Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1725/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “ X3” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı “ X3” ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nın Cavabdeh qarşı “kreditin,ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5558/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "X3” ASC Cavabdeh qarşı "kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "X3” ASC-nin xeyrinə 4660,32 manat məbləğində əsas borcun, 1011 manat məbləğində faiz borcunun, 180,56 manat məbləğində cərimə borcunun, cəmi 5851,88 manat borcun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə "X3” ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 26% olmaqla 5600 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin "hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5558/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4660,32 manat məbləğində əsas borc, 1011 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5721,32 manat borc pulun və 80 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "X3” ASCyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 448.2, 462.1, 465.2, 739.1, 739.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddianın cərimənin ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. tərəflər arasında bağlanmış xx.xx.2023-il tarixli kredit müqaviləsi üzrə hesablanmış 180,56 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilər üzrə hesablanmış cərimənin məbləğinin azaldılmalı, 50 manat məbləğində müəyyən edilməsi ədalətli və məqsədə müvafiq sayılır.
3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - "X3” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 26% olmaqla 5600 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə "Banka” qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, "X3” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli Kredit müqaviləsi üzrə banka 4.660,32 manat məbləğində əsas borc, 1.011 manat məbləğində faiz borcu, 180,56 manat məbləğində cərimə borcu vardır; - xx.xx.2024- cü il tarixli bildiriş məktubundan və və ona əlavə olunmuş qaimədən görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 560.1, 560.3, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3, 384.0.2, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əvvəla bildirir ki, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq heç bir məlumat verilməmişdir. Bununla da hesab edir ki, tərəflər arasında çəkişmə və bərabərlik hüququ pozulmuşdur.İşə baxan məhkəmə yalnız Bankın təqdim etdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini qismən təmin etmişdir. Əgər məhkəmə iclasında iştirak etsə idi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verərdi. İş üzrə bildirir ki, banka olan borcundan ödədiyi məbləğlər nəzərə alınmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmədən, borc məbləğini dəqiq müəyyən etmədən ondan yuxarı həddə pul tutulması qanunsuzdur.Bildirdiklərinin doğru olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir.Sadalananlara əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və sözügedən qətnamə ləğv edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iddiaçı “ X3” ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu qeyd etmiş, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 11.Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmadığını və bu səbəbdən də müvafiq sübutlarını, o cümlədən ekspertizanın keçirilməsi ilə bağlı vəsatətini təqdim edə bilmədiyini qeyd etmişdir. Lakin mülki işin materialları ilə müəyyən edilir ki, iddiaçı məhkəmə proseslərindən məlumatlı olmuşdur. Digər tərəfdən hesab edilsə ki, iddiaçı həqiqətən məlumatsız olmuşdur, o apellyasiya şikayətinə belə hər-hansı sübut təqdim etməmiş, nə də apellyasiya instansiyası tərəfindən lazımi qaydada məlumatlandırılsa da , məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, hər hansı sübut və ya vəsatət təqdim etməmişdir. 12.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5558/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası elektron qaydada kassasiya şikayəti verilə bilər.