Məhkəmə qərarları › İş №2(103)-1741/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1741/2021

20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1741/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçı "İddiaçı" İstehsalat Bı̇ rlı̇ yinin cȧvabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(003)-285/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 3745.20 manat məbləğində pulun, 255.60 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4030.8 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz edir. Həmin evə İddiaçı İB-nin Bakı X3 Departamenti tərəfindən **********00380 nömrəli abonent kodu verilmiş, istixanada G-4 markalı, 1802AZ**********92 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 07.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat; 08.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 184,30 manat; 09.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 217,70 manat; 09.01.2017-ci il tarixli, ******* saylı akt əsasında 250,40 manat; 07.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 275 manat; 09.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 242.40 manat; 06.04.2017-ci il tarixli, ******* saylı akt əsasında 727,20 manat; 15.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142.20 manat; 31.01,2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142.20 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinə görə 255,60 manat debitor borcu yaranmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 766,40 manat borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu 4000,8 (725,70+255,60+3019,5=4000,8) manat olmuşdur. Tərəflər arasında imzalanmış 23.05.2017-cı il tarixli, 10/11019 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.201 İ-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, təbii qazdan istifadəyə görə yaranmış 3745.20 manat məbləğində pulun, 255.60 manat debitor borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4030.8 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(003)-285/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi aktları, ekspert rəyini sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, materiallarla mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Cavabdehin 10 ildir 100 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Bununla yanaşı, istehlakçının sayğacdan kənar istifadədən başqa sayğac üzrə faktiki istifadə edib dəyərini ödəmədiyi borcunu da məhkəmə silmişdir. Eyni zamanda, məhkəmə cavabdehin 100 manat ödənişi nəzərə alınmaqla 562,90 manat sayğac üzrə yaranan sərfiyyatını da silmişdir. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı, istehlakçılar arasında intizamsılıq yaradar. Belə ki, bir qrup şəxs istifadə etdiyi qaza görə pul ödədiyi halda, bu kimi şəxslər pul ödəmədən qazdan qeyri-qanuni istifadə etmiş, sonda isə məhkəmə onun borcunu silmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı X3 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» 06.07.2017-ci il tarixdə 03/20150 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00380 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan 07.10.2016, 08.11.2016, 09.12.2016, 09.01.2017, 07.02.2017, 09.03.2017, 06.04.2017, 15.11.2018, 28.12.2018, 31.01.2019, 28.02.2019, 29.03.2019, 30.04.2019, 30.05.2019, 28.06.2019-cu il tarixli təbii X2nın pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktların surətlərindən görünür ki, 07.10.2016-cı il tarixli ******* saylı əsas akt üzrə 1728 kub metr, 08.11.2016-cı il tarixli ******* saylı əsas akt üzrə 1843 kub metr, 09.12.2016-cı il tarixli ******* saylı əsas akt üzrə 2177 kub metr, 09.01.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1252 kub metr, 07.02.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1375 kub metr, 09.03.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1212 kub metr, 06.04.2017-ci il tarixli ******* saylı əsas akt üzrə 3636 kub metr, 15.11.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1332 kub metr, 28.12.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 31.01.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 28.02.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 29.03.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 30.04.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 30.05.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr, 28.06.2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr ziyan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyun 2020-ci il tarixli 10/74 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarının qarşısından torpaqdan 2 metr hündürlükdən keçən “İddiaçı! İB-yə məxsus 108 mm-lik ümumi paylayıcı qaz xəttinin üzərində 2 sm uzunluğunda sonluğu tıxacla bağlanmış halda olan 1 ədəd 15 mm-lik polad qaz borusu vardır. Həmin qaz borusuna əlavə qoşulma mümkün ola bilərdi. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin araşıdırılmış hallarından müəyyən olunur ki, İddiaçı QSC-nin əməkdaşları tərəfindən cavabdehin fərdi yaşayış evinə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halının aşkar olunması əsası ilə aktlar tərtib olunmuş və müvafiq olaraq 07.10.2016-cı il tarixli ******* saylı akt əsasında 172,80 manat, 08.11.2016-cı il tarixli ******* saylı akt əsasında 184,30 manat, 09.12.2016cı il tarixli ******* saylı akt əsasında 217,70 manat, 09.01.2017-ci il tarixli ******* saylı akt əsasında 250,40 manat, 07.02.2017-ci il tarixli ******* saylı akt əsasında 275 manat, 09.03.2017-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat, 15.11.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 28.02.2019-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, 30.05.2019-cu il tarixli, 02175216 saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat ziyan hesablanmışdır. Bundan başqa, cavabdehin sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinə görə 255,60 manat, əvvəlki illərdə qazdan istifadəyə görə isə 766,40 manat borc hesablanmışdır. Qeyd edilən borc məbləğinin hesablanmasını təsdiq edən yazılı sübut kimi iddiaçı məhkəməyə tərtib edilmiş aktları, qanunsuz qoşulma halının əks olunduğu fotogörüntüləri, həmçinin abonent saldosundan çıxarışları təqdim etmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bu maddənin imperativ tələbinə görə, akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin (cavabdehin) iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş kağız üzərinə çap olunmuş fotogörüntülər kefiyyətsiz olduğundan, habelə həmin görüntülərdə əks olunan boru xətlərinin cavabdehə məxsus evə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, bundan başqa, ümumiyyətlə həmin görüntülərdə qanunsuz qoşulma halının nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığından, həmin fotogörüntüləri məhkəmə iddianı təsdiq edən mötəbər sübut kimi qiymətləndirmir. Həmçinin, iddiaçı tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh qaz xəttinə qanunsuz qoşulması ilə bağlı aktların fasilələrlə əhatə etdiyi 2016-cı ilin oktyabr ayından 2019-cu ilin iyun ayına qədər olan müddət ərzində sonuncu tərəfindən sayğac üzrə qazdan istifadəyə görə ümumilikdə 255,60 manat (2017-ci ilin may-dekabr ayları ərzində qazdan istifadəyə görə 97,20 manat, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 158,40 manat) borc hesablanmışdır. Bundan başqa, abonent saldosundan o da müəyyən olunur ki, iddiaçı tərəfindən 2010-2012-ci illər ərzində qazdan istifadəyə görə ümumilikdə 731,70 manat borc hesablanmışdır. İddiaçı ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 2016-cı ilin oktyabr ayında aşkar etdiyini iddia etsə də, həmin tarixdən başlayaraq 6 ay ərzində, həmçinin 2018-ci ilin noyabr ayından başlayaraq 8 ay ərzində qazın verilməsini dayandırmaması, qanunsuz xətti qazpaylayıcı şəbəkədən ayırmaması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə cavabdehin iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Belə ki, ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını 07.10.2016-cı il tarixdə aşkar etdiyini iddia edən iddiaçının, şəbəkəyə qanunsuz qoşulma olduğu halda 14 aydan artıq müddət ərzində hərəkətsizlik edərək qazın verilməsini dayandırmayıb şəbəkəyə qanunsuz qoşulma üçün şərait yaratması, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal cavabdehdən tələb etməməsi, hər ayda bir dəfə akt tərtib etməklə kifayətlənərək qanunun imperativ normasını icra etməməsi ağlabatan deyil. Bundan başqa, kollegiya qeyd edir ki, cavabdehin qanunsuz qaz xəttinə qoşulması ilə bağlı aktların tərtib edildiyi müddət ərzində qazdan ümumiyyətlə istifadə etməsi iş materialları ilə müəyyən edilmir, aktların tərtib edilmədiyi 2017-ci ilin may ayından 2018-ci ilin sentyabr ayına qədər olan 16 aylıq müddət ərzində isə cavabdehin qazdan istifadəyə görə cəmi 255,60 manat borcunun yarandığı müəyyən edilir. Qaz sərfiyyatının qanuna uyğun şəkildə qeydiyyatının aparıldığı 16 ay ərzində cavabdehin ümumi sərfiyyatı cəmi 255,60 manat təşkil etdiyi halda, tərtib edilmiş aktlar əsasında 16 ay ərzində 3019,50 manat ziyan hesablanmasını məhkəmə ağlabatan və işin həqiqi hallarına uyğun hesab etmir. Cavabdehə əvvəllər qazdan istifadə etməsinə görə hesablanmış 766,40 manat borc tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, abonent saldosundan göründüyü kimi, həmin borcun 299,70 manat hissəsi 2011-ci ildə sayğac üzrə hesablanmış sərfiyyatın məbləği olsa da, 2015-ci ildə hesablanmış 399,60 manat və 32,40 manat borc məbləği aktlar üzrə hesablanmış məbləğlərdir. Həmin məbləğlərin hansı akt əsasında hesablanması, qeyd edilən aktların hansı əsasla tərtib edilməsi, qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Lakin 2011-ci il ərzində hesablanmış 299,70 manat borc məbləğinin qazdan sayğac üzrə istifadə edilməsi nəticəsində sayğacın göstəriciləri əsasında yarandığını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 2017-2018-ci illər ərzində qazdan istifadəyə görə sayğac üzrə hesablanmış 255,60 manat borc məbləğinin tutulması hissəsində iddianı təmin etməməklə də, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir və bu nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Belə ki, cavabdehin tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin şərtlərinə uyğun olaraq istifadə etdiyi qazın məbləğini ödəməklə bağlı iddiaçı qarşısında öhdəliyi əmələ gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə kollegiyası işin araşdırılan hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qaz sayğacı üzrə hesablanmış məbləğlərin (299,70 manat və 255,60 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməklə, iddianın təmin edilən hissəsinə mütənasib olaraq, tərəflərdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, 2(003)-285/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh 555,30 manat pul tutularaq İddiaçı QSC-nə ödənilsin. İş üzrə məhkəmə xərci olan 102 manat keçirilmiş ekspertizanın dəyərinin 70 manatı iddiaçıya, 30 manatı cavabdehə aid edilsin və onlardan tutulmaqla, dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin 8 manatı cavabdehdən tutulmaqla iddiaçıya verilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar