Məhkəmə qərarları › İş №2(103)-1734/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1734/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1734/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(007)-1313/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2980 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(007)- 1313/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2980 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apelyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apelyasiya qeyri-mümkün sayılmalı, mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Baxılan işdən görünür ki, Nizami Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsinin surəti 24.12.2019-cu il tarixli məktubla cavabdehin qeydiyyatda olduğu (ünvan 1 ünvanda yaşamır, köçüb” qeydi ilə geri qaytarılmışdır. MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə tərəfindən 19.02.2020-ci il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş və 17.03.2020-ci il tarixdə icra üzrə icraata başlamaq haqqında 21.02.2020-ci il tarixli qərar daxil olmuşdur. Bundan sonra, cavabdehin 08.12.2021-ci il tarixdə daxil olmuş ərizəsi əsasında birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surəti 10.12.2021-ci il tarixdə təqdim edilmişdir. 16.12.2021-ci il tarixdə cavabdehin vəkili tərəfindən elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti, həmçinin apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmişdir. Lakin birinci instansiya məhkəməsi, cavabdehin ünvanı üzrə göndərilmiş qətnamənin surətinin geri qayıtmasına, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəyə hər hansı münasibət bildirmədən və prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmadan, qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apelyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(007)- 1313/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apelyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar