Məhkəmə qərarları › İş №2(103)-1742/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1742/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1742/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1633/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 7788 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8118 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli 16150 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X2 Departamenti tərəfindən **********00100 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********06 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq xx.xx.2018-ci il tarixli akt əsasında 66.60 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 97.20 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 66.60 manat ziyan vurduğu müəyyən edilmişdir. Cavabdehə Birliyin işçiləri tərəfindən 7788 manat məbləğin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. "İddiaçı" İB-nin məsul işçiləri tərəfindən qeyriqanuni qoşulma haqqında tərtib edilmiş aktla cavabdehin təqsirli hərəkəti ilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi, bunun nəticəsində Birliyə maddi ziyanın vurulması faktı öz təsdiqini tapsa da, cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, təbii qazdan istifadəyə görə yaranmış 7788 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8118 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1633/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən İddiaçı” İB apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzumnlu olmaqla, onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərəkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1633/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı X2 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 16150 saylı müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00100 sayla qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı təbii X1nın pozulması haqqında aktların surətindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktlardan görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 972 kub metr, xx.xx.2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr ziyan hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «X1»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf cavabdeh tərəfindən qaz xəttinə qanunsuz müdaxilə halının mövcudluğunun və müdaxilənin nədən ibarət olması, müdaxilənin həmin şəxs tərəfindən edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətləri izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1633/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1633/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar