Məhkəmə qərarları › İş №2(103)-173/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-173/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-173/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızı katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və onların nümayənəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş zərərin əvəzi kimi 20000 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər arasında evin ümumi təmirinə (rəngsaz və alçipan işləri) görə şifahi şəkildə xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehlər iddiaçının evində ümumi rəngsaz və alçipan işləri görməli idilər. İddiaçı bu işlərin görülməsi üçün 20000 manat pulu cavabdehlərə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdehlər tərəfindən işlər yalnız “görünüş” üçün icra edilmiş və onların hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Dəymiş zərərin cavabdehlərin hərəkətləri nəticəsində və ya materialların keyfiyyətsizliyindən yaranmasını aşkar etmək məqsədilə təmirlə bağlı 19 dekabr 2021-ci il tarixdə “Mətanət A” şirkətinin mütəxəssisləri tərəfindən evə baxış keçirilmişdir. Belə ki, baxışa qədər cavabdehlər bildirirdilər ki, divarda və tavanda çatların əmələ gəlməsi, torun divardan aralanması birbaşa materialın keyfiyyətsiz olması ilə bağlıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, təmir zamanı “Mətanət-A” şirkətinə məxsus “Ağdağ-alçı” suvağı istifadə olunmuş, suvağda heç bir qüsur aşkar edilməmişdir. Cavabdehlər tərəfindən yuxarıda göstərilən xüsusatlar təkzib olunmuşdur. Təmir zamanı yaranan qüsurların səbəbi kimi ustalar, yəni cavabdehlər tərəfindən buraxılmış kobud texniki səhvlər, yəni divarın tozu alınmadan alçının vurulması, alçının üzərinə üzlük vurarkən yenidən tozun alınmaması və “tor”un astarın içinə işlənilməsi göstərilmişdir. Bu da, öz nüvbəsində divarda və tavanda çatların, köpüklərin əmələ gəlməsinə və bununla da maddi ziyanın yaranmasına səbəb olmuşdur. “Mətanət-A” şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəydə göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, Yaşıl küçədə yerləşən həmin fərdi yaşayış evinin təmiri zamanı “Ağdağ Astar 30 kq.” və “Ağdağ Üzlük 30 kq.” məhsullarından istifadə edilmiş və məhsulların keyfiyyətində hər hansı problem aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, təmirdə iştirak etmiş ustalar tərəfindən divar və tavanın səthində birinci qat “Ağdağ Astar 30 kq.” məhsulundan istifadə edilmiş, quruduqdan sonra ikinci qat astar-üz qarışığı səthə vurularkən təlimata zidd olaraq xüsusi tor setkadan istifadə edilmişdir. Həmin tor setka birinci qat astarda güc tətbiq edildikdə ayrılır. Ağdağ məhsullarının tətbiqində bu cür tor setkadan istifadə olunması təlimatda nəzərdə tutulmamışdır. Göstərilən xüsusatlarla müəyyən olunur ki, təmir zamanı yaranmış qüsurlar keyfiyyətsiz materiallardan istifadə olunmasından deyil, ustaların (cavabdehlərin) səriştəsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Dəymiş zərərin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmişdir ki, evdə təmir işlərinin aradan qaldırılması üçün yenidən aparılan təmir işləri nəticəsində əmək haqqının və materialla birlikdə dəyəri təqribən 10876 manat olduğu müəyyən edilir. Cavabdehlər tərəfindən həyata keçirilmiş təmir nəinki yararsızdır, hətta iddiaçıya böyük maddi ziyan vurmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin olunmamışdır. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmaması, yalnız cavabdehlərin etirazının əsas götürülərək qətnamənin əsaslandırılması, iş materiallarına əsasən tərəflər arasında faktiki podrat münasibətlərinin yaranması, cavabdehlər tərəifndən təmir işlərinin tam görülməməsi, görülmüş işlərdə çoxlu qüsurların olmasının ekspert rəyi ilə təsdiq olunması, şübhə doğuracaq məqamların ətraflı araşdırmaması, bununla da iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulması və s. kimi əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı tərəflər razılığa gələrək, məhkəməyə barışıq sazişi təqdim etmiş, ayrı-ayrılıqda barışıq sazişinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə kollegiyasından sazişin təsdiq olunmasını, qətnamənin ləğv olunaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı, cavabdehlər və onların nümayəndəsi (vəkili) barışıq sazişi ilə bağlı izahatlarında bildirmişlər ki, tərəflər aralasında məhkəmədən kənar qaydada əldə edilmiş razılığa əsasən, tərəflər hazırkı mübahisəni barışıqla tamamlamağı razılaşır və cavabdehlər öhdələrinə götürürlər ki, ümumilikdə 3000 (üç min) manat pul vəsaitini 12 ay müddətində bərabər hissələrlə (hər ay cəmi 250 manat) İddiaçı ödəyəcəklər, bu səbəbdəndə iddiaçı hazırki iddia tələblərindən imtina edir. İlkin ödəmə növbəti ayın 04-dən (04 mart 2025-ci il tarixdən) başlayır. Ödəniş hər ayın 04-ü (dördü) iddiaçıya məxsus 4169 7388 2528 0849 nömrəli kart hesabına köçürüləcəkdir. Barışıq sazişinin nəticələri tərəflərə aydındır, onlar barışıq sazişinin təsdiq olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişini nəzərdən keçirib, tərəflərin münasibətini aydınlaşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, qətnamə ləğv olunmaqla, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş 04 fevral 2025-ci il tarixli barışıq sazişinin şərtlərinə görə:

1. Tərəflər hazırkı mübahisəni barışıqla tamamlamağı razılaşır.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öhdələrinə götürürlər ki, ümumilikdə 3000 (üç min) manat pul vəsaitini aylıq əsaslarla 12 ay müddətində bərabər hissələrlə (hər ay cəmi 250 manat) İddiaçı ödəyəcəklər.

3. İlkin ödəmə növbəti ayın 04-dən (04 mart 2025-ci il tarixdən) başlayır.

4. Ödəniş hər ayın 04-ü (dördü) İddiaçı məxsus 4169 7388 2528 0849 nömrəli kart hesabına köçürüləcəkdir.

5. Barışıq sazişinin nəticələri tərəflərə aydındır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə görə, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası, belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib ..., bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Qeyd edilməlidir ki, birinci və apellyasiya instansiyası icraatları dövründə ümumilikdə 200 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də tərəflərə müştərək qaydada aid edilməli (tərəflər mübahisəni barışıq sazişinə əsasən qarşılıqlı razılıqla həll etmişlər), iddiaçının ödədiyi dövlət rüsumu isə onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 04 fevral 2025-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun:

1. Tərəflər hazırkı mübahisəni barışıqla tamamlamağı razılaşır.

2. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öhdələrinə götürürlər ki, ümumilikdə 3000 (üç min) manat pul vəsaitini aylıq əsaslarla 12 ay müddətində bərabər hissələrlə (hər ay cəmi 250 manat) İddiaçı ödəyəcəklər.

3. İlkin ödəmə növbəti ayın 04-dən (04 mart 2025-ci il tarixdən) başlayır.

4. Ödəniş hər ayın 04-ü (dördü) İddiaçı məxsus 4169 7388 2528 0849 nömrəli kart hesabına köçürüləcəkdir.

5. Barışıq sazişinin nəticələri tərəflərə aydındır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-202/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərci (ekspertiza tədqiqatlarının dəyəri) İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid edilsin. Həmin şəxslərdən müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri kimi ümumilikdə 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar