Məhkəmə qərarları › İş №2(103)-1737/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1737/2020

29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1737/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(011)-532/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1178 manat əsas borc, 999,66 faiz borcu olmaqla, cəmi 2177,66 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.03.2014-cü il tarixli, 1189 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 25% olmaqla 3150 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən cavabdeh bankdan aldığı kediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Həmin tarixdə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasıının təmini üsulu olaraq Cavabdeh2 ilə Bank arasında bağlanmış 1093 saylı zaminlik müqaviləsinə əsasən, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin tələblərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh1 banka ödənilməmiş borcu 1178 manat əsas borc, 999,66 manat faiz borcu olmaqla, cəmi 2177,66 manat təşkil edir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(011)-532/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1178 manat əsas borc, 216,79 manat faiz borcu olmaqla, cəmi 1394,79 (bir min üç yüz doxsan dörd manat yetmiş doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 19,20 (on doqquz manat iyirmi qəpik) manat hissəsi ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92,80 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 52,20 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulduğundan ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmi edilməsini və qətnamənin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(011)-532/2019 saylı qətnaməsi ləğv edilməli iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixli 551 saylı Fərman vermişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən işlərin məhkəmədən geri çağrılmasına dair müddət bir ay həddində müəyyən edilməsinə, hazırda isə üç aya yaxın bir müddətin keçməsinə baxmayaraq Fərmanın göstərilən bəndinin icrası təmin edilməmişdir. Bu isə işlərin lüzumsuz yerə təxirə salınmasına, tərəflərin dəfələrlə məhkəməyə çağrılmasına şərait yaratmaqdadır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Digər tərəfdən qeyd edilməlidir ki, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Tərəflərin, ilk növbədə kreditorun mövcud olan münasibətlərin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı məhkəməni və borclunu məlumatlandırmaq vəzifəsi vardır. Borclunun isə bu məlumatı aldıqdan sonra kompensasiya əldə etmək, icra edilməyən öhdəliyin qaldığı halda yeni mühüm şərtlərin razılaşdırılan müqavilənin bağlanması imkanı tanınır. Lakin Fərmanda göstərilən son müddətin, yəni 45 gün müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq kreditorun borclunu məlumatlandırmasına dair öz üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və faktiki olaraq hazırkı mülki işin icraatının davam etdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Lakin göründüyü kimi, Fərmanın bu tələbinədə əməl olunmur. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci və 391-ci maddələrinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildirlər. Həmin Məcəllənin 117.1 maddəsinin tələbinə görə şahidlərə, ekspertlərə və mütəxəsislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertizanın təyin edilməsi, mütəxəsislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Göründüyü kimi məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatın dəyəri 145 manat isə tərəflərdən bərabər qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1, 384.0.4 və 391 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(011)- 532/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bərabər qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar