Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1735/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(003)-772/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə hesablanmış 1990,80 manat məbləğində pulun, pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödədiyi 300 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-772/2021 saylı 19.04.2021-ci il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə təbii qazdan istifadəyə görə yaranmış 1990,80 manat pul, pozulmuş hüquqlarının bərpası ilə bağlı 300 manat xərc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2320,80 manatın tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-772/2021 saylı 19.04.2021 il tarixli qiyabi qətnaməsinin ləğv olunub, mülki işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-772/2021 saylı 14.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-772/2021 saylı 19.04.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv olunmuşdur. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 11.10.2019-cu il tarixində X-1136 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı X1 Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qaz talanmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, qeyd olunan həmin faktlarla baglı Birliyin əməkdaşları tərəfindən “Təbil qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. 21.09.2017-ci il tarixli ******* saylı akt əsasında 755,80 manat, 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1255,80 manat olmaqla, cəmi 2011,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Aktlar üzrə yaranmış 2011,60 manat məbləğindəki həmin borc 10.2018-ci il tarixində GASREPORT-a keçmiş və əlavə olaraq 08.2019-cu il tarixinə cavabdehin “Azərqaz” İB-yə 2,20 manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən 10.2019-cu il tarixində 10 manat və 01.2020-ci il tarixində isə 42 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişin də ilkin olaraq 5 manat, daha sonra isə 18 manat hissəsi, cəmi 23 manat olmaqla borca tutulmuş və ümumi borcdan silinmiuşdir. Cavabdeh tərəfindən ödənilməli borc məbləği hazırda 1990,80 manat təşkil etməkdədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(003)-772/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən Birliyin nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qanunvericiliyin tələblərinə zidd şəkildə qaz sayğacına kənar qoşulma hallarının təsdiq olunması üçün müvafiq ünvanda ekspertiza həyata keçirilməlidir. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Aktlara və cavabdehin ünvanında çəkilən fotoşəkillər cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 11.10.2019-cu il tarixli, X1136 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Gasreport saldosundan görünür ki, verilən qaz xətti üzrə **********10000 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) cəmi 1990,8 (2011,60 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc + 2,20 debitor borc -23 manat ödəniş 15,40 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş materiallarında olan İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı ünvan 2 ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və hesablanmış ümumilikdə 2011,6 manat məbləğində borc cavabdehdən tələb edilmişdir. İş materiallarında olan aktlardan görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.09.2017-ci il tarixli, ******* saylı akt əsasında 755,8 manat, 24.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 1255,8 manat olmaqla nəticədə cavabdehin 2011,6 manat borcu yaranmışdır. İstehlakçı Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əməkdaşlarının tərtib etdiyi aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda iddia tələbinin hüquqların bərpası ilə bağlı 300 manat xərcin cavabdehdən tutulması ilə bağlı da nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcə dair hər hansı rəsmi sənəd təqdim edilmədiyindən məhkəmə bu hissədə də iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-772/2021 saylı iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1735/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1735/2022
14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver