Məhkəmə qərarları › İş №2(103)-1739/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1739/2023

08.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1739/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-87/2022 saylı 13 yanvar 2023-cü il tarixli iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “məhv edilmiş əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.metr torpaq sahəsinin üzərindəki 111,3 kv.metr olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə bərpa edilməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş 2.000.000 (iki milyon) manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə, həmçinin cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)- 87/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdehndən İddiaçı xeyrinə 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Nərimanov rayon icra şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022ci il tarixli, 2(005)-87/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. Nərimanov rayon icra şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022ci il tarixli, 2(005)-87/2022 nömrəli icra sənədi üzrə icraata icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğu üçün xitam verilmişdir. Daha sonra İddiaçı nümayəndə və vəkili Vəkil3 xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-87/2022 nömrəli qətnaməsindən apelyasiya şikayətini elektron qaydada məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(005)- 87/2022 nömrəli qərardadı ilə İddiaçı nümayəndə və vəkili Vəkil3 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(005)-87/2022 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Vəkil3 şikayət verərək ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında göstərir ki, “Məhkəmənin Qətnaməsi Poçt vasitəsi ilə iddiaçıya göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixində iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilmişdir”. Bildirmişdir ki, iş materialları ilə tanış olduğu zaman məhkəmə qətnaməsinin göndərildiyi deyilən zərfin iş materiallarında olduğu müəyyən edilmişdir. Ona göndərilməli olan zərf iş materiallarının içərisində olduğu halda, çatdırılmadığı açıq göründüyü halda məhkəmənin buna istinad edərək qətnaməni iddiaçıya göndərdiyini iddia etməsi əsassızdır. Mülki Məcəllənin 135.6cı maddəsinə istinad edərək qeyd etmişdir ki, şəxsin “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdiyi halda sənədləri bu sistem vasitəsi ilə təqdim edir. Hazırkı halda isə iddiaçı həmin sistemdən qeydiyyatdan keçməmişdir. İş materiallarından da göründüyü kimi məhkəmə də bu halı müəyyən etdiyi üçün ona məhkəmə qətnaməsini poçt vasitəsi ilə göndərmişdir. Lakin hansısa səbəbdən qətnamə ona çatdırılmamışdır. Göstərilən halda isə müddətin bərpasına dair ərizə vermək lazım deyildir. Çünki qətnaməni rəsmi qaydada əldə etdiyi gündən bir ay müddətində apellyasiya şikayət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-87/2022 saylı, 17 yanvar 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətə etiaz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(005)-87/2022 nömrəli qərardadı qanuni və əsaslı olduğundan şikayət əsassızdır. Belə ki, məhkəmə qərardadından göründüyü kimi, qətnamənin surəti iddiaçıya poçt vasitəsilə göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmişdir. Bundan əlavə “İcraata başlamaq haqqında” 21 iyul 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış və 02 avqust 2022-ci il tarixli qərarla borclu Cavabdeh MMC tərəfindən tələb tam şəkildə təmin edildiyindən, Nərimanov rayon Məhkəməsinin qətnaməsində qeyd edilən 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən İddiaçı tam olaraq ödənildiyindən İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə iş üzrə icraata xitam verilmişdir. Beləliklə, apelyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət ötürülməklə verilmişdir, müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut əlavə edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. İlk öncə qeyd edilməlidir ki, iddiaçı sonuncu baxış iclasında nümayəndəsi və vəkili vasitəsilə təmsil olunmuş, yəni işin hansı formada yekunlaşdığı barədə məlumatlı olmuşdur. Daha sonra isə müvafiq qətnamənin surəti ona poçt vasitəsilə göndərilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə nümayəndəsi və vəkili olan Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Bundan əlavə Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2022ci il tarixli, 2(005)-87/2022 nömrəli icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2022-ci il tarixli qərarı ilə isə həmin icra sənədi üzrə icraata icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğundan xitam verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, hazırda iddiaçı tərəf qanuni qüvvəsini almış və tam şəkildə icra olunmuş qətnamədən apelyasiya şikayəti verir. Halbuki Mülki-Prosessual Məcəllənin 357.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir (bax. Karen Pogosyan Ermənistana qarşı qərarına, §47). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-87/2022 saylı 13 yanvar 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar