Məhkəmə qərarları › İş №2(103)-1744/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1744/2024

31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1744/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-386/2019 saylı qətnaməsi ilə onun saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-386/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 33 (otuz üç) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayəti üçün 23,8 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda-iddianın qiyməti bir il ərzində ödəmənin mücmusu ilə müəyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50% şikayətlərindən, bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbində tələb edilən alimentin cəmi məcmusu 2760 manat təşkil edir (300-70=230 manat, 230x12=270 manat). Bu halda “X4” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu 47,6 manat təşkil edir ki, həmin məbləğin 50 faizi 23,8 manat təşkil edir. Həmçinin iş materiallarına əlavə edilmiş digər ********** nömrəli qəbzdən görünür ki, cavabdeh tərərfindən 18 manat dövlət rüsumu Bakı Apellyasiya Məhkəməsinə ödənilməli olduğu halda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ödənilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, hüquqdan sui-istifadə hallarına yol verilmədən, ağlabatan müddətdə yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar