Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1742/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz və cərimə borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz və cərimə borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış nağd pul layihəsi müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 4534 manat məbləğində əsas borcun, 1240,13 manat məbləğində faiz borcunun, 7,51 manat məbləğində cərimə borcunun, cəmi 5781,64 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nağd pul layihəsi müqaviləsi”nə əsasən bank borcluya 60 ay müddətinə, illik 26,87% olmaqla, 8015,12 manat məbləğində nağd pul layihəsi vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu nağd pul layihəsi və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Müqaviləyə əsasən pul öhdəliklərinin icrasını gecikdirildikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin olunaraq, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli Nağd pul layihəsi müqaviləsi ləğv olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 4534 manat məbləğində əsas borc, 1240,13 manat məbləğində faiz borcu, cəmi 5774,13 manat borcun və 78 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh2 (bundan sonra cavabdeh) birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aralarında ilkin olaraq 31 avqust 2015-ci il tarixli kredit müqaviləsinin bağlanması, lakin sonradan maddi vəziyyəti və devalivasiya səbəbindən öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməməsi, bu səbəbdən də qarşılıqlı razılıq əsasında yeni ödəniş cədvəlinin açılaraq, 31 may 2018-ci il tarixli müqavilənin imzalanması, yeni müqavilə üzrə 22 aprel 2021-ci il tarixədən ödənişlərini həyata keçirməsi, lakin sonradan aldadıldığını bilməsi, yəni bank tərəfindən 31 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməyən əsas və faiz borcunu kapitallaşdıraraq yeni müqaviləni bağlaması, dolayısı ilə faizdən faiz hesablaması, məhkəmənin isə yalnız iddiaçının göstərdiyi halları qəbul etməsi, ödənişlərinin nəzərə alınmaması, sübutların tam və hərtərəfli araşdırılmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq tərəflər arasında ilkin olaraq 31 avqust 2015-ci il tarixli kredit müqaviləsinin bağlandığını, lakin cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmadığını və bu səbəbdən, qarşılıqlı razılıq əsasında restrukturizasiya məqsədilə onunla yeni müqavilənin bağlanmasını, lakin cavabdeh tərəfindən yenə də ödəliklərin icra olunmadığını, borcun ödənilmədiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olması və formal xarakter daşımasını, həmçinin Cavabdeh2 tərəfindən banka qarşı 31 avqust 2015-ci il tarixli tərəflər arasında bağlanmış müqavilənin restruktruziya edilməsi barədə iddia tələbinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1520/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmadığı və həmin qətnamənin hazırda qüvvəyə mindiyini və s. bildirmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh2 əvvəlki məhkəmə iclasının təxirə salınması barədə yazılı vəsatəti təmin olunmuş, lakin cavabdeh hazırki məhkəmə iclasına da gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz Cavabdeh2 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara əsasən – iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 26,87% olmaqla 8015,12 manat məbləğində kredit vermiş, həmin pul vəsaiti cavabdehin hesabına köçürülmüşdür. Bununla yanaşı, həmin müqavilə ilə Cavabdeh1 Cavabdeh2 öhdəliklərinə görə bank qarşısında öz üzərinə zamin kimi məsuliyyət götürmüşdür. İş materiallarında olan Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Banka olan borcu - 4534 manat məbləğində əsas borc, 1240.13 manat məbləğində faiz borcu, 7.51 manat cərimə borcu təşkil edir. Bununla yanaşı, Bank tərəfindən cavabdehə müqavilənin ləğv edilməsinə dair xx.xx.2022-cü il tarixdə müvafiq bildiriş göndərilmiş, həmin bildirişi cavabdehlər tərəfindən xx.xx.2022-cü il tarixdə alınmış, lakin borc ödənilmədiyindən, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, bankla aralarında ilkin olaraq 31 avqust 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, lakin sonradan maddi vəziyyəti və devalivasiya səbəbindən öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməmiş, bu səbəbdən də qarşılıqlı razılıq əsasında 31 may 2018-ci il tarixli müqavilənin imzalanması, yeni müqavilə üzrə 22 aprel 2021-ci il tarixədən ödənişlərini həyata keçirməsi, lakin sonradan aldadıldığını bilməsi, yəni bank tərəfindən 31 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməyən əsas və faiz borcunu kapitallaşdıraraq yeni müqaviləni bağlanmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilən dəlillə bağlı bildirir ki, işin müəyyən olunmuş hallarına əsasən – 31 avqust 2015-ci il tarixdə tərəflər arasında bağlanmış kredit sazişinə əsasən, cavabdehə illik 29,87 faiz dərəcəsi ilə 60 ay müdddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti verilmişdir. Daha sonra öhdəlik lazımi səviyyədə icra olunmadığından yeni müqavilə – borc restruktruzasiya olunaraq tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmış və 8015.12 manat məbləğinin illik 26.87 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsi barədə öhdəlik yaranmışdır. Lakin, sonuncu müqavilə üzrə cavabdeh öhdəliyini tam icra etmədiyindən bank müqavilənin ləğv olunması və borcun qaytarılması barədə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7958 №-li ekspert rəyinə əsasən – Cavabdeh2 31 avqust 2015-ci il tarixli kredit sazişinə əsasən, 31 may 2018-ci il tarixinə 7670,82 manat əsas borcu, 987,15 manat faiz borcu mövcud olmuşdur (Qeyd edilən rəyə əsasən xx.xx.2022-ci il tarixə Cavabdeh2 əsas borcu 5459,55 manat, faiz borcu isə 1491,43 manat təşkil edir, cərimə borcu hesablanmamışdır). Göründüyü kimi, 31 may 2018-ci il tarixli müqavilə bağlanan zamanı iddiaçının iddia etdiyi hər hansı uyğunsuzluq (borcun düzgün müəyyən olunmaması və s.) mövcud olmamışdır. Cavabdeh 31 may 2018-ci il tarixli müqavilə bağlanan zamanı nəyə görə aldadılmasını və s. bu kimi halları əsaslandıra bilməmişdir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə borcun düzgün hesablanmamasını, ödənişlərin nəzərə alınmamasını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını da göstərmiş, lakin bu istiqamətdə də dəlillərini əsaslandırmamış, formal mülahizələrdən çıxış etmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və s.) görünür ki, kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Həmçinin, işdə olan hesabdan çıxarışdan da görünür ki, cavabdeh tərəfindən ödənilmiş əsas və faiz borcları nəzərə alınmaqla, qalıq borc müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmış, lakin işdə olan sübutlarda (hesabdan çıxarış və s.) göstərilənlərdən daha artıq ödənişlərinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin 2(005)-1520/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “kredit müqaviləsinin restruktruzasiya edilməsi” tələbi təmin olunmamış, qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh hazırda irəli sürdüyü analoji etirazları da həmin vaxtı iddia tələbində göstərmiş, qeyd edilən qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 ilə cavabdeh İddiaçı ASC ilə 31 avqust 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən, iddiaçıya illik 29,87 faiz dərəcəsi ilə 60 ay müdddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin saziş üzrə öhdəliklər iddiaçı tərəfindən vaxtında və lazımi şəkildə icra edilməmişdir. Qalıq borc restrukturizasiya edilərək, tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmış və 8015.12 manat məbləğinin illik 26.87 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsi barədə öhdəlik yaranmışdır. İddiaçı 2021-ci ilə qədər öhdəliklərini icra etsə də, daha sonra bank tərəfindən aldanıldığını, faiz məbləğinə faiz hesablandığını düşünərək ödənişləri etməyi dayandırmışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əaslanıa və sübut edə bilməmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarı üzrə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, cavabdeh hüquqlarından sui-istifadə etməklə, formal dəlillərdən çıxış etməklə apellyasiya şifayəti vermişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, işin hallarına əsasən cavabdeh müqavilə şərtlərini pozmuş, ödənişləri müəyyən olunmuş qaydada həyata keçirməmişdir. Belə olan halda isə iddiaçı kredit borcunu vaxtından əvvəl tələb etməkdə də haqlı olmuşdur. Cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eləcə də, cavabdehin izahatı (bildirdikləri) özü-özlüyündə yetərli və mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “nağd pul layihəsi müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz və cərimə borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-378/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1742/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1742/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver