Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1730/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Mübariz Süleymanovun iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh İqrar Sadıqov tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərin arasında kredit və ipoteka münasibəti mövcuddur. İddiaçı kredit verən və ipoteka saxlayan, cavabdeh isə kredit alan və ipoteka qoyandır. Kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanıb. Kredit müddəti 24 ay, yəni xx.xx.2014-cü il tarixədək müəyyən edilib, daha sonra xx.xx.2016-cı il tarixədək uzadılıb. Kredit verilən pulun məbləği 28.200 manatdır. Kredit illik 22 faiz dərəcəsi ilə verilib. İpoteka müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanıb və cavabdehə məxsus olan “Toyota Prado” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ipoteka ilə yüklü edilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) kredit müqaviləsi üzrə əsas borc kimi 17.948 manat, kredit müddəti üçün hesablanmış faiz borcu kimi 2.404 manat, kredit müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış faiz borcu kimi 1.920 manat, cəmi 22.272 manat cavabdehdən tutularaq iddiaçıya verilsin; 2) tutma ipoteka predmeti olan avtomobilə yönəldilsin, avtomobil açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 17.251,17 manat, kredit müddəti üçün faiz borcu kimi 2.873,14 manat, kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcu kimi 1.920 manat, cəmi 22.044,31 manat, cavabdehdən tutularaq iddiaçıya verilsin, tutma ipoteka predmeti olan avtomobilə yönəldilsin, avtomobil açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamədə kredit və ipoteka ilə bağlı məsələ həll edildiyinə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Əsas borca aid hissə: Bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə keçirilmiş mühasibat ekspertizasının rəyindən görünür ki, kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas borcun məbləği 17.251.17 manat təşkil edir. Ona görə də ki, məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Kredit müddəti üçün faiz borcuna aid hissə: Bu hissədə qətnamə dəyişdirilməli, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan 4 il 4 günlük kredit müddəti üçün ödənilməmiş qalan faiz borcunun məbləği 1.028,22 manat müəyyən edilməlidir. Belə ki, ekspert rəyində 2 faiz borcu müəyyən edilib: 1) xx.xx.2016-cı il tarixə (kredit müddətinin sonuna) olan faiz borcu - 1.028,22 manat; 2) xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) olan faiz borcu - 2.873,14 manat. Birinci instansiya məhkəməsi 2-ci faiz borcunun, yəni 2.873,14 manatın tutulmsını qət edib. Bu, 2 səbəbdən düzgün deyil: 1-ci, iddia tələbində artıqdır. Belə ki, iddia ərizəsində kredit müddəti üçün 2.404 manat faiz borcu tələb olunub, ona görə də 2.873,14 manat tutula bilməz. 2-ci, kredit müddətindən sonrakı dövr üçün faiz borcunun tutulması barədə hazırkı işdə ayrıca tələb irəli sürülüb və birinci instansiya məhkəməsi onu təmin edib. Eyni dövr üçün 2 dəfə müxtəlif əsalarla (müqavilədə göstərilən 22 faizlə və qanunda göstərilən 5 faizlə) faiz borcu tutula bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 741ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, müqavilə müddəti üçün faiz borcu kimi 1.028,22 manat tutulmalıdır. Kredit müddətindən sonrakı dövr üçün faiz borcuna aid hissə: Bu hissədə qətnamə dəyişdirilməli, kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən maliyyə arayışının verildiyi xx.xx.2018-ci il tarixədək olan 25 aylıq müddət üçün illik 5 faizlə hesablanmış faiz borcunun məbləği 1.796,99 manat müəyyən edilməlidir. Belə ki, ödənilməmiş qalan 17.251,17 manat əsas borcun 1 il üçün 5 faizi 862,55 manat, 1 ay üçün 71,87 manat, 25 ay üçün isə 1.796,99 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, müqavilə müddətindən sonrakı dövr üçün faiz borcu kimi 1.796,99 manat tutulmalıdır. İpotekaya aid hissə: Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin göstərişlərinə uyğundur. İpoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, avtomobil daşınar əşyadır, daşınmaz əşyadan fərqli olaraq daşınar əşyanın olduğu yer bəlli deyil, ona görə də avtomobil qiymətləndirmənin keçirilməsi üçün təqdim edilmədikdə qiymətləndirmə mümkün deyil. Cavabdeh birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlməmiş, qiymətləndirmənin həyata keçirilməsi üçün avtomobili məhkəməyə təqdim etməmişdir. Əgər avtomobil təqdim edilmirsə onun qiymətləndirilməsi üçün işə mütəxəssis (qiymətləndirici) cəlb edilməsi mənasızdır. Bu səbəbdən avtomobilin qiymətləndirilməsi mümkün olmamışdır. İpoteka predmetinin ilkin satış qiyməti qətnamə icra edilərkən “İcra haqqında” Qanunun 51-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissdə dəyişdirilsin. Tutulmalı olan əsas borcun məbləği 17.251,17 manat, kredit müddəti üçün faiz borcunun məbləği 1.028,22 manat, kredit müddətindən sonrakı dövr üçün faiz borcunun məbləği 1.796,99 manat, cəmi borcun məbləği 20.076,38 (iyirmi min yetmiş altı tam yüzdə otuz sıkkiz) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1730/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1730/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver