Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1739/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əbülfəz oğlunun Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2023-cü il tarixli qətnamədən İddiaçı Əbülfəz oğlunun verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış şifahi əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 3.780 manat və iddiaçıya məxsus avtomobilə vurduğu zərərin əvəzi olaraq 2.000 manat, cəmi 5.780 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin - 78 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2018-ci ilin may ayında tanışı X1 avtomobillərin təmiri sahəsi üzrə usta kimi fəaliyyət göstərdiyi avtomobillərin təmiri sexinə gedərək, sahibliyində olan “Dodge Journey” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər ötürücü qutusunun yağını dəyişdirmişdir. Həmin gündən təxminən 15- 20 gün sonra avtomobilin sürətlər qutusunda problem yarandığından iddiaçı avtomobili yenidən Baba Məmmədrəhimovun yanına aparmışdır. Bunun üçün Baba Məmmədrəhimov, 3.450 manat pul istəmiş və iddiaçı pulu ona vermişdir. Baba Məmmədrəhimov iddiaçını sonradan gələn usta ilə - iş üzrə Cavabdeh ilə tanış etmiş və iddiaçı cavabdehə əlavə olaraq 1.500 manat verməli olduğunu bildirmişdir. İddiaçı həmin pulun 1.000 manatını "xxxx" QSC-nin Bakıxanov qəsəbəsindəki filialından cavabdehin kartına köçürmüş, yerdə qalan 500 manatını əlbəəl vermişdir. Cavabdeh avtomobilin sürətlər qutusuna səhv yağ töküldüyündən nasazlığın əmələ gəldiyini və sürətlər qutusunun sökülərək yenidən yığılmalı olduğunu bildirmiş və avtomobili 20-25 günə saz vəziyyətə gətirəcəklərinə dair vəd vermişdir. Cavabdehin söz verdiyi vaxtda iddiaçı avtomobil təmiri sexinə getmiş, ona hələ lazımlı ehtiyat hissələrinin gəlmədiyi bildirilmişdir. Bundan sonra cavabdeh, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Bu müddətdə iki dəfə hərəsində 300 manat olmaqla 600 manat məbləğində pulu sürətlər qutusu üçün yağ və 140 manat dəyərində isə 1 ədəd akkumulyator aldırmışlar. İddiaçı 740 manat pul xərcləsə də yenə də gözləməyə davam etmişdir. Bundan sonra cavabdeh guya ürəyindən əməliyyat olunduğunu bəhanə edərək vaxtı uzatmışdır. 2019-cu ilin noyabr ayında cavabdeh zəng edərək avtomobili götürə biləcəyini demişdir. İddiaçı, cavabdehin yanına gəldikdə avtomobilinə xeyli ziyan dəydiyini, maşının açarlarının qırıldığını, arxa qapılarda batıq və cızıqların olduğunu, sol yan güzgünün sındığını, buksir yerinin qoşqusunun itdiyini, mühərrikin alt qoruyucusunun yerində olmadığını aşkar etmişdir. Aşkar etdiyi qüsurları yerindəcə cavabdehə və digər ustaya bildirmişdir. Avtomobili sürmək üçün yerindən azca hərəkət etdirdikdə sürətlər qutusundan yerə yağ damcıladığını görmüşdür. Bunu gördükdə cavabdehdən və tanışı Baba Məmmədrəhimovdan yaranmış qüsuru aradan qaldırmağı tələb etmişdir. Baba Məmmədrəhimov avtomobili yenidən gətirib təmir sexində onlara təhvil verməsini xahiş etmişdir. Həmin vaxt cavabdehə zəng çatmırdı, iddiaçı da öz növbəsində avtomobili Baba Məmmədrəhimovun təmir sexinə apararaq ona təhvil vermişdir. Nəhayət, 2021-ci ildə cavabdeh avtomobili göstərmədən düzəltdiyini bildirmiş və evakuator vasitəsilə ona göndərmişdir. İddiaçı, cavabdehi tapa bilmədiyindən cavabdehlə Baba Məmmədrəhimovun dostu Samid adlı ustaya aparmış və usta avtomobilin sürətlər qutusunu açdıqda nasaz olduğunu və təmiri üçün 1.500 manat verməli olduğunu bildirmişdir. Bu ərəfədə cavabdehin nömrəsi aktiv idi və ona zəng edə bilmişdir. İddiaçı bu sözləri cavabdehə demiş, o isə avtomaşını və ehtiyat hissələrini götürüb Qara Şəhər adlanan yerdə profılaktoriyaya gətirməyini xahiş etmişdir. İddiaçı, onun dediyi yerə ehtiyat hissələrini və avtomobili aparmışdır. Orada cavabdeh 1.000 manat yenə pul istəmiş və iddiaçı hissə-hissə olmaqla 300 manat beh və 280 manat cavabdehə pul vermişdir. Bir müddət sonra cavabdeh yenə yoxa çıxmış və iddiaçı çətinliklə onun Ramana qəsəbəsində yaşadığını öyrənmişdir. Onu tapdıqdan sonra bu dəfə iddiaçını 8-ci km bazarının yaxınlığında "MİQ” adlı avtotəmir sexinə çağırmış və avtomobilin demək olar ki hazır olduğuna inandıraraq əlavə 510 manat pul almışdır. Pulu alarkən, cavabdeh, 510 manat aldığına dair kağız imzalamış, lakin bir neçə dəfə təkid etsə də, əvvəlki pullarla bağlı məbləği imzalamaqdan yayınmışdır. Bir neçə gün sonra avtomobili saz vəziyyətə gətirildiyini və sadəcə sürətlər qutusuna təkrarən yeni yağ və maşına akkumulyator alınmalı olduğundan 300 manat yağ üçün, 140 manat isə akkumulyator üçün istəmiş və iddiaçı da ona inanıb həmin məbləği də cavabdehə vermişdir. Bu pulları verdikdən sonra iddiaçı, cavabdehdən maşını təhvil verməyi tələb edərkən o hansısa ehtiyat hissələrinin yoxa çıxdığını bəhanə gətirərək yenə də işi uzatmağa davam etmişdir. İddiaçı bu məsələdən bezərək cavabdehin hərəkətləri barədə Nizami Rayon Polis İdarəsinə şikayət etmiş, onun şikayəti əsasında həmin İdarənin 23-cü Polis Bölməsində müvafiq araşdırma aparılmış və aparılmış araşdırma zamanı cavabdeh izahat verərək, pul aldığını etiraf etmiş, lakin bu pulun guya avtomobilin təmirinə xərcləndiyini bildirmişdir. İddiaçı eyni şikayətlə bir ildən sonra bir daha həmin Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və bu dəfə də cavabdeh yenidən izahat verərək müxtəlif bəhanələr gətirmişdir. Həmin izahatdan da görünür ki, cavabdeh hazırda maddi imkanı olmadığından iddiaçıdan aldığı pulu qaytara bilmədiyini qeyd etmişdir. Avtomobilin cavabdehdə olduğu 5 ilə yaxın dövrdə avtomobil yararsız hala salınmış (2 ədəd açar 1.200 manat, yan sol güzgü 500 manat, mühərrikin alt qoruyucusu 300 manat) və iddiaçıya 2.000 manat zərər vurmuşdur. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı ona 1.300 manat pul vəsaiti vermiş, o, həmin məbləğlə ehtiyat hissələrini alıb iddiaçının avtomobilini təmir etmiş, iddiaçı iş haqqı 1.000 manatı ona verməmiş, avtomobili götürüb getmiş, sonradan cavabdehin həmin avtomobili başqa profilaktoriya görmüş, xeyli vaxt sonra iddiaçı yenə avtomobili ona gətirmiş, 300-400 manat ehtiyat hissələri üçün pul vermiş, lakin avtomobilin sürətlər ötürücü qutusu üçün yeni “plata” alınmalı olduğundan iddiaçı, əlavə 650 ABŞ dolları verməli olduğu halda həmin məbləği verməmişdir. Hazırda avtomobil onun işlədiyi profilaktoriyadadır, iddiaçı avtomobilini aparmaqdan imtina edir, onun avtomobilini hansı usta bu vəziyyətə salıbsa gedib pulunu ondan da almalıdır, cavabdeh avtomobilin onun yanından götürülməsini tələb edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə baxışı iclasında cavabdeh etiraf etmişdir iddia ərizədə qeyd edilən məbləğlərdə pul vəsaitini iddiaçıdan almış, lakin öz öhdəliyini icra etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə bunu nəzərə almamışdır. Bundan başqa Rayon Məhkəməsi tərəfindən şahidlərin dindirilməsinə şərait yaradılmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya baxışında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh apellyasiya baxışında iştirak etməmiş, apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, şikayət əsassızdır. Onun tərəfindən iddiaçıya hər hansı məbləğdə pul ödənilməli deyil. Əksinə, iddiaçının göstərdiyi xidmətin müqabilində ona 1.000 manat borcu vardır. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
10. Apellyasiya şikayətinə etiraz verməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
13. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında əldə edilmiş şifahi razılaşmaya əsasən, cavabdeh iddiaçıya məxsus “Dodge Journey” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi xidmətini göstərməyi, iddiaçı isə bunun müqabilində cavabdehə xidmət haqqı ödəməyi öhdələrinə götürmüşlər.
14. İddiaçı bildirir ki, cavabdeh öz öhdəliyini lazımi qaydada icra etməmiş, avtomobilin təmirinə görə aldığı 3.780 manat pulu isə geri qaytarmaqdan imtina edir.
15. Cavabdeh isə iddiaçının ona 1.300 manat pul vəsaiti verdiyini, onun həmin məbləğlə ehtiyat hissələrini alıb iddiaçının avtomobilini təmir etdiyini, iddiaçının xidmət haqqı 1.000 manatı ona vermədiyini, avtomobili götürüb getdiyini, sonradan cavabdehin həmin avtomobili başqa profilaktoriyada gördüyünü, xeyli vaxt sonra iddiaçının yenə avtomobili ona gətirdiyini, 300-400 manat ehtiyat hissələri üçün pul verdiyini, lakin avtomobilə “plata” alınmalı olduğundan onun əlavə 650 ABŞ dolları verməli olduğu halda həmin məbləği vermədiyini bildirir.
16. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Avtomobilin hazırda nasaz vəziyyətdə cavabdehin xidmət göstərdiyi sahədə olması tərəflər arasında mübahisə doğurmur və Nizami RPİ-nin 23-cü PB-nin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilir.
18. İşin 10-cu vərəqində olan “Razılıq haqqında” başlıqlı əlyazmada qeyd edilmişdir ki, “Mən İddiaçı Əbülfəz oğlu mənə məxsus olan “Dodge Journey” markalı avtomaşının sürətlər qutusunda yaranmış problemi aradan qaldırıb düzəltmək üçün Cavabdeh 400 AZN verdim.” Əlyazma iddiaçı və cavabdeh tərəfindən imzalanmış və tarix kimi xx.xx.2022-ci il qeyd edilmişdir.
19. İş üzrə cavabdeh bu yazılı “Razılığın” etibarlılığını mübahisələndirmir.
20. İddiaçı tərəfindən təqdim edilmiş həmin əlyazmada qeyd edilənlər cavabdeh tərəfindən mübahisə edilmədiyindən və cavabdehin izahatında qeyd etdikləri ilə uyğunluq təşkil etdiyi üçün məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qəbul edilir.
21. Beləliklə işdə olan sübutlarla iddiaçı tərəfindən cavabdehə hissə-hissə cəmi 1.700 manat məbləğində pul verilməsi öz təsdiqini tapır. İddiaçı daha artıq məbləğdə pul verməsini təsdiq edən sübut təqdim edə bilməmişdir.
22. Cavabdeh ona verilmiş 1.300 manat pula ehtiyat hissələri alaraq avtomobili təmir etdiyini, lakin iddiaçı tərəfindən ona vəd edilmiş 1.000 manat xidmət haqqının verilmədiyini bildirsə də bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, avtomobilin sürətlər qutusunda yaranmış problemin aradan qaldırılması üçün cavabdehə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 400 manat pul verilməsi işdə olan “Razılıq haqqında” başlıqlı əlyazma ilə öz təsdiqini tapır.
23. Apellyasiya şikayətində iddiaçının təqdim etdiyi şahidlərin dindirilməsinə Rayon Məhkəməsi tərəfindən şərait yaradılmadığı bildirilsə də, iş materiallarında şahidlərin dindirilməsi barədə yazılı vəsatət verildiyi, şahidlərin soyadı, adı, atasının adı və yaşadığı yerin göstərilməsi müəyyən edilmir.
24. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddianın tam sübuta yetirilməməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə səhvdir. İddianın müzakirə edilən hissəsində iddia qismən, yəni 1.700 manatın (cavabdehin Rayon Məhkəməsində iddiaçıdan almasını etiraf etdiyi məbləğ (bax: hazırki qətnamənin üçüncü bəndinə)) cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Rayon Məhkəməsi işdə olan sübutlara ümumiyyətlə hüquqi qiymət verməmiş, işin hallarını səhv müəyyən etmişdir. Müzakirə edilən hissədə apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
25. Məhkəmə, iddianın “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
28. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
29. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.
30. Ona görə də müzakirə edilən hissədə iddianı rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bu hissədə dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
31. Beləliklə qeyd edilənləri, nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni iddianın tam rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 1.700 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə qətnamə işin hallarına uyğun olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
32. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən ödənilmiş tələbin məbləğinə mütənasib iş üzrə tərəflərə aid edilməli, bu məqsədlə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan cəmi dövlət rüsumunun (38,90 + 77,80 = 116,70) bir qismi (30 %-i) – 35 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Çünki MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. Hazırki iş üzrə iddia qiyməti ümumilikdə beş min manatdan çox olsa belə, tərəflərin ayrı-ayrılıqda mübahisələndirə biləcəkləri hissələrdə tələb beş min manatdan azdır. Odur ki, qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Əbülfəz oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2023-cü il tarixli qətnamə qismən, yəni iddianın tam rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Əbülfəz oğlunun Cavabdeh qarşı “pul tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh 1.700 (bir min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı Əbülfəz oğluna ödənilsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 oktyabr 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti və iddia ərizəsi qismən təmin edildiyindən onların verilməsi üçün ödənilmiş dövlət rüsumlarının bir qismi iddiaçının özünə aid edilsin və bu məqsəd ilə 35 (otuz beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Əbülfəz oğluna ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.