sahəsi 80,25 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin 90000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehlərin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh2 qaytarılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildən 1 ay sonra istifadə hüquqlarının itirilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında yerləşən mənzildən ən geci 1 ay ərzində çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilməsi və ondan yalnız kredit borcuna görə 16289,58 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, götürdüyü kredit borcundan 3110,42 manat ödəmiş, 16889,58 manat məbləğində kredit borcu qalmışdır. O “Rent a Car”-da işləyir, fəaliyyəti avtomobillərin icarəyə verilməsi ilə bağlıdır, icarəyə avtomobil götürmək toy məclisi ilə bağlıdır, pandemiyaya görə toy məclislərinin keçirilməsi qadağan edilmiş, nəticədə onun işi dayanmışdır. İddiaçı pandemiya dövründə də faiz və cərimə hesablamışdır. Məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, sadəcə mənzilin bazar dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddianın əsas borcluya və digər cavabdehlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir; həmçinin Sənan İsmaylıov apellyasiya şikayətində qətnamənin əsas borcdan başqa qalan hissələrdə ləğvini xahiş etməklə onun şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas verir. Bununla yanaşı qeyd olunmalıdır ki, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və bu səbəblə iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05.07.2019-cu il tarixli 021L**********33 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. 08.07.2019-cu il tarixli 021R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq faiz dərəcəsi 2,0833% olmaqla, 36 ay müddətinə 20000 manat kredit vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. 05.07.2019-cu il tarixli 021S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 05.07.2019-cu il tarixli 021S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı QSC-nin 07.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 20000 manat məbləğində pulu İddiaçı QSC-dən təhvil almışdır. İpoteka saxlayan "xxxx" QSC-nin “Mərdəkan” filialı, ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 05.07.2019-cu il tarixli 021M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan ümumi sahəsi 80,25 kv.m olan ünvan 1; Yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən mənzili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka predmeti tərəflərin razılığı ilə 57900 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 20.06.2019-cu il tarixli çıxarışından görünür ki, ümumi sahəsi 80,25 kv.m olan ünvan 1; Yeni qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" QSC-nin 19.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 021R********** saylı 08.07.2019-cu il tarixli kredit razılaşması üzrə 26.02.2021-ci il tarixədək 16889,58 manat məbləğində əsas borcu, 4205,05 manat məbləğində faiz borcu və 5707,53 manat məbləğində cərimə (cərimə hesablanmış gecikdirilən günlərin sayı-294 gün) olmaqla, cəmi 26802,16 manat təşkil edir. Cavabdehlər borcun ödənilməsi barədə xəbərdar edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Cavabdeh1 apelyasiya şikayətində əsas borc məbləğini qəbul etsə də, digər hissələrdə razılaşmayaraq, ekspertizanın keçirilmədiyini göstərmişdir, kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdeh1 dəlilləri əsassızdır, borcun hesablanması üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Pandemiya ilə bağlı borcun ödənilməməsinə münasibətdə isə bu hal müqavilə üzrə götürdüyü öhdəliyin icrasından azad etmir. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (maddə 319.1). Həmin məcəllənin 319.1.6-cı maddəsinə görə, İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. İş materiallarından müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının 27.09.2021-ci il tarixli LP168/21 nömrəli rəyindən görünür ki, ünvan 1; Yani qaydalarla: AZ1142, ünvan 2 ünvanında yerləşən mənzilin hazırkı bazar qiyməti 95000 manat, ilkin satış likvid qiyməti isə 90000 manatdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, Cavabdeh1 Allahverən oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 05.07.2019-cu il tarixli ərizələrindən görünür ki, qeydiyyatda olduqları ünvan 1 ünvanda yerləşən mənzilin ipoteka qoyulmasına razıdırlar, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə ()yəni,notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgəninkiləşdirilməsi) hər hansı şərtsiz mənzili, qeydiyyatdan çıxmaqla tərk edəcəklərini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəklərini bildirmişlər. Kollegiya hesab edir, birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarına əsaslanaraq tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti, satıldıqda boşaldılması və cavabdehlərin çıxarılması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətində irəli sürülən dəlillər formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2443/2021 saylı iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar