Məhkəmə qərarları › İş №2(103)-1743/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1743/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1743/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6399/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1794,65 AZN əsas borc, 6,19 AZN faiz borcu və 0,49 AZN cərimə borcu olmaqla, ümumilikdə 1801,33 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1944,02 AZN məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10.09.2021 ilədək Cavabdeh banka 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1794,65 AZN əsas borc, 6,19 AZN faiz borcu və 0,49 AZN cərimə borcu olmaqla, ümumilikdə 1801,33 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 01.10.2021-ci il tarixində Cavabdeh İddiaçı ASC-nin iddia ərizəsinə etiraz verərək, iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2(006)-6399/2021 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, İddiaçı ASC-nin Cavabdeh qarşı "borcun tutulması" tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6399/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1794,65 AZN (min yeddi yüz doxsan dörd manat, altmış beş qəpik) əsas, 6,19 AZN (altı manat, on doqquz qəpik) faiz, 0,49 AZN (qırx doqquz qəpik) cərimə, ümumilikdə 1801,33 AZN (min səkkiz yüz bir manat, otuz üç qəpik) məbləğində borc və 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 06.09.2021-ci il tarixdə ünvanlanan xəbərdarlıq məktubu (pretenziya qaydasına əməl olunması) cavabdeh tərəfindən rəsmi götürülməyib, bankın əməkdaşları ilə telefon vasitəsi ilə əlaqə saxlayıblar, məhkəməyə iddia qaldırılması barədə məlumat verməyiblər, bildiriblər ki, 1-2 aylıq gecikmə var, cavabdeh isə öz növbəsində həmin gün gecikmədə olan ödənişi icra etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 28.02.2019-cu il tarixli, 551 saylı Fərman verilmiş və həmin Fərmanın məğzi bu cür öhdəliklərin icrasını həll etməkdən ibarətdir. Əgər borclu tərəfindən müqavilənin şərti əhəmiyyətli dərəcədə pozulmamışdırsa, öhdəlik vaxtlı-vaxtında icra edilirsə və kredit müqaviləsində məhkəməyə müraciət etmək qaydasını göstərilməmişdirsə, hesab edir ki, iddiaçı öz tələbində haqlı deyil. Həmçinin, iddia ərizəsinin verilməsi ərəfəsində ödəniş vaxtlı-vaxtında icra edilmişdir. Bank iddia ərizəsi ilə 17.09.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Faktiki olaraq müqavilə şərtlərini pozub, belə ki, sonuncu ödəniş tarixi 07.09.2021-ci il tarixində icra edilib, faktiki olaraq ödənişlər üzrə gecikmə olmadığı halda bank iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışında ziddiyətlər mövcuddur: borc məbləği 1944 AZN göstərilir. Ödənilən məbləğ əsas borcdan 1005 AZN, faiz borcundan 290 AZN göstərilib, lakin ümumi borc 1801 AZN təşkil edir. Sadə riyazi hesabla ilə belə müəyyən etmək olar ki, rəqəmlər düzgün qeyd edilməyib. Rəqəmlər bankın təqdim etdiyi maliyyə arayışından götürülüb. Hesab edir ki, bu uyğunsuzluğun aradan qaldırılması üçün mühasibatlıq ekspertizası təyin edilməlidir, ekspert qalıq borcu müəyyən etməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi bildirdi ki, cavabdehin əvvəlki müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanın təsir dairəsinə düşmüşdür və müqavilə restruktizasiya olunduqdan sonra onunla hazırda mübahisələndirilən müqavilə bağlanmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 27-Y-1-0-364-15 nömrəli, 30.12.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank tərəfindən borcalana 5 (beş) il müddətinə illik 1 % ödəmək şərtilə 1944,02 AZN məbləğində kredit verilmişdir. 10.09.2021-ci il tarixədək Cavabdeh Banka 1794.65 manat əsas, 6,19 AZN faiz, 0,49 AZN cərimə, cəmi 1801,33 manat məbləğində borcu vardır. 06.09.2021-ci il tarixdə kreditor tərəfindən borcluya xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına və Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1 və 739-cu maddələrinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışına və hesabdan çıxarışa əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin ödəməli olduğu cəmi borc məbləğini müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6399/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar