Məhkəmə qərarları › İş №2(103)-1743/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1743/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1743/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4842/2024 nömrəli, xx.xx.2024cu il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair iddia ərizə ilə məhkəməyə mürаciət еdərək, İddiaçı Cavabdeh 12.750 ABŞ dollar məbləğinin ödənilməsi faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4842/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4842/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisələri eyni subyektlər arasında olmasına baxmayaraq, tamamilə fərqli predmet və əsasa malikdirlər. Belə olduğu təqdirdə, məhkəmə tərəfindən yanlış olaraq işə xitam verilməsi prosessual hüquqlardan əlavə olaraq, təməl prinsiplər olan subyektin hüquqlarının məhkəmə müdafiəsi hüququ və məhkəməyə müraciət etmək hüququnu əsassız olaraq məhdudlaşdırır. Bu səbəblə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən e-2(008)-4842/2024 saylı mülki işə xitam verilə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4842/2024 nömrəli, xx.xx.2024cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 4842/2024 nömrəli, xx.xx.2024-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4313/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı 39000 manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7456/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xx.xx.2024-cü il tarixli 3-13-6/2-9911/2024 nömrəli sorğuya cavab məktubunda, Zirəddin Rüstəmovun BMCMİ-nə daxil olan müraciəti üzrə Baş İdarədə aparılan araşdırma zamanı Zirəddin Rüstəmov izahatında göstərmişdir ki, işlədiyi "xxxx" MMC tərəfindən müqavilə əsasında texnika alınması üçün Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin hesabına 12.500 ABŞ dolları pul köçürülmüş, lakin müqaviləyə xitam verildiyindən həmin vəsait nağd qaydada geri alınmışdır. Pul vəsaitinin MMC-nin hesabına geri köçürülməsi üçün tanışı İddiaçı vasitəsi ilə Cavabdeh köməklik etməsi üçün komissiya pulu ilə birlikdə 12.750 ABŞ dolları pul vermiş, sonrakı müddətdə həmin pulun şirkətin hesabına keçirilmədiyini görüb sonuncudan tələb etsə də, Cavabdeh İddiaçı borc müqaviləsi üzrə ona 41.000 manat pul ödəməli olduğunu bildirərək həmin məbləği də borcdan silməsini bildirmişdir. Cavabdeh izahatında Zirəddin Rüstəmovun göstərdiklərini təkzib edərək, İddiaçı tərəfindən 12.750 ABŞ dolları pulun borcundan silinməsi üçün ona verildiyini bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq pulun ödənilməsi faktının tanınmasının müəyyən edilməsi barədə iddia icraatı qaydasında tələbləblə məhkəməyə müraciət edilməsi, yəni belə bir faktın müəyyən edilməsinə qanunvericiliyin yol verməməsi qənaətinə gəlmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1262/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından da göründüyü kimi qərar qanuni qüvvəsini alaraq, icra mərhələsindədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi faktının tanınması” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam vermişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4842/2024 nömrəli, xx.xx.2024-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4842/2024 nömrəli, xx.xx.2024cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar