Məhkəmə qərarları › İş №2(103)-1735/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1735/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1735/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-3269/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 161xx.xx.2018-003012 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana istehlak məqsədləri üçün 52 ay müddətinə illik 25% ödəmək şərtilə 5.000 manat məbləğində kredit vermiş, Cavabdeh krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddətinin xx.xx.2022-ci il tarixində bitməsi qeyd edilmişdir.

2. xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 4.844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) borc məbləği barədə notariusun icra qeydinin aparılacağı haqqında xəbərdar edilmişdir.

3. xx.xx.2020-ci il tarixli 8İ-975 nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 161-11.06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4.907,38 manat, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 4.927,38 manat məbləğində pulun tutulması nəzərdə tutulmuşdur.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)- 4573/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 4.927,38 manat pulun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1531/2023 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

5. xx.xx.2023-cü il tarixli bildirişə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

6. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin "xxxx" ASC-yə əsas borc üzrə 4.269,61 manat, faiz borcu üzrə 3.557,93 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər 132,24 manat, cəmi ödənilməmiş faizlər 3.690,17 manat olmaqla, cəmi 7.959,78 manat məbləğində borcu və 99,59 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqına görə borcu yaranmışdır.

7. 17.10.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin "xxxx" ASC-yə əsas borc üzrə 4.269,61 manat, faiz borcu üzrə 3.557,93 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər 217,04 manat, cəmi ödənilməmiş faizlər 3.774,97 manat olmaqla, cəmi 8.044,58 manat məbləğində borcu və 9,54 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqına görə borcu yaranmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 4.269,61 manat, faiz borcu üzrə 3.690,17 manat olmaqla, cəmi 7.959,78 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 99,95 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdlr ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 161-xx.xx.2018- 003012 saylı kredit müqaviləsinə əsasən ona 52 ay müddətinə illik 25 faiz dərcəsi ilə 5.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 4.269,61 manat, faiz borcu üzrə 3.690,17 manat olmaqla, cəmi 7.959,78 manat borcu mövcuddur. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 99,59 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-11075/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

10. Cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh iddiaçı "xxxx" ASC-dən 5.000 manat kredit götürmüşdür. Lakin kreditin böyük bir qismini geri qaytarmışdır. Hal-hazırda onun borcu 1.430 manat təşkil edir. İddia tələbi rədd olunmalıdır.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3269/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6550 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, xx.xx.2018-ci il tarixli, 161xx.xx.2018-003012 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixli, 161- xx.xx.2018-003012 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixlərə banka olan borcu: xx.xx.2020-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas kredit borcu – 4.309,32 manat, faiz borcu – 601,40 manat; xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas kredit borcu – 4.309,32 manat, faiz borcu – 3.552,09 manat təşkil edir.

13. İddiaçı "xxxx" ASC iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 4.269,61 manat, faiz borcu üzrə 3.774,97 manat olmaqla, cəmi 8.044,58 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 109,13 manat dövlət rüsumunun və 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 4.269,61 manat, müqavilə müddətində ödənilməmiş (illik 25% olmaqla) faiz borcu üzrə 3.557,93 manat, müqavilə müddətindən sonra ödənilməmiş (illik 5% olmaqla) faiz borcu üzrə 217,04 manat olmaqla, cəmi 3.774,97 manat faiz borcu, ümumilikdə 8.044,58 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 109,13 manat dövlət rüsumunun və 0,80 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3269/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, Cavabdeh 4.269,61 manat əsas, 628,31 manat faiz, 217,04 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 5.114,96 manat pulun tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi və 0.80 manat bank xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 96 manat hissəsinin Cavabdeh, qalan 54 manat hissəsinin isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

16. Məhkəmə iddia tələbinin “4.269,61 manat məbləğində əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya həmin məbləğdə əsas borcunun yaranması halı işdə olan mötəbər sübutlarla öz təsdiqini tapdığından, tələb bu hissədə təmin edilməlidir.

17. Məhkəmə iddia tələbinin “3.557,93 manat məbləğində müqavilə müddətində ödənilməmiş (illik 25% olmaqla) faiz borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı burada müqavilə müddəti dedikdə müqavilə ilə müəyyənləşdirilmiş xx.xx.2022-ci il tarixə illik 25 % ilə hesablanmaqla yaranmış faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, müqavilə həmin tarixədək qüvvədə olmadığından, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, müqaviləyə məhz iddiaçının müraciəti əsasında notarius tərəfindən icra qeydinin aparıldığı xx.xx.2020-ci ildə xitam verilmişdir. İddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir. Aparılmış icra qeydi üzrə icraata başlanılması müqaviləyə xitam verilməsinin aşkar göstəricisidir. İcra qeydinin cavabdeh tərəfindən mübahisələndirilərək, tərtib edilməsinin qanunauyğun olmamasının müəyyən edilməsi səbəbindən məhkəmə qaydasında ləğv edilməsi iddiaçının müqaviləyə xitam verilməsi ilə bağlı iradə ifadəsinə təsir edə bilməz. İş materiallarından da görünür ki, iddiaçı icra qeydinin ləğv edilməsinə dair yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan dərhal sonra yenidən cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, müqavilə ilə müəyyən edilmiş illik 25 %-lə hesablanmış faiz borcunun iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən xx.xx.2020-ci ilədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır. Ekspert tərəfindən verilmiş rəydə olan məbləğlər əsas götürülməklə, sadə hesablama yolu ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci ilə iddiaçıya 628,31 manat məbləğində borcu yaranmışdır [601,40 manat (xx.xx.2020-ci ilə olan faiz borcu) + 9 gün * 2,99 manat (hər günə düşən faiz məbləği)]. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli və müqavilə müddətinə görə 628,31 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. İddia tələbinin “217.04 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş (illik 5% olmaqla) faiz borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilmişdir ki, xx.xx.2020-ci ildə müqaviləyə xitam verilməsindən etibarən cavabdeh tərəfindən qaytarılmayan borcun gecikdirilməsinə görə iddiaçının həmin məbləğə illik 5%-lə hesablanmış borcu tələb etməsi əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməlidir.

19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumunun 70 manat hissəsi və 0.80 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manat pulun 96 manat hissəsi Cavabdeh, qalan 54 manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 421, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına, Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 107, 115.0.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müqaviləyə iddiaçının müraciəti əsasında notarius tərəfindən icra qeydinin aparıldığı xx.xx.2020-ci ildə xitam verildiyini əsas götürərək iddia tələbini faiz hissəsində qismən təmin edilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, icra qeydi cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilmişdir. Belə olan halda müqavilə üzrə olan münasibətlər davam etdirilmiş, cavabdehə yenidən xəbərdarlıq məktubu göndərilmiş və öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir. Belə olan halda, Cavabdeh müqavilə üzrə tam məsuliyyət daşıdığından məhkəmə iddia tələbini tam təmin etməli idi. İş üzrə cavabdeh tərəfindən öhdəlik xx.xx.2022-ci il tarixinə kimi icra edilməli halda, sonuncu ödəniş xx.xx.2019-cu il tarixində icra edilmiş və öhdəlik tam olaraq icra edilməmişdir. Cavadehə göndərilən pretenziyaya baxmayaraq, heç bir ödəniş edilməmişdir. Nəticədə, sonuncu günə kimi, xx.xx.2022-ci il tarixinə kimi müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanaraq, cavabdehdən müqavilə müddəti üçün 25 faizlə hesablanmış 3.557,93 manat pulun (faiz borcunun) tutulması məhkəmədən xahiş edilmişdir. Halbuki cavabdeh ilə müqavilə öhdəlikləri davam edən öhdəliyə əsaslanır. Hazırkı iddia tələbi üzrə isə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə elektron kabinetə məhkəmə baxış iclası təyin olunmamışdan əvvəl təqdim edildiyindən və ekspert tərəfindən təqdim edilmiş rəylə bank tərəfindən təqdim olunmuş maliyyə arasında əsas və faiz borcları eynilik təşkil etdiyindən xx.xx.2023-cü il tarixdə təqdim edilən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən nəzərə alınaraq, qətnamə həmin tələbin tam təmin edilməsi ilə qəbul edilməliydi. Bundan əlavə, məhkəmə rüsum hissəsində borcun ödənilməsini qismən təmin edərək, dövlət rüsumunun 70.8 MANAT hissəni cavabdehə, digər hissəsini iddiaçıya aid etmişdir. Əlavə olaraq, məhkəmə ekspertizasının tədqiqat dəyərinin 54 manat olan hissəsi də iddiaçıya aid edilmişdir. Məhkəmə prosessual pozuntu edərək, sübutları düzgün qiymətləndirmədiyindən maddi hüquq normaları da müvafiq olaraq düzgün tətbiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia qismən təmin edildiyindən və iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixində kredit müqaviləsi bağlanmış və cavabdehə 52 ay müddətinə illik 25 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Kreditin müddətinin xx.xx.2022-ci il tarixində bitməsi qeyd edilmişdir. Borclu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

33. Lakin iddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə etmiş, müqaviləyə məhz iddiaçının müraciəti əsasında notarius tərəfindən icra qeydinin aparıldığı xx.xx.2020-ci ildə xitam verilmişdir.

34. O da qeyd edilməlidir ki, iddiaçı hələ icra qeydi ilə bağlı notariat orqanın müraciət etməmişdən öncə cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunda cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 4.269,61 manat məbləğində əsas, 575,09 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası məhkəmə xərci ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iddianın qismən təmin edildiyi nəzərə alınaraq ödənilmiş dövlət rüsumunun və ekspertiza xərcinin bir hissəsinin iddiaçının özünə aid edilməsi qanuni olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3269/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar